​AXCP fəalı Məmməd İbrahimə 3 il həbs cəzası verildi

Çərşənbə axşamı AXCP sədrinin müşaviri Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum olunub, vəkil bildirir.
Məmməd İbrahimin vəkili Yalçın İmanov məhkəmənin qərarını "qanunsuz, heç bir hüquqi normaya sığmayan və sifarişli qərar" adlandırıb.
Onun sözlərinə görə məhkəmə Məmməd İbrahim barədə yalnız "bəraət hökmü" çıxarmalı idi.
"Hökmdə məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş və şahidlərin ifadələri təhrif olunmuş şəkilə əksini tapıb. Bizim təqdim etdiyimiz sübutların heç birinə istinad olunmayıb", cənab İmanov BBC Azərbaycancaya deyib.
Məmməd İbrahim sentyabrın sonunda AXCP liderinin istefasını tələb edən partiyadaxili qrup üzvünün şikayətindən sonra şübhəli şəxs qismində saxlanılıb.
Mikayıl Quliyev adlı şəxs sentyabrın 29-da Məmməd İbrahim tərəfindən hücuma məruz qaldığını bildirib.
Noyabrın əvvəlində isə AXCP sədrinin müşavirinə qarşı ittiham ağırlaşdırılıb.
Əvvəlcə "xuliqanlıqda" ittiham olunan cənab İbrahim sonradan "vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda" təqsirləndirilib.
Dövlət ittihamçısı AXCP sədr müşavirinin 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Məmməd İbrahim ona qarşı irəli sürülən ittihamları qəbul etmir və ictimai-siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir (BBC).