Avropanın Rusiyadan Krımın qisasını alması

Rəhmətlik Ağa əmi demişkən, Allah adamın üstünə od tökər, heç Sergey də pis oxumadı. O da birinciliyə layiq idi.
İntəhası, gərək qalibin haqqını verək, Camalə də birinciliyə layiq idi.
Əslində tam cəsarətlə demək olar ki, bizim qız Səmra da “Eurovision-2016”-nın qalibi olsa, o zaman yenə kimsə “layiq deyildi” deyə bilməzdi.
Doğrusu budur ki, birinciliyə azı 10 ölkəni təmsil edən müğənni layiq idi.
O sırada Avstraliya yoxdur. Dünyanın o başından, başqa qitədən gəlsin, başqa qitənin təmsilçisi ilə başqa bir qitənin qalibi olsun. Kanberra üç qitəni qatmışdı bir-birinə. Qətiyyən birinciliyə layiq deyildi. Nəinki ikinci olmalıydı, heç ilk onluğa da düşməməliydi.
Görünür, debütanta üz görmək avropalıların qanında var. O vaxt İtaliya uzun fasilədən sonra yarışmaya yenidən qatılanda səs-səsə verib onu ikinci elədilər. Elə biz də birinci dəfə qatılanda yaxşı yerlərdən birini tutmuşduq. Bu, bir növ, “xoş gəldin” kimi bir şeydir.
Sergey isə yaxşı oxumuşdu, gərək düzünü deyək. Favorit idi. Onun mahnısı, şousu seçilirdi. Hiss olunurdu ki, ilk üçlüyə girəcək və ola bilər, qalib olacaq. Amma olmadı, Ukrayna Rusiyanı yendi.
Bu da Krım deyil ki, Rusiya basıb yarımadanı Ukraynanın əlindın ala, Avropa da müharibə qorxusundan cınqıqrını çıxara bilməyə. Stokholmdakı yarışmada tərəf tutmaq qorxulu deyildi, ona görə də Avropa Ukraynanın tərəfində dura, Rusiyanı ona uduzdura bildi.
İndi bəziləri deyir ki, bu yarışma siyasi müsabiqədir. Əlbəttə, elədir. Bir yerdə ki ölkələr öz bayraqları ilə yarışalar, qaliblər səsvermə ilə həll oluna, o, təbii ki, siyasi yarışmadır. Ümumiyyətlə, harda seçki və səsvermə varsa, orda siyasət var.
Bəli, Sergey siyasətin qurbanı oldu. Kişinin oğluna Putinin yaramaz siyasəti əngəl oldu. Yoxsa o, bu performansla bundan əvvəlki on yarşmanın 8-də qalib gələ bilərdi. Dima Bilandan əskik oğlan deyil ki...
Bu, artıq politoloqların şərh edəcəyi məsələdir. Yarışmanın nəticələrini politoloqlar bu cür dəyərləndirə bilərlər: “Avropa Krımın Ukraynanın tərkib hissəsi olduğunu bir daha təsdiq etdi”; “Sürgün olmuş nənənin nəvəsi Camalənin qələbəsi Rusiyanın vaxtilə yeritdiyi deportasiya siyasətinin qınanması demək idi”; “Rusiya Avropada təkləndiyinin fərqində varmalıdır” və s.
Amma nə təklənmək? Axı Sergey də xeyli səs aldı. Hətta bir balaca o yan-bu yan olsa, qələbə qazanacaqdı və biabırçılıq olacaqdı.
Biz də işin içindən diplomatikcəsinə sıyrıldıq. Çevik siyasət budur. Xatırlayın, 3-4 il əvvəlki “Eurovision” yarışmasında nə cür qanqaraçılıq olmuşdu. Ondan bəridir 12 xalı Rusiyaya verib canımızı qurtarırıq. Yoxsa vallahi, o vədə az qalmışdı az xal verdiyimizə görə Rusiya Yalama tərəfdən ölkəmizə qoşun yeritsin. Lavrov Məmmədyarovu çağırıb irad bildirməmişdimi? Səfir Polad Bülbüloğlunu Rusiya XİN-ə çağırmamışdılarmı? İTV rəhbərliyi izahat vermək zorunda qalmamışdımı?
Bəli, bu, adi yarışma deyil, qardaşlar, siyasətdir. BMT-nin Baş Assmbleyası kimi bir şeydir. Biz orda Rusiyanın əleyhinə olan qətnamə layihəsinə səs verə bilərik? Yox. Burda da ona az xal verə bilmərik. Türkiyə yarışda iştirak etmirsə, 12 xalımız Rusiyanındır, edirsə - rus müğənniyə 10 xalı verməliyik. Başqa yolu yoxdur.
Amma ruslar özləri 12 xallarını Ermənistana verirlər. Niyə? Bu da siyasətdir. Moskva Ermənistana 1 milyard dollarlıq silahı təmənnasız verirsə, 12 xal nəmənədir? Amma ermənilər bu dəfə Rusiyaya 2 xal verdi. O da ona görə ki, 2-5 aprel arasında Rusiya Ermənistana xəyanət edib, Azərbaycan ordusunun qarşısını almayıb.
Bir azdan bəzi ciddi həmvətənlər başlayacaqlar ki, ərinmirsiniz ey, oturub “Eurovision”a baxırsınız, bu, qeyri-ciddi müsabiqədir-zad.
Elədir, hər şey qeyri-ciddidir. Futbol mundialı da, “Eurovision” yarışması da, Avropa oyunları da, AŞPA-nın sessiyası da, BMT-nin sammiti də, Qarabağdakı müharibə də, hər şey. Bircə hər şeyin qeyri-ciddi olduğunu deyən adamların özləri ciddidir. Çayxanada oturub boş-boş siyasətdən danışmaq, domino çırpmaq, gələni-gedəni süzüb laqqırtı vurmaq, özləri demişkən, “mırtdaşmaq” daha ciddi işdır.
Camalənin metis olması isə boş şeydir, əsas odur ki, o dost Ukraynanı qalib etdi və mahnısını bizim dilimizdə oxudu. Stəkanın dolu tərəfi məsələsi...
P.S. Baxarsınız, əvvəl-axır bu müsabiqəyə Yaponiya və Cənubi Koreya da qatılacaq.