Avropa mediası Ərdoğana qarşı

Türkiyə hakimiyyəti Qərb mediası ilə qeyri-bərabər döyüşünün səbəbləri və gözlənilən nəticələri
Ötən gün Türkiyəyə gələn iki xarici jurnalist İstanbul hava limanından geri qaytarılıb. Almaniyanın ADR dövlət televiziya şirkətinə daxil olan SWR kanalı əməkdaşı Volker Schwenck Misirdən Türkiyəyə gələrək suriyalı qaçqınlar haqqında reportaj hazırlamalı imiş. Ancaq onu 12 saat İstanbul hava limanında saxladıqdan sonra geri göndəriblər. Olayı böyüyüb və hətta kansler Merkel baş verənlərə münasibət bildirərək narahatlığını ifadə edib.
İstanbuldan geri göndərilən ikinci jurnalist isə bir neçə gün əvvəl Türkiyədə fəaliyyəti məhkəmə qərarı ilə yasaqlanan Rusiyanın Sputnik agentliyinin Türkiyə redaksiyasının rəhbəri Tural Kərimov olub.
Ankara Qərb mediasına qarşı
Hər iki hadisə Qərb mediası ilə Türkiyə hakimiyyəti arasında gərginliyin yaşandığı bir zamanda baş verdiyi üçün ciddi rezonans doğurub. Məsələ burasındadır ki, Ankara son illərdə Avropa hökumətləri ilə dil tapsa da, media ilə münasibətlərdə ciddi problemlər yaşayır. Və görünən odur ki, son hadisələr Ankara üçün ciddi problemə çevriləcək. Nə baş verdiyini bilmək üçün bir qədər “geri getmək” lazım gələcək.
Qərb mediasında Türkiyə hakimiyyətinə qarşı tənqidlər yeni başlamayıb. Avropa, xüsusən də Britaniya və ABŞ mətbuatı zaman-zaman Türkiyə hökuməti haqqında sərt tənqidi yazılar dərc edib. Ancaq son illərdə həm yazıların sayı, həm də tənqidin “dozası” artıb. Bəzən isə tənqid yerini təhqirlərə verib. Və eyni zamanda paralel olaraq Ankaranın da tənqidlərə dözümü də ildən ilə azalmağa doğru gedir. Daha öncə bu cür yazılara təmkinli yanaşan rəsmi Ankara artıq sərt təpki göstərir, bu isə vəziyyəti daha da dramatikləşdirir.
Martın 31-də Almaniyanın rəsmi ZDF kanalında yayımlanan verilişində satirik Jan Jan Böhmermann Türkiyə prezidentini təhqir edən şeirini oxuması isə türklər demişkən, “bardağı daşıran son damla” oldu. Rəsmi Ankara dövlətin simvolu olan prezidenti təhqir edən şəxsin cəzalandırılması ilə bağlı Almaniya hökuməti qarşısında məsələ qaldırdı.
Ankaranın təzyiqləri nəticə verdi və proqramdan təxminən iki həftə sonra Almaniya baş naziri Angela Merkel satirikin mühakiməsi tələblərini qəbul etdi. Son məlumatlara görə, Almaniya Cinayət Məcəlləsinin 103-cü maddəsi ilə Böhmermana cinayət işi açılıb. Bu maddə Almaniya vətəndaşının xarici ölkə rəhbərlərini təhqir etməsinə görə cəza nəzərdə tutur. Yəni günahı sübuta yetirilərsə, satirik Ərdoğanı təhqir etdiyi üçün 3 ilə qədər həbs cəzası ala bilər. Əgər təhqirdə iftira elementləri tapılarsa, o zaman həbs cəzası 5 ilə qədər arta bilər.
Savaş meydanı mediaya verildi
Ancaq hadisələrin bu yöndə inkişaf etməsi gözlənildiyi kimi, Almaniyada və Avropada sərt reaksiya doğurdu. Almaniya siyasi partiyaları Merkeli qaçqın mövzusuna görə, Ankaranın istəyini qəbul etməkdə ittiham etdilər. Ancaq ən pisi odur ki, bu hadisə Avropa mediasını Türkiyəyə qarşı hərəkətə keçirdi. İndi demək olar ki, hər gün Türkiyə hakimiyyəti haqqında tənqidi və bəzən təhqir dolu yazılar yazılır.
Ən son olaraq ABŞ-da HBO kanalında yayımlanan satirik proqramda aparıcı Con Oliver Türkiyə prezidentini aşağılayan ifadələrlə dolu olan çıxışını yayımlayıb. Britaniyada isə həftəlik “The Spectator” jurnalının əməkdaşı Duqlas Marrey “Ərdoğan və Merkelə etiraz olaraq” “prezident Ərdoğanı təhqir şeiri müsabiqəsi” elan edib.
Daha əvvəl Britaniya baş naziri haqda oxşar “şeir müsabiqəsi” keçirən yazara rəsmi qurumların müdaxilə edəcəyi inandırıcı görünmür. Çünki BBC-nin məlumatına görə, 10 gün əvvəl Birləşmiş Krallığın Türkiyə səfiri Riçard Mur CNN telekanalına verdiyi açıqlamada Britaniyada sosial şəbəkələrdə kraliça və baş naziri təhqirə görə cəza nəzərdə tutulmadığını bildirmişdi.
Bu isə onu göstərir ki, Qərb dövlət rəsmiləri Merkelin yolunu getməyə həvəsli deyil. Birincisi, təbii olaraq Qərb siyasətçiləri özlərini medianın hədəfinə çıxarmaq istəmirlər, Merkel nümunəsi göstərdi ki, bu, pis nəticə doğura bilər. İkincisi isə Qərb siyasi dairələri Ankaraya birbaşa deyə bilmədiklərini bu şəkildə media dili ilə dedikləri üçün durumdan o qədər də narahat deyillər. Bu səbəbdən də əksinə, tənqid və təhqirlərin artacağını gözləmək lazımdır. Və paralel olaraq Ankara daha da təklənəcək.
Vəziyyətdən çıxış yolu qaldımı?
İndi hər nə qədər çətin görünsə də, vəziyyətdən yeganə çıxış yolu hadisələrin daha da böyüməməsinə nail olmaqdır. Çünki əks təqdirdə Ankara bütöv bir ordu ilə savaşmaq məcburiyyətində qalacaq. Ortada spekulyasiya elementləri olsa da, Qərb mediasının prinsip məsələsi hesab etdiyi “tənqid azadlığı” mövzusundan geri çəkiləcəyi inandırıcı görünmür. Əksinə, vəziyyət bu şəkildə inkişaf etdikcə Qərbdə Türkiyə əleyhinə fikir formalaşdırma fəaliyyətləri daha da inkişaf edəcək. Yəni zərbənin nəticələri daha ağır olacaq.
Bir çox müstəqil şəxslərin qənaətinə görə, Böhmermanın yazdığı şeir həqiqətən də təhqirdir və buna görə məhkəməyə müraciət etmək vətəndaşın hüququdur. Üstəlik nəzərə almaq lazımdır ki, Avropa ölkələrindən fərqli olaraq Türkiyədə ölkə prezidenti postu qanunla mühafizə olunur və vətəndaşlar üçün xüsusi dəyərə malikdir. Amma məsələ ondadır ki, Avropa dəyərləri siyasətçilərin tənqid və təhqirə qarşı “daha immunitetli” olmasını tövsiyə edir. Bu səbəbdən də hazırkı durumda Almaniyanın və ya Avropanın hansısa təsisatının Türkiyə prezidentinin tərəfində dayanacağı inandırıcı görünmür.