Avropada Yaqub Zurufçunun konsertləri baykot ediləcək?

Əslən azərbaycanlı olan tanınmış müğənni Yaqub Zurufçunun Almaniyanın Köln, Hamburq, Frankfurt şəhərlərində keçirəcəyi konsert turları Avropadakı Azərbaycan milli diaspor təşkilatlarının əksəriyyəti tərəfindən  baykot ediləcək. Buna səbəb keçiriləcək konsertlərin “paniranizm” və “panfarsizm” ideologiyasına xidmət etməsi iddialarıdır.
Bu barədə hurriyet.az saytı məlumat yayıb. Məlumata görə, aprel ayının 15-dən başlayaraq keçiriləcək konsert turlarında xalq artisti, tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov, qoşanağara ifaçısı Sadıq Zərbəliyev də iştirak edəcək. Lakin tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçiriləcək konsertlər afişalarda "Perisan Concert Proudly Presents” (Fars Məhsullu Konsertin Təqdimatı) və “Konserte bozorg azəri” (Böyük azəri konserti) adı ilə qeyd olunub. Bu isə soydaşlarımız tərəfindən tənqidlə qarşılanıb.
Məsələ ilə əlaqədar müğənni ilə əlaqə saxladıq. Yaqub Zurufçu səfər ərəfəsində olduğunu, Azərbaycana döndükdən sonra bu məsələ ilə əlaqədar açıqlama verəcəyini bildirdi. O, konsert afişalarının təqdimatı ilə bağlı yaranmış qalmaqala da aydınlıq gətirib: "Konsertin təşkilatçıları iranlılardır. Onlar İrana geri döndükdən sonra bir problem yaşamasınlar deyə afişalar o cür təqdim olunub".
Yaqub Zurufçu konsertlərinin baykot edilməsinə də münasibət bildirib: "Kim istəyir baykot etsin, özləri bilər".
Qeyd edək ki, bu günlərdə müğənni kürd şairi Əlirza Nabdel Oxtayın şeirinə yazılmış “Bura Kürdüstan” mahnısını ifa etdiyi üçün tənqidlərə tuş gəlmişdi. Mahnının PKK başda olmaqla, bölgədəki bir çox separatçı təşkilatların yaydıqları, Azərbaycanın işğal olunmuş əraziləri, Cənubi Azərbaycanın bir çox vilayətləri, o cümlədən başda Ankara olmaqla, Türkiyənin də ərazilərinin daxil edildiyi “Böyük Kürdüstan” xəritəsinin fonunda səslənən ifa olduğunu iddia edərək müğənnini xəyanətdə günahlandıranlar da olmuşdu. Yaqub Zurufçu isə ittihamlara cavab olaraq bildirmişdi ki, mahnını 38 il bundan öncə şah rejiminin axırlarında, İran islam inqilabından əvvəl yazıb.