​Avropanı şantaj edən “qaz diplomatiyası”: Azərbaycan üçün təhdid

 
    
 
Bakıda səfərdə olan Polşanın xarici işlər naziri Vitold Vaşikovskinin “Cənub Qaz Dəhlizini dəstəkləyirik”  bəyanatına  Rusiyanın Milli Energetika Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Uşakov sərt  cavab verib. Polşanın Cənub-Şərqi Avropaya Rusiya qazına alternativ qaz təchiz etməyə imkan verən bu dəhlizi dəstək verdiyini bildirən nazirin sözlərinə cavab olaraq İqor Uşakov yaxın gələcəkdə Azərbaycan özünün qaza olan tələbatını ödəməkdə çətinlik çəkəcəyini deyib. Rusiya Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasından niyə narahatdır?
 
 
 
Siyasi şərhçi Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında Putin iqtidarının zaman-zaman Avropanı “qaz diplomatiyası” ilə şantaj etdiyini deyib: “Rusiyanın məlum mövqeyi onun Avropa bazarlarındakı maraqlarından irəli gəlir. Avropa qaz tələbatının təxminən 35 faizini  Rusiya qazı hesabına ödəyir.  Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə üzərindən Avropa bazarına çıxara biləcəyi qazın həcmi ümumilikdə 17 milyard kubmetrdir. Bunun 7 milyard Türkiyənin ehtiyaclarının ödənilməsinə, qalan 10 milyardı isə Türkiyə, Yunanısatan və Bolqarıstan vasitəsilə Avropaya yönəldiləcək. Avropa məlum qaz kəmərinin çəkilməsini həm geosiyasi, həm də geoiqtisadi baxımdan ona görə dəstəkləyir ki, bu kəmərlər Rusiyadan asılılığın minimuma endirilməsinə müəyyən mənada öz töhfəsini verə bilər. Amma Rusiya rəsmilərinin də bəyanatlarında acı  reallıqlar var.
 
Rusiyanın Avropaya çıxardığı qazın həcmi 55 milyarddan yuxarıdır. Azərbaycan lap 20 milyard kubmetr qazı Avropa bazarına çıxararsa belə, yenə də “qoca qitə”ni  Rusiyanın enerji asılılığından qurtara bilməyəcək. Rusiyanın karbohidrogen ehtiyatları Avropanı təhdid etmək üçün onun əlində nüvə silahı qədər önəmlidir. Rusiya iqtidarı yaxşı başa düşür ki, Avropanın Rusiya qazına olan ehtiyacı ilbəil artır. Rusiya qazı olmasa, Avropanın iqtisadiyyatı proqnozlaşdırıla bilməyəcək vəziyyətə düşər. Ona görə də Avropa alternativ qaz kəmərlərinin çəkilməsində maraqlıdır. Təəssüflər ki, Avropa bu baxımdan çox böyük vaxt itkisinə yol verdi”.
 
Politoloq hesab edir ki, Azərbaycan balanslaşdırılmış siyasəti davam etdirməlidir: “Rusiya  Minsk Qrupunun həmsədr dövlətlərindən biridir və Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün mövqeyi həlledicidir. Ən vacibi isə Rusiya Azərbaycan üçün nəhəng əmək bazarıdır. Azərbaycan  Rusiya ilə münasibətlərdə problem yarada biləcək addımlardan  dəfələrlə qaçıb və güman edirəm ki, bundan sonra bu siyasət prioritet olacaq. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, qonşu və Avropa ölkələri ilə münasibətləri şaxələndirilmiş şəkildə qururuq. Əsas məqsəd isə iqtisadi və maliyyə mənfəəti götürməkdir. Avropa bazarına qaz və neft ixrac etməklə heç də nəhəng enerji resurslarına malik olan Rusiyaya meydan oxumur.
 
Azərbaycanın buna ciddi imkanları da yoxdur. Amma bütün hallarda Avropa bazarına girən neft, qaz ölkələri və transmilli şirkətlər bu bazarı öz monopoliyasında saxlamağa çalışan Rusiyanı ciddi şəkildə qıcıqlandırır. Rusiyanın mövcud siyasəti də əvvəlki imperiyanın-SSRİ-nin qüdrətini bərpa etməyə yönəldilib. Maraqlıdır ki, ABŞ kimi nəhəng dövlət də Suriya məsələsində bunu  gördü. Bu gün  bütün dünya birliyinə məlumdur ki, Rusiya tərəfindən ciddi hərbi, siyasi, maliyyə dəstəyi olmasaydı, Bəşər Əsəd çoxdan devrilmişdi. Azərbaycan  elə bir mürəkkəb geosiyasi bölgədə yerləşir ki,  İranın, Rusiyanın və Türkiyənin maraqları nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, ölkəmiz  nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşir. Ona görə də indiki geosiyasi reallıqlar şəraitində Azərbaycan sadəcə olaraq balanslaşdırılmış siyasət həyata keçirməyə məhkum edilib. Hələ ki, bunun alternativi yoxdur”.
 
Rusiyanın Cənub Qaz Dəhlizinin reallaşmasının qarşısını almaq üçün yarada biləcəyi təhlükələrə toxunan Elşən Manafov hesab edir ki, bunun üçün Rusiyanın əlində müəyyən təzyiq imkanları var: “Etiraf etmək lazımdır ki, MDB məkanında baş verən bütün qarşıdurmaların arxasında  Rusiyanın separatçı rejimlərə verdiyi dəstək durur. Bu mənada Azərbaycan tərəfinin müstəqil enerji siyasəti Rusiya hakimiyyətində təmsil olunan imperiyapərəst məmurları narahat edəcək. Azərbaycanın xoşbəxtliyi ondadır ki, prezidentlər arasında şəxsi zəmində çox gözəl münasibətlər var.
 
Azərbaycan Rusiyanın müttəfiqi olmasa da strateji əməkdaşıdır. Amma bütün hallarda Rusiyada imperiyapərəst qüvvələr Azərbaycanın müstəqil siyasət yeritməyinə qarşıdır və buna cəbhəboyu gərginliyin artması ilə cavab verəcək. Heç şübhəsiz ki, bu da daha genişmiqyaslı əməliyyatların başlamasına səbəb ola bilər. Rusiya yaxşı başa düşür ki, Azərbaycan hərbi əməliyyatların başlamasında müəyyən mənada özünü sığortalamaq istəyir. Çünki Azərbaycanın dövlət olaraq ayaqda qalması daha çox neft və qaz sektorundan asılıdır. Məlum kəmərlər üçün yarana biləcək təhlükə Azərbaycan dövlətçiliyi üçün təhdiddir. Odur ki, Rusiya və İranla ölçülmüş addım atmağa sadəcə olaraq məhkum edilmişik”.
 
Vilayət Muxtar
 
Cebhe.info

Загрузка...
Загрузка...