​Avropa məhv olmaqdan qorxur, çünki Türkiyə...

 
Əgər Türkiyə Avropa İttifaqına üzv olarsa, Avropada bir sıra dotasiya alan dövlətlər məhvə doğru gedəcək.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, bu gün Avropanın türkləşmək qorxusu da var:
 
“Birincisi, bu gün Avropaya miqrant axınının qarşısını alan məhz Türkiyədir. İkincisi, Türkiyə böyük aqrar dövlətidir. Əgər bu gün Türkiyə Avropa İttifaqının üzvü olarsa, Avropada bir sıra dotasiya alan dövlətlər demək olar ki, məhvə doğru gedəcəklər. Əgər belə deyilsə, onda niyə NATO üzvü olan Türkiyəni Avropa İttifaqına üzv etməkdən qorxurlar. Ən son halda isə Türkiyə-Rusiya yaxınlaşmasının Avropada qıcıq yaratması gərginliyi artırdı. Bununla da sanki indi Türkiyədən uzaqlaşmağa çalışırlar. Əvvəllər söhbət Türkiyənin Avropa bazarına girməsindən gedirdisə, bu gün Rusiya faktoru, miqrantlarla bağlı Türkiyənin atacağı addımlar, həmçinin ölüm hökmü və saxta insan haqlarının qorunması ilə bağlı ittihamlar ön plana çəkilir. Avropanın bu cür reaksiyası Ankara-Moskva yaxınlaşması və qardaş ölkənin verdiyi siyasi mesajların məntiqi nəticəsidir. Avropa Komissiyasının prezidenti Jan Klod Yunker dəfələrlə Ərdoğanla çox isti münasibətlərini və bölüşülməyəcək hər hansı bir problemlərinin olmadığını bəyan edib. Hiss olunur ki, bölüşülməyəcək problemlər var və bu, heç də xristian-islam qarşıdurması deyil. Təbii ki, prosesi bu məcraya yönəltmək istəyənlər də var. Hətta bir sıra Avropa skeptikləri Türkiyəni İŞİD və digər terror təşkilatlarını silahdırmaqda ittiham edirlər. Hesab edirəm ki, Avropa İttifaqı və Türkiyə konkret nəticəyə gəlməli, “Türkiyə niyə AB-yə üzv olmaq istəyir və bunun qarşısını alan səbəblər nədir” və ya əksinə, “Avropa niyə Türkiyənin AB üzvlüyünün əleyhinədir” sualları çözüm tapmalıdır. Bu gün Birliyə daxil olan dövlətlərin bir çoxunun Türkiyə ilə ikitərəfli əlaqələri və qarşılıqlı maraqları var. Türk Axını isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir”.
 
Qeyd edək ki, noyabrın 24-də Avropa Parlamenti Türkiyə-AB arasında üzvlüklə bağlı müzakirələri dondurduğunu elan edib.