“Avroviziya”: 61 yarışın 64 qalibi var

İctimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışında indiyəcən 26 ölkə birincilik əldə edib. Yalnız 1969-cu ildə birdən artıq ölkə qalib olub. Həmin il qələbə eyni vaxtda dörd ölkəyə (İspaniya, Böyük Britaniya, Fransa və Niderland) verilib. Buna görə də 61 dəfə keçirilmiş yarışın 64 qalibi var.
Transparency.az bildirir ki, yarışda hamıdan çox İrlandiya uğur qazanıb. Bu ölkə 50 dəfə qatıldığı “Avroviziya”nın 7-də birinci olub.
İkinci yerdə İsveç gəlir. İsveç 56 müsabiqənin 6-dan qalib çıxıb.
Fransa (59 iştirak), Lüksemburq (37), Böyük Britaniya (59) 5 dəfə “Avroviziya” zəfəri yaşayıblar.
Niderland iştirakçı olduğu 57 yarışmanın 4-də qalib gəlib.
Danimarka (45 iştirak), İsrail (39) və Norveçin (55) 3 qələbəsi var.
Avstriya (49 iştirak), Almaniya (60), İtaliya (42), İspaniya (56), İsveçrə (57), Ukrayna (13) “Avroviziya”nın ilk pilləsində 2 dəfə yer alıblar.
Müsabiqəyə 9 dəfə qatılmış Azərbaycanın 1 qələbəsi var.
Belçika (58 iştirak), Estoniya (22), Finlandiya (50), Yunanıstan (37), Latviya (17), Monako (24), Rusiya (20), Serbiya (9), Türkiyə  (34) də 1 dəfə “Avroviziya” qalibi olublar.
Tarixə qovuşmuş Yuqoslaviya da 27 cəhdin 1-də uğur əldə edib.