“AXC-nin 1991-ci il avqustun 23-dəki mitinqini Polyaniçko dağıtdırmışdı...”- Qaranlıq səhifələr

 
 
“AXC-nin “Alimlər Klubun”ndan çıxmış və digər əksər liderləri Moskvanın Bakıdakı canişini Vuktor Polyaniçkoya bağlı idilər...”
 
26 il öncə bu günlər keçmiş sovet məkanında o dövr üçün gözlənilməz olaylar baş verirdi. 1991-ci ilavqustun 19-da SSRİ-nin vitse-prezidenti Qennadi Yanayevin rəhbərliyi altında yaddaşlarda “QKÇP” kimi qalmış Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradılmışdı. Və bununla da SSRİ-nin o vaxt Krımın Foros sanatoriyasında istirahətdə olan ilk qanuni hesab edilən prezidenti M.Qorbaçov guya xəstə olması adıyla faktiki hakimiyyətdən kənarlaşdırılmışdı. İnsanlar çaş-baş qalmışdılar…
 
Planetin altıda birini əhatə edən bir ərazidə yaşayan xalqların taleyində həlledici rol oynamış “QKÇP” olaylarına bu gündən baxış, həmin hadisələrin Azərbaycandakı əks-sədası və s. barədə tanınmış siyasi analitik və publisist Tahir Cəfərli ilə söhbətləşdik...
 
(Müsahibənin 1-ci hissəsini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/188965.html)
 
 
 
- Tahir müəllim, bəs əgər siz dediyiniz kimi, Ayaz Mütəllibov Azərbaycann müstəqilliyi uğrunda hərəkata rəhbərlik edirdisə, o halda nədən onun hakimiyyətdə olduğu bir vaxtda- 1991-ci il avqustun 23-də AXC lideri Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı və başqaları AXC-ninYasamal rayonundakı qərargahı qarşısında azadlıq, müstəqillik şüarlarıyla “OKÇP” əleyhinə çıxışlar edərkən milislər tərəfindən döyülürdü? Cəbhəçi liderlərin başı sarıqlı fotolarını görən kütlələr bu gündə onları qəhrəman kimi anır...
 
-“OKÇP” məsələsindən Ayaz müəllimə qarşı istifadə etmək istəyən qüvvələr həmin gün “Sovetski”dəki qərargahın qarşısına 200-300 adamla çıxmışdı. Mitinqin haradan idarə olunduğu da aydın idi. Çünki bu, öncədən qurulmuş bir oyun idi. Kim tərəfindən? Əlbəttə ki, 1989-cu ildə Bakıda “Alimlər klubu”nu yaratmaqla AXC-nin bünövrəsini qoyan çoxbaşlı oyunlar müəllifi, Azərbaycan KPMK-nın ikinci katibi Viktor Polyaniçko tərəfindən. Söhbətimizin əvvəlində dediyimiz kimi, “OKPÇ”-nin guya müdafiə olunması haqda  həmin xaricdə olan Ayaz Mütəllibovun adından səslənən bəyanatı da V.Polyaniçko yazdırıb imzalamışdı. Sonra da  “OKÇP” süqut etsə də, AXC-nin həmin qurumun əleyhinə və Azərbaycanın suverenliyi haqqında şüarlar səsləndirilən  mitinqi milis tərəfindən dağıdılmış, cəbhəçi liderlərin bir neçəsi döyülmüş, başları yarılmışdı. Bunun da əmrini Polyaniçko vermişdi. Məqsəd isə ölkə rəhbəri Ayaz Mütəllibovu gözdən salmaq və əksinə, gələcəkdə hakimiyyətə gətiriləcək AXC-nin nüfuzunu qaldırmaq idi...
 
 
 
Ümumiyyətlə, AXC-ni xəlvəti şəkildə Moskvanın Azərbaycandakı satrapları idarə edirdilər. V.Polyaniçko təkcə partokratları deyil, həm də AXC-ni nəzarətdə saxlayırdı. Demək olar ki, bütün cəbhəçi liderlər Polyaniçkoya bağlı idi. 1990-ci il Yanvar faciəsi ilə bağlı tutdurulan cəbhəçiləri də buraxdıran  o idi. Düzdü, Polyaniçko bunu Ayaz Mütəllibovun təkidi ilə etmişdi. Amma onların azadlığa buraxılması da onun icra etdiyi planlara uyğun idi. “Alimlər” klubu” və ondan törəyən Xalq Cəbhəsi Azərbaycanı müstəqilliyə aparan Ayaz Mütəllibova və onun komandasına qarşı fəaliyyət göstərirdi. Sonralar onların Talış -Muğan respublikasının yaranmasında da böyük rolları olub. Məqsəd bir idi- Azərbaycanı parçalamaq. Faktiki olaraq bu təşkilatlar Azərbaycanı faciəyə aparırdılar. Onların da arxasında başda Polyaniçko olmaqla Moskvaya bağlı partokratlar dururdu...
 
 
 
Yadımdadır ki, Kommunsit Partiyası buraxılandan sonra rəhmətlik dövlət katibi Tofiq İsmayılov işlə əlaqədar  məni yanına çağırmışdı. Mən ondan Mütəllibovun partiyanı hansı səbəbdən  buraxdığını soruşdum. Tofiq müəllimin  cavabı birmənalı oldu: Moskvanın nəzarətindən çıxmaq və oranın nökəri olan partokratlardan üzaqlaşmaq üçün.Tofiq müəllim onu da dedi ki, Azərbaycan KP MK-nın 2-ci katibi Polyaniçko Prezidenti tərpənməyə qoymurdu. Ancaq  bundan sonra belə olmayacaq...
 
 
 
Beləliklə, respublika rəhbərliyi üçün  məsələ aydın idi. Azərbaycanda stabilliyi pozmaq, Dağlıq Qarabağ və ətraf rayonlarda erməni silahlı terrorçu birləşmələrinə qarşı mübarizəyə mane olmaq istəyən qüvvələri yerində oturtmaq lazım idi. 1988-ci ildən bəri Azərbaycan xalqının başına gətirilən bütün oyun və faciələrin  başında Kremlin, Qorbaçovun Polyaniçkolar vasitəsilə yaratdığı Xalq Cəbhəsinin saxta qəhrəmanlarının durduğuna şübhə yox idi. Və əminliklə demək olar ki,   əgər o dövrdə 20 Noyabrda vertolyotun vurulmasıyla Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov kimi milli qeyrətli və nüfuzlu şəxslər aradan götürülməsəydi, həmin saxta liderilərin hamısı həbsxanada olacaqdı. Və nə AXC hakimiyyətə gələ biləcək, nə də Qarabağ bu dərəcədə işğal olunacaqdı...
 
 
 
Biz  hadisələrə düzgün qiymət verməli, kimin kim olduğunu xalqa göstərməliyik. Xainləri qəhrəmanlaşdırmamalıyıq, amerikanlar kimi, dediklərinə, nitqlərinə yox, əməllərinə qiymət verməliyik. Bu nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, AXC liderlərinin çoxu millətimizə, birliyimizə, dövlətçiliyimizə xəyanət ediblər...
 
 
 
-Bəs nədən Ayaz Mütəllibov 1991-ci ilin sentyabrındakı prezident seçkilərinə totalitar, avtoritar ölkələrdə olduğu kimi alternativsiz getdi? O zaman belə bir rəy yaradılmışdı ki, guya Azərbaycan rəhbərliyi qəsdən AXC-nin seçkilərdə iştirakına imkan verməmişdi...
 
-Bu, ağ yalandır. AXC liderləri özləri xalqı  prezident seçkilərini baykot etməyə çağırırdı. AXC-nin əsas yaradıcılarından olan Zərdüşt Əlizadə Mütəllibova alternativ olaraq namizədliyini irəli sürmüşdü. İqtidar bu, eləcə də digər alternativlərin də  olmasında maraqlı idi. Çünki alternativlik olmayan yerdə demokratiyadan danışmaq olmazdı. Ölkə rəhbəri A.Mütəllibova qarşı gedən qüvvələr elə  oyun qurdular ki, Zərduşt Əlizadə namizədliyini geri götürdü. Ayaz Mütəllibovun prezident seçkilərində alternativsiz qalmasının da səbəbkarı V.Polyaniçko oldu. O, həmin vaxt artıq ikinci katib olmasa da, faktiki olaraq müşavir vəzifəsini daşıyırdı.. Məqsəd Azərbaycanda ilk  prezident seçkilərinə kölgə salmaq idi. Bunu da etdilər. Əlbəttə ki, bu işdə AXC liderləri ermənilərlə əlbir idi. Ermənilər prezident Ayaz Mütəllobova Azərbaycanın bütün erməni yaşayan kəndlərini quldurlardan boşaltmasını bağışlaya bilmirdi. O dövrdə Azərbaycanın prezidenti kimi Mütəllibov ermənilərin bir nomrəli düşməni elan edilmişdi. Nə üçün bu düşmənən elan edilənlərin arasında AXC liderləri yox idi, çünki onlar B.Yelsinin erməni jomandası vasiyəsi ilə Azərbaycanda stabilliyi pozmaq və Azərbaycan dövlətçiliyini sual altında qoymaq məqsədi güdürdülər.
 
 
 
Digər maraqlı  bir fakt. Ayaz Mütəllibov 19 may 1990-ci ildə Ali Sovet tərəfindən 5 il müddətinə prezident seçilmişdi. Çaykənd, Kamo və s. kəndlərimiz erməni terrorçularından azad olunandan sonra Prezidentin xalqın gözü qarşısında reytinqi birə-beş artmışdı. Bundan əlavə, onun komandasında olan şəxsiyyətlər də xalqın sevimlisi idilər. Odur ki, Mütəllibov yenidən Prezident seçkilərinə getməyə də billərdi.  Lakin o, yenidən seçkilərə getməklə dünyaya göstərdi ki, Azərbaycanda demokratik şərait mövcuddur və seçkilərdə hər kəs iştirak edə bilər. Cəbhəçi Zərdüşt Əlizadənin seçki ərəfəsində sənədlərini geri götürməsi Azərbaycan Prezidentinə deyil, Azərbaycan dövlətçuiliyinə və demokratiyasına xəyanət idi. Bunu danmaq nakişilikdir...
 
Mütəllibovu cəbhəçilər Rusiyanın adamı kimi qələmə verirlər. Hər yerdə bu haqda danışaraq xalqı aldadırlar. Əslində isə həqiqət başqadır. Zaman ötdükcə aydınlaşır ki, Azərbaycanda 1992-ci ilin mart və may dövlət çevrilişlərini edən cəbhəçilər B.Yeltsinin ermənipərəst komandası tərəfindən idarə olunub və Azərbaycan Prezidentinin vəzifəsindən uzaqlaşdırılmasında, eləcə də Laçın və Şuşanın müqavimətsiz boşaldılıb ermənilərə verilməsində birbaşa cəbhənin liderləri iştirak ediblər. 18 aprel 1992-ci ildə Mahaçqalada AXC liderlərinin Rusiya prezidenti yanında Dövlət Şurasının katibi  Gennadi Burbulislə görüşü hakimiyyətə gəlmək üçün gediş idi və cəbhəçilər Yeltsinin ermənipərəst komandasının tapşırığını yerinə yetirib hakimiyyətə gəldilər. Bundan əlavə, Rəhim Qaziyevin 1992-ci il mayın 15-də Daşkəndə gedib Qraçovun əliylə Yeltsini Azərbaycan Prezidentinə düşmən etməsi haqda söylədikləri də buna dəlalətdir. Burbulisin memuarlarını oxuduqda isə adamın tükləri biz-biz olur. Vətən satqınları hakimiyyətə gəlmək üçün xalqın onlara olan inamından istifadə edib rusların əliylə Azərbaycan Prezidentini yıxıblar.
 
Artıq  köhnə rus siyasətçiləri özləri də təsdiqləyirlər ki, xalq cəbhələri Kremlin, Qorbaçovun layihəsi olub və cəbhə liderləri keçmiş “KQB” və daha sonra Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunublar. Buradan məntiqi sual ortaya çıxır: əgər A.Mütəllibov Rusiyanın adamı idisə, nə üçün B.Yeltsin onu vəzifədən uzaqlaşdırdı, yerinə “Türkiyəpərəst” Əbülfəz Elçibəyi gətirdi. Yaqub Məmmədovun təbiri ilə desək, bunlar böyük geosiyasi oyunun peşkaları idilər...
 
 
 
-Axı Rusiya rəhbərliyi keçmiş kommunist Mütəllibovu yıxaraq əvəzində qatı millətçi şüarlarla kütlələri ayağa qaldıran AXC-ni hakimiyyətə gətirməklə nə qazanırdı?
 
-Bütün dövlət çevrilişlərinin arxasında iqtisadi maraqlar durur... Rusiya rəhbərliyi Ayaz Mütəllibovu yıxmaqla nəyi əldə edirdi? Hansı iqtisadi maraqlarını güdürdü? Apardığımız araşdırmalar onu göstərir ki, söhbətimizin əvvəlində dediyimiz kimi, Rusiya rəhbərliyi Mütəllibovu devirməklə Ümumittifaq mülkiyyətindən Azərbaycan Respublikasına düşən payının verməyərək ona yiyələnmək məqsədi güdürdü. Bu, çox böyük məbləğ idi. Azərbaycanda mart dövlət çevrilişindən sonra hakimiyyətə gələn Yaqub Məmmədov, may çevrilişindən sonra hakimiyyətə gələn cəbhəçilər bu haqda ağızlarını açıb bir söz demədilər. Onların hakimiyyətdə qalması üçün xalqa etdikləri xəyanətin biri də elə budur. Yəni onlar Azərbaycana Ümumittifaq mülkiyyətindən düşən payı istəmədilər. Ayaz Mütəllibov isə  Azərbaycan xalqının həmin halal payını almaq istəyirdi.
 
Bundan əlavə, Mütəllibovun nəzərdə tutduğu neft kontraklarına görə, neft hasilatından əldə ediləcək gəlirlərin 18%-i xarici şirkətlərə, 82%i isə Azərbaycanın özünə çatmalı idi. Eyni zamanda xarici neft şirkətləri nefti hasil etmək üçün ancaq Azərbaycanın neft maşınqayırma zavodlarının istehsal etdikləri maşın və cihazlardan istifadə etməli idilər. Bununla belə, Azərbaycanın bu iqtisadi sahələrini öz hesablarına təkmilləşdirməli idilər. Əgər həmin kontraktlar baş tutsaydı, Azərbaycan neft maşınqayırması sahəsində dünyada ən inkişaf etmiş ölkə olacaqdı. SSRİ nəhəngləri olan L.Şmit, Patris Lumumba və başqa zavodlar bu gün də var qüvvəsi ilə işləyəcəkdi.
 
Bir sözlə, nə Rusiyaya ölkəsini -Azərbaycanı gücləndirəcək lider lazım idi, nə də xarici neft şirkətləri  A.Mütəllibovun neft kontrakları ilə razılaşırdılar. Çünki belə olduqda onlar Azərbaycan neft və qazına  sahiblənə və xammal kimi xaricə daşıya bilmirdilər. Çünki Azərbaycanın neft yırma zavodları tam qüvvəsi ilə işləyəcək və Azərbaycan gün-gündən çıçəklənəcəkdi. Qarabağ isə  erməni birləşmələrindən tam azad olunacaqdı.  Bu minvalla söylənilənlərin heç  birini istəməyən istər Qərb, istərsə də Rusiya Azərbaycanın ilk Prezidentini cəbhəçilərin əliylə yıxdılar...
 
Sultan Laçın

Загрузка...
Загрузка...