AXCP sədri Hakimiyyəti sabah keçrilicək mitinqə mane olmaqda günahlandırdı!

Hökumət Milli Şuranın sabahkı mitinqinə mane olmaqdan ötrü min oyundan çıxır. Rayon nömrəli maşınların paytaxta girişini qadağan etmək yaradılan maneələrin yalnız biridir. Sabah mitinqdə ətraflı danışacağıq. Hələlik isə onu deyim ki, korrupsionerlərin hakimiyyəti xalqın oyanışından təlaş keçirdir. Bütün qanunsuz və anti – insani vasitələrlə mitinqin kütləviliyinin qarşısını almaq istəyirlər ki, sonra da boynumuza qoysunlar ki, “bu xalq heç nə edə bilməz”, “mübarizə aparmağın faydası yoxdur”, “bunlara güc çatmaz”. Sonra da rahatlanıb, sevinsinlər ki, heç bir islahata, xalqa güzəştə ehtiyac qalmadı. Arxayınlıqla soyub talamaqda, hüquqsuz insanlara zülm etməkdə davam etsinlər. Onların marağı, nə istədikləri məlumdur. Bəs biz, əziz xalqım? Bizim haqqımız varmı ki, cüzi maneələrlə rastlaşan kimi vəziyyətlə barışaq? Hüquqsuzluqla barışa – barışa, aza qane ola – ola, “nə olur olsun, başımız salamat olsun” deyə -deyə bu günlərə gəlib çatmadıqmı?

Sabah Milli Şuranın mitinqinə kütləvi şəkildə qatılmaqla sübut edək ki, xalq olaraq artıq həyatımızı dəyişməkdə qərarlıyıq. Soruşursunuz ki, kimə sübut edək? Cavab verirəm, ilk növbədə özümüzə, sonra hakimiyyəti zəbt etmiş dəstəyə, daha sonra da bütün dünyaya! Hər kəs bilməlidir ki, xalqımız artıq hüquqsuz vəziyyətilə, hər addımda rastlaşdığı ədalətsizliklə, sosial fəlakətlə barışmaq fikrində deyil! Sübut edək ki, hakimiyyətin iddia etdiyi kimi bizim “barıtımız” bir atımlıq deyil, biz 11 sentyabrda başlatdığımız prosesi ölkədə köklü dəyişikliklərə nail olana qədər davam etdirməkdə qərarlıyıq! Hər birinizi sabahkı mitinqə qatılmağa, hətta təşkilatçılar kimi başqalarını da mitinqə dəvət etməyə çağırıram!

İstəmirsiniz ki, illər uzunu bizim haqqımızı yeyənləri, sərvətimizi talan edib, özümüzü saymayanları, özlərini əbədi ağa, milləti qul görənləri məyus edəsiniz? Bilirəm ki, istəyirsiniz. Sabah bizim bu imkanımız olacaq. Sizi əmin edirəm, yaratdıqları bütün maneələrə rəğmən sabah meydanda izdiham görsələr, əvvəlcə şoka düşəcəklər, sonra da anlayacaqlar ki, bəli, bu xalqla hesablaşmaqdan başqa onlara çarə qalmayıb! Haydı, uca millətim! Sabah meydan bizi gözləyir!