Avropa Parlamenti-Bakı münasibətlərini poza biləcək addım

Qurumun ermənipərəst deputatları qanunsuz olaraq Dağlıq Qarabağa gəlib
Avropa Parlamentinin ermənipərəst deputatları növbəti dəfə Bakı ilə Brüsselin münasibətlərini gərginləşdirə biləcək təxribata yol veriblər.
Aprelin 25-də qurumun bir qrup deputatı işğal altındakı Azərbaycan ərazisinə gələrək burada qondarma qurumun rəhbərliyi ilə görüşüblər. Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, qanunsuz səfərə ötən ilin oktyabrında Avropa Parlamentində yaradılmış “Avropa Parlamenti-Dağlıq Qarabağ dostluq qrupu”nun rəhbəri Frank Engel rəhbərlik edir. Ermənipərəst deputatlar saxta “DQR”-in qondarma “prezidenti” Bako Saakyanla görüşüblər. Düşmən ölkənin mətbuatı yazır ki, görüşdə Avropa-Dağlıq Qarabağ münasibətləri, həmçinin 2-5 apreldəki hərbi toqquşmalar- düşmən bunu “Azərbaycanın hücumu” kimi təqdim edir - müzakirə olunub. Son günlər ağır günlərini yaşayan və hər yerdə separatçılığına dəstək axtaran B.Saakyan erməni sevgisini hər yerdə nümayiş etdirən Engelə “prinsipial mövqeyinə görə” təşəkkür də edib.
Qeyd edək ki, ötən il yaradılan bu anti-Azərbaycan qrupa rəhbərlik edən Frank Engel Avropa Xalq Fraksiyasının üzvüdür. O zaman məlumat yayılmışdı ki, “dostluq qrupu"nun yaradılmasında məqsəd Avropa Birliyi rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında münasibətlərin qurulmasıdır. Həmçinin qrup Avropa Birliyinin rəsmi proqramlarında Dağlıq Qarabağın da təmsil olunmasına çalışacağını açıqlayıb.
XİN-in mətbuat xidmətindən münasibət öyrənə bilmədik. Hər halda məsələyə rəsmi Bakının ciddi təpki verəcəyi gözləniləndir.