Avropanın Atatürkü hədəfə alması göstərir ki… – Ekspert

 
NATO-nun Norveçdə keçirilən təlimi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün fotolarının hədəf lövhəsi olaraq seçilməsinə görə 41 türkiyəli hərbçinin təlimdən geri çağrılması ciddi məqamdır.
 
Teleqraf.com xəbər verir ki, bunu “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirib.
 
O qeyd edib ki, Avropanın yüksəlişi Osmanlı imperiyasının Vyanayadək irəliləməsindən sonra başladı: “Avropalılar anladılar ki, dinin, daha doğrusu, kilsənin hakimiyyəti onlar üzərində son dərəcə güclüdür və bu onların dünyəvi-sekulyar inkişafının qarşısını almaqdadır. Cənnət qəbzləri satan kilsə nə qədər ciddi qorxu və basqı elementləri yaratsa da, bunlarla qapılarına qədər gələn türklərin qarşısını almaq mümkün olmayacaq.
 
Daxili intriqalara son qoyması və kilsənin XVIII əsrdən başlayaraq dövlət anlayışı ilə orqanik şəkildə vəhdət təşkil etməsi qoca qitənin həm Osmanlını çökdürməsinə, həm də Yaxın Şərqdə kök atmasına səbəb oldu. Halbuki xaç yürüşləri dönəmində belə buna nail ola bilməmişdilər. Orientalizm – şərqşünaslıq məhz qoca qitənin sirlərlə dolu Yaxın Şərqi öz təsiri altına ala bilməsi üçün yaradılan bir məktəb oldu. Bu məktəb Lourenslər yetişdirdi”.
 
Vüqar Zifəroğlu qeyd edib ki, hər bir avropalının zehnində bir hakim, qalib türk obrazı var və yüz illərdir buna qarşı daxili savaş aparmaqdadırlar:
 
“Əsla bağışlamır və unutmurlar… Hər fürsətdə sanki qisas alırmış kimi davranır və içlərində bəsləyərək böyütdükləri o kini nəsildən-nəsilə ötürürlər. Bu gün hədəfə alınan Atatürk – Türkiyə Respublikasının var olmasının səbəbidir. Respublikanın təməl sütununu yaratmış bir xilaskar, həm də avropalılara hərb və siyasət meydanında qalib gələn bir sərkərdədir”.
 
Ekspert qeyd edib ki, XXI əsr dəyərlərin savaşının getdiyi bir dövrdür:
 
“Bu savaşda hədəf qoyulan dəyərlərdir, yəni səni bir millət olaraq var edən açar nöqtələr, qırmızı cizgilərdir. O dəyərlərə sahib çıxmamaq bir millətin öz simasını, kimliyini itirməsi deməkdir”.
 
Müəllif: Səxavət

Загрузка...
Загрузка...