"Atılan addımlar məmurlar üçün bir siqnaldır..." - Zahid Oruc

 
 
Son illər həbs edilən dövlət məmurları və nazirlərlə bağlı aparılan istintaq zamanı milyonlarla vəsaitin mənimsənilməsi və bahalı mülklər aşkarlanıb
 
Aparılan istintaqın nəticələri ictimaiyyətdə isə şok effekti yaradıb. Yaranan problemin qarşısını öncədən almaq üçün dövlət bundan sonra hansı tədbirləri görə bilər? Dövlət bundan sonra digər məmurların gəlirləri və mülkləri barədə yoxlama apara bilərmi?
 
Millət vəkili Zahid Oruc qaynarinfo.az-ın suallarını cavablandırdı:
 
"Son hadisələrlə aparılan istintaq tədbirləri bizi nəticələr çıxarmağa vadar edir. Heç şübhəsiz ki, dövlət orqanları bu məsələ üzərində düşünür. Lakin ən önəmli məsələ hökümət orqanlarının üzərində ictimai nəzarətin həyata keçirilməsidir və bir sıra digər xarakterli qanunvericilik işlərinin gerçəkləşməsidir. Həmin qeyd etdiyiniz mülk sahiblərinə çevrilən məmurlar əldə etdikləri vəsaitləri bu sahələrdən qazanıblar.
 
Birinci növbədə, şişirdilmiş xərclər meydana çıxıb. Bu o deməkdir ki, proqnozlaşdırma və həmçinin vəsaitlərin büdcədən ayrılması, ayrı-ayrı təyinatı üzrə sahələrə yönəldiməsində nəzarətin olmayacağına həmin qüvvələr arxayın olublar.
 
İkincisi, tenderlərin keçirilməməsi və bu fonda təəssüf ki, bizim müvafiq qanunvericilik aktımız demək olar işləməyib. Əksər hallarda, həmin qurumlar çevrələrində yaratdıqları qurumlar hesabına formal tenderlərlə həmin layihələri qazanıblar və onun üzərindən də vəsaitlərin dağıdılması baş verib.
 
Üçüncüsü, parlament nəzarətinin zəifliyini hiss ediblər və düşünüblər ki, savadlı deyillər.
 
Dördüncüsü isə, cəmiyyətdə sanki bir sıra qüvvələr, xüsusilə də Milli Təhlükəsizlik Nazirliyi və ona bağlı dairələr cəzasızlıqlarına əmin olublar və özlərini toxunulmaz kassanın nümayəndələri kimi aparıblar. Və nəticədə bu mənzərə ortaya çıxıb. Dövlət başçısı güclü irad qoyubdur və ən mühim siqnallar alındıqdan sonra həmin şəxsləri vəzifələrindən azad edib. Eyni zamanda yüksək vəzifə daşıyıcılarının və rütbə sahiblərinin, haqlarında cinayət təqibi aparılır".
 
Deputat qeyd edir ki, atılan addımlar məmurlar üçün bir siqnaldır: "Lakin istəməzdim ki, bütün hökumət təmsilçilərini eyni imkanların sahibləri kimi qələmə verilsin. Bu dövlətdə Azərbaycan xalqına, qanunlara və ölkə rəhbərinə sədaqətlə çalışan və ləyaqətilə seçilən çox sayda insanlar var. Ona görə, hamını ittiham etməz olmaz. Dövlət başçısı bunları nəzərə alaraq, sadəcə cəzalandırma deyil, daha fərqli model tətbiq etməkdədir. Harada ki, məmurların fəaliyyətində qanunsuzluqlar və özbaşınalıqlar var, bu halda həmin qurumların səlahiyyəti ASAN xidmətə verilməkdədir. Belə demək mümkündür ki, ASAN xidmət anti-korrupsiya qurumudur. Əminəm ki, son baş verənlərlə bağlı hər kəs nəticə çıxarır".
 
Zahid Orucun sözlərinə görə, son hadisələr sübut etdi ki, Baş Prokurorluq və onun tərkibində olan Anti-Korrupsiya İdarəsi rütbəsindən və əhatə dərəcəsindən, şəbəkələşmə gücündən asılı olmayaraq, bu qüvvələrə qarşı mövqe tutdu, iradə göstərdi: "İstintaq materiallarının xarakteri sübut etdi ki, bu məsələlərdə zəruri və güzəştsiz addımlar atılıb. Qanunun gücü onlara qarşı yönəldilib. Bütün hökumət strukturları ASAN xidmət kimi həmin çeviklikdə, şəffaflıqda, hesabatlılıqda, həmçinin ictimai bir kamera qarşısında fəaliyyət göstərsəydilər,bu gün biz cəmiyyətdə şok doğuran istintaq materialları ilə üz-üzə qalmazdıq. Amma söz yox ki, dünyanın əksər ölkələrində buna bənzər hadisələr baş verməkdədir".