“Avropanın bölgədə təhlükəsizliyi qorumaq üçün Türkiyədən başqa tərəfdaşı yoxdur”

“Avropanın təhlükəsizliyi Türkiyədən asılıdır. Türkiyənin təhlükəsizliyi üçün də Suriyanın şimalında təhlükəsiz bölgə yaradılması lazımdır”.
 APA-nın məlumatına görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon təşkilatlarının sədrlərinin toplantısında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
 Ə. Davudoğlu deyib ki, Türkiyə hökuməti illərdir ki, Suriyanın şimalında təhlükəsiz bölgə yaradılmasının vacib olduğunu bəyan edib, Avropa bunu eşitməyib: “Biz hər şeyə rəğmən terrorla mübarizədə Avropa ilə birgə hərəkət etməkdə qərarlıyıq. Avropanın bölgədə təhlükəsizliyi qoruya bilməsi üçün Türkiyədən başqa tərəfdaşı yoxdur”.
 Avropa İttifaqı və Türkiyə arasında razılaşmaya toxunan baş nazir onu da qeyd edib ki, əgər ayın 4-ə qədər Türkiyə Böyük Millət Məclisində qanunlara müvafiq dəyişikliklər qəbul edilsə, iyunun sonunda Türkiyə vətəndaşları Avropaya vizasız gedə biləcəklər.