Avropalı ülküçülər Bakıda qurban kəsdilər - FOTOLAR

 

 
Avropa Demokratik Ülküçü Türk Dərnəkləri Federasiyasının təmsilçiləri Qurban bayramı münasibətilə Bakıda qurban kəsiblər.
 
Musavat.com xəbər verir ki, 25 il öncədən bəri hər il olduğu kimi, bu il də öz bayram sevinclərini Azərbaycandakı bacı və qardaşları ilə bölüşmək üçün Bakıya təşrif buyuran federasiya nümayəndələri bir çox ailəyə Qurban payı göndəriblər və hər birini bayram münasibətilə təbrik ediblər.
 
 
 
Federasiya nümayəndələri Göy məsciddə bayram namazını qıldıqdan sonra eks-prezident, milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Daha sonra isə qurban paylarını öncədən müəyyənləşdirilmiş imkansız ailələrə paylayıblar. Federasiyanın Azərbaycana təşrif buyuran  nümayəndəsi Yusuf Zorluoğlu musavat.com-a bildirib ki, burada ümumilikdə 227 ailəyə qurban payının verilməsini nəzərdə tutublar. O, həmçinin federasiyanın fəaliyyəti barəsində də danışıb:
 
 
 
“Mən federasiyanın təmsilçisi olaraq, Azərbaycanda qurban kampaniyamıza qatılan, bu kampaniyaya güc verən dostlara Qurban bayramında dəstək olmaq üçün 9 sentyabr tarixindən buradayam. Həmin gündən etibarən gördüyünüz bu hazırlıqları etmişik. Bu gün isə bayram namazımızı qıldıqdan sonra Elçibəyin məzarını ziyarət edib, qurbanlıq qoyunları kəsib, ətləri paylamağa başlamışıq. Qurban ətləri adətən ehtiyac sahiblərinə paylanılır. Onların siyahısı öncədən tutularaq bizə verilib. Biz konkret olaraq payları müxtəlif təşkilatlara veririk, onlar isə ehtiyacı olanlara siyahı üzrə paylayırlar. Azərbaycandan sonra Gürcüstana, daha dəqiqi, Borçalıya gedəcəyik. Orada da eyni qayda üzrə qurbanları kəsib, ehtiyacı olanlara paylayacağıq”.
 
 
 
Federasiya haqqında məlumat verən təmsilçi bildirib ki, “Avropa Türk Konfederasiyası” Avropada yaşayan türklərin ilk olaraq dərnəkləşdiriblər:
“Dərnəkləşdirdikdən sonra bu dərnəkləri bir dam altında toplayaraq, federasiyalar yaratdıq. Federasiyalar isə Almaniya, Belçika, İngiltərə, Hollandiya və digər bu kimi iri ölkələrdə fəaliyyətə başladıq. Nəticədə, bu federasiyaların yaranması ilə “Avropa Türk Konfederasiyası” ərsəyə gəldi. Konfederasiya Avropadakı bütün federasiyaların xidmətlərinin Avropaya açılımını asanlaşdırır. Bizim fəaliyyətimiz təkcə qurban paylamaqdan ibarət deyil. Fitrə, zəkat müxtəlif yardımları da edirik. Konfederasiyanın əsl qayəsi türk insanının  özündən ayrılmadan,  türk kimliyini yaşama və yaşatma baxımdan təşkilatlanmaqdır”.
 
 
 
Avropadakı türklərin hazırkı durumlarından danışan Yusuf Zorluğulu bildirib ki, yarım əsr idi  ki, Avropanın müxtəlif şəhərlərində işçi olaraq yaşayırlar:
 “Bu gün isə orada digər vətəndaşlar kimi adi qaydada yaşayırıq.  Hazırda Almaniyada yaşayan türklər, özəlliklə də yeni nəsil təhsil və mədəniyyət baxımından çox irəli gedib. Demək olar ki, toplumla iç-içədir. Qayəmiz onları qeyd etdiyim kimi öz türk kimliklərindən ayrılmamalarına yardım etməkdir. Bu baxımdan onlarla sıx əlaqədəyik. Türklərə eyni zamanda siyasi, hüquqi və digər bu kimi yardımlarımızı da əsirgəmirik.  Azərbaycana da səfərimiz və buradakı fəaliyyətimiz eyni ilə yalnız bayramlarla çərçivəli deyil. Sizə konfederasiya başqanımızın salamlarını çatdırıram. Burada yaşayan  bütün türk qardaşlarımızın başqanlarımız adından bayramlarını təbrik edirəm. Bayramınız təkrar mübarək olsun”.
 
 
 
Onu da qeyd edək ki, federasiyanın nümayəndələri Əbülfəz Elçibəyin sağlığında yaşadığı evinə də yollanaraq, onun da ailəsinə qurban payı veriblər.
 
Avropa Demokratik Ülküçü Türk Dərnəkləri Federasiyası və Avropa Türk Konfederasiyası 10 ildən çoxdur ki, hər il Qurban bayramı günlərində bayram sevincini paylaşmaq üçün Azərbaycana xüsusi bir heyət göndərir.
 
 
 
Almaniya Demokratik Ülküçü Türk Dərnəkləri Federasiyası və Avropa Türk Konfederasiyası Türkiyənin Milliyyətçi Hərəkat Partiyasına (MHP) yaxındır və məhz bu partiyanı dəstəkləyir. Azərbaycanda isə heç kəsə fərq qoymadan fəaliyyət göstərməyə çalışır.
 
 
 
Zəruri arayış: “Almaniya Demokratik Ülküçü Türk Dərnəkləri Fedarasiyası 18 iyun 1978-ci ildə, Almanyada, rəhmətlik Başbuğ Alparslan Türkeşin tövsiyəsi ilə  yaradılıb. Əsas məqsəd ölkə xaricində yaşayan türklərin milli və dini kimliyini qorumasına dəstəkçi olmaq, yeni toplumda daha yaxşı şərtlər altında və rahat yaşamalarını təmin etmək, assimilyasiya prosesini əngəlləməkdir.
 
 
 
Almaniya Türk Federasiyası və ona bağlı quruluşlar, Almaniyada türklərin hər cür sosial-mədəni-iqtisadi faktorlarla bağlı  fəaliyyətlərində iştirak edir və ya onları yönləndirir.
Almaniyadan sonra Federasiyalar Avstriya, Belçika, Hollandiya, Fransa, İsveçrə, İngiltərə, İsveç, Norveç ve Danimarkada qurulub. Daha sonra, 29 oktyabr 2007-ci ildə 7 ayrı ölkədə bulunan Türk Federasiyaları  bir araya gələrək “Avropa Türk Konfederasiyası“nı qurub. Konfederasiyanın ən güclü qurucu üzvü isə Almaniya Türk Federasiyasıdır. Avropa Türk Federasiyası bütün federasiyaların üstqurumu sayılır.