“Atamın qorxunc obrazını yaradırlar” - Akif Çovdarovun oğlu etiraz edir

 
Ruslan Çovdarov: “Dost-tanışa dedim, tələsməyin, artıra-artıra əmlakımızın məbləğini 100 milyona qədər çatdıracaqlar”
 
Son bir neçə ayda mətbuatın barəsində ən çox yazdığı şəxs heç şübhəsiz ki, hazırda məhkəməsi davam edən MTN generalı Akif Çovdarovdur. Elə gün olmur ki, məhkəmədə ifadə verən zərərçəkmişlər onun barəsində sensasion ittihamlar səsləndirməsin, istintaq onun əməlləri ilə bağlı yeni detalları cəmiyyətə açıqlamasın.
 
Amma bu məlumatlardan ən çox narazı qalan A.Çovdarovun ailə üzvləridir. Xüsusən də oğlu Ruslan Çovdarov sosial şəbəkədəki statusunda zaman-zaman öz etirazını səsləndirir. “Yeni Müsavat” bu narazılıqları səsləndirməsi, eləcə də bizim suallarımıza cavab verməsi üçün bir neçə gün sosial şəbəkə vasitəsilə müsahibə üçün israr etdi.
 
Bir gün məhkəmə, başqa bir gün atası ilə görüş... Söhbətimiz uzansa da, axırıncı dəfə “mən bu gün atama istədiyi kitabları almaq üçün kitab mağazasına gedəcəm, vaxtım yoxdur”, cavabını verdi. Dediyi saatda AVM-lərdən birində yerləşən kitab mağazasına getdik və budur, üz cizgiləri eynən A.Çovdarova bənzəyən gənc Çovdarov kitab seçir. Detektiv kitab bölməsində... Bunun özü də bir başqa söhbətin mövzusudur.
 
Ruslan bəylə bulvardakı çayxanalardan birində oturub, bizi, sizi maraqlandıran bütün suallara cavab tapmağa başladıq.
 
- Evin tək oğlusuz. Amma ailə üzvlərinizin adı bu yaxınlarda mətbuatda daha çox hallandı. Daha çox əmlak siyahısı yayımlananda. Məlum oldu ki, bazarın yarı hissəsi bacınızın adına idi. Başqa əmlaklar ananızın, sizin adınıza olub və sair. Bu qədər əmlakı atanız ailə üzvləri arasında bölüb?
 
- Xeyr. Tamamən yanlış informasiyadır. Öncə qafqazinfo.az saytında belə xəbər çıxdı ki, Akif Çovdarovun 26 milyonluq əmlakı var. Bir həftə üstündən keçəndən sonra ya lent.az, ya da APA-da belə xəbər yayıldı ki, Akif Çovdarovun 33 milyonluq əmlakı var. Mən dost-tanış arasında dedim ki, tələsməyin, gələn həftə 40, ondan sonrakı həftə 50, sonra 60 milyona qaldıracaqlar bunu... Artıra-artıra 100 milyona qədər çatdıracaqlar. Siz özünüz də bilirsiz ki, yazını maraqlı etmək, oxutmaq üçün belə şişirtmələrə yol verir həmkarlarınız. Qaldı ki, əmlaklara, atamla mən eyni evdə yaşayırıq. Bizim bir evimiz var, içində yaşadığımız. Bir də dövlət tərəfindən verilən yeni tikilidə bir mənzilimiz var. Bir də bağımız var. Olan əmlakımız budur. Mənim iki bacım var, hər biri ailəlidir, ayrı-ayrı ailələr sayılırlar. Yeznəmin biri uzun müddət Rusiyada işləmiş iş adamıdır. Bayaq da sual verirsiz ki, nəylə dolanırsız? Təbii ki, bu günə qədər görülən işlərlə, bizneslə. Yeznəm orda atamla birgə taxta-şalban biznesində olub. O biri yeznəm də Gürcüstanda tanınmış, imkanlı, ziyalı ailədəndir. Əmircanov nəslindəndir.
 
- Əsas sual da odur ki, general maaşı ilə onun əldə etdiklərini qazanmaq mümkün deyildi...
 
- Bəli, bunu tez-tez deyirlər. Sırf bizneslə məşğul olmasının nəticəsidir onun əldə etdikləri. Mən dəfələrlə demişəm və yenə də deyirəm ki, 1996-97-ci illərdə sərəncama götürülmüşdü. O zaman Daxili İşlər Nazirliyində narkobizneslə mübarizə baş idarəsinin rəis müavini idi. Müəyyən vaxt işsiz qaldı. Ailə saxlamaq asan məsələ deyil. Həmin vaxt atam özünə Rusiyada taxta-şalban biznesi qurdu. Yeznəm də onda Rusiyada yaşayırdı, bu işi onunla birgə qurdu. Məsələn, kimsə bina tikir. Siz də məndən xahiş edirsiz ki, bəlkə tanış bina tikənin var? Mənim də o insanla tanışlığım varsa, sizi o adamın yanına göndərirəm, siz də gedib o evi alırsınız. Bu gün də mənim başıma iş gəlir, həbs edilirəm, çətinliyə düşürəm. O dost dediyim adam gəlib istintaqa ifadə verir ki, Akif Çovdarov o evi mənim əlimdən alıb. Amma siz özünüz də bilirsiniz ki, o adamların əlində məbləğin tam ödənilməsi barədə qəbzlər var. Əmlakın şişirdilməsi də budur. Həmin ittiham aktının içində olan bütün evlər atamın adına yazılıb. Filan yerdə mənzil, Yasamalda 250 kvadratmetr sahəsi olan 6 mənzil və sair və ilaxır. Bunların hamısı kimlərinsə evidir. Ya da dələduzlardan zərər çəkənlərin, zərər çəkdikləri üçün bu evi qaytaranların evləridir. Hansısa dələduz bir evi iki nəfərə satıb, sonra o adamlar həmin evi qaytarıblar. Bu gün isə həmin işləri Akif Çovdarovun adına yazırlar.
 
“Bayaq da sual verirsiz ki, nəylə dolanırsız? Təbii ki, bu günə qədər görülən işlərlə, bizneslə...”
 
- Yəni, deyirsiz ki, o evlərdən heç bir kirayə əldə etmirsiz, onların sizə aidiyyatı yoxdur?
 
- Nə kirayə, ay xanım? Mən deyirəm ki, bizim o evlərdən xəbərimiz belə yoxdur.
 
- O zaman ANS sizin evinizin qabağından bir reportaj hazırlamışdı. Siz işdən çıxan vaxt. Badamdardakı üç villanı göstərib demişdilər ki, bunların birində Akif Çovdarovun özü, digər ikisində isə oğlu ilə qızı yaşayır...
 
- Tamamilə yalandır. Atamla mən bir evdə yaşayırıq. Birində isə iş adamı olan yeznəmgil yaşayır. Qalanları qonşularındır. Yəni bizim Çovdarov ailəsinin bir evi var, qalanı ayrı ailənindi. Onun bizə nə dəxli var?
 
- Əgər dediyiniz kimidirsə, bu evləri, mülkləri sizin atanızın adına yazmaqda, bu cür hallandırmaqda məqsəd nədir ki? Başqa maddə üzrə aça bilməzdilər cinayət işini?
 
- Məqsəd Akif Çovdarovu cəmiyyətə pis, korrupsioner insan kimi təqdim etməkdir. İctimaiyyət də bunu gözəl anlayır. Bir həftə yazırlar 26 milyonluq əmlakı var, o biri həftə deyirlər, 33 milyonluqdur... Bu, nə dərəcədə inandırıcıdır?
 
- Hər halda, bu informasiyanın mənbəyi istintaqdır. İstintaq bunu niyə etsin?
 
- Bəlkə istintaqdır, bəlkə də qəzetlər bir-birindən köçürə-köçürə yalanı yayırlar, bilmək olmur ki? Olanın da üstünü artırırlar, şişirdib yayırlar. Nə var, nə var, iki nəfər daha artıq adam oxusun bunların yazısını...
 
- Kürdəmirdəki balıq təsərrüfatından da danışaq. Siyahıda onun da adı var...
 
- Ora mənim atamın yaxın dostunundur. Mən də istintaqda ifadəmdə də vermişəm ki, iş başlayanda mən də ona qoşulmuşdum. Sənədləşmə işlərinə də səhv etmirəmsə, 10-15 min manat xərcim çıxmışdı. Sonradan o yerin yiyəsi - Fəttah müəllim bankdan kredit götürdü, yavaş-yavaş oranı düzəltdi. İndinin özündə də oranı idarə edir və tam mülkiyyət hüququ ondadır. Ordan mənim bir qəpik xeyrim olmayıb və yoxdur. Mən Milli Məclisdə işə düzələndən sonra bu işlərdən uzaqlaşdım. Rəsmi işim oldu...
 
- Bəs adınıza yaradılan MMC?
 
- Elə haqqında danışdığım söhbət bu idi də. Balıq təsərrüfatı ilə bağlı yaradılan MMC idi. Sənədləşmədə iştirak etdim, sonra bu işdən kənarlaşdım.
 
- Kürdəmirdə aldığınız torpaq sahələri barədə iddialar da var. Hətta yerli əhalini ordan zorla çıxardığınız deyilir. Buna da bir aydınlıq gətirək.
 
- Balıqçılıq təsərrüfatını bayaq da dediyim kimi, Fəttah Seyidov idarə edir, özü bu səviyyəyə çatdırıb, indi də mülkiyyət hüququ ondadır, o işlədir. Xeyri olur, olmur, özünün işidir. Mənim xeyrim o işdən odur ki, Bakıya gələndə üç balıq gətirər, oturub yeyərik. (gülür) Oradakı torpaq sahələrinə gəlincə, məsələn, yazırlar ki, nar bağımız olub, qiyməti də 500 min. Nar bağı sahəsi deyilən ərazi ilə bağlı 2011-ci ildə Fəttah müəllim icarə müqaviləsindən imtina etmişdi, icra hakimiyyəti onu başqa adama icarəyə vermişdi. İndi o adam həmin sahədə nar bağı salıb, ora pul qoyub, pul götürüb, öz işidir. Onu da bizim adımıza yazırlar. Başqa torpaq sahələri də onun kimi. Araşdırsaz görərsiz ki, həmin torpaq sahələrinin müqaviləsinə 2011-ci ildən xitam verilib və başqa adamların adına keçirilib.
 
- Ruslan bəy, sizinlə bağlı yayılan informasiyalardan biri də odur ki, siz atanızın işlərində birbaşa iştirakçı olmusuz. Bəzən informasiya yığmaqda, bəzən vasitəçilik etməkdə, bəzənsə...
 
“Görüşə gedəndə balaca oğlumu da özümlə apardım ki, şüşədən də olsa görsün heç olmasa. Atam o qədər darıxırdı ki, nəvəsindən ötrü. Çox ailəcanlıdır atam”
 
- Tamamilə yalan informasiyadır. Heç vaxt atamın işinə qarışmamışam. Heç atam da həyatı boyu gəlib evdə işindən danışmayıb. Özünüz də bilirsiz ki, atamın işi xüsusi xidmət orqanında olub. Özü də işində güclü mütəxəssis, əməliyyatçı olduğu üçün heç vaxt işi barədə evdə danışmazdı. Bilirdi ki, bunu danışmaq olmaz. Ona görə də nə o, danışardı, nə də mən soruşardım. O ki qaldı, hansısa işində vasitəçilik etməyə...
 
- Kəndinizdən hazırlanan reportajları oxuduq. Kənd camaatı iddia edirdi ki, o, elinə-obasına çox yaxşı adam olub, can yandırıb-filan. Bəs evində, ailəsində necə idi? Məsələn, necə ata idi? Necə ər idi?
 
- Tərifləmək kimi çıxmasın, amma deyəcəm. Çox gözəl ailə başçısıdır. Uşaqlarını, nəvələrini sevən adamdır. Görüşə gedəndə balaca oğlumu da özümlə apardım ki, şüşədən də olsa görsün heç olmasa. O qədər darıxırdı ki, nəvəsindən ötrü. Çox ailəcanlıdır atam.
 
- Yəqin oğlunuza atanızın adını qoymusuz...
 
- Yox, öz babamın adını qoymuşam - Temirxan. Elinə-obasına bağlı adamdır. İldə bir dəfə atamın məzuniyyəti olub. Onu da bütün ailə səbirsizliklə gözləyirdi ki, ailəlikcə kəndə gedəcəyik, tətilimizi orda keçirəcəyik.
 
“Çovdarov ailəsinin orda bir evi var, qalanın bizə nə aidiyyəti?”
 
- Yay istirahətinizi hər zaman kənddə keçirirdiz? Avropada, Türkiyədə yox, kəndinizdə?
 
- Yayı kəndə gedirdik. İldə bir-iki dəfə Gürcüstanda dincəlmişik. Təbii ki, xaricə də getmişik, başqa ölkələrdə də olmuşuq. Amma Gürcüstan bizim üçün ilk növbədə olub. Bu insan ondan həzz alırdı ki, kəndin çayxanasında otursun, kənd adamları, öz uşaqlıq dostları, ağsaqqallarla söhbət etsin, onların dərd-səri ilə maraqlansın... Adama da o pis təsir edir ki, atamın qorxunc obrazını yaradırlar. O biri tərəfdən heç soruşan olmayıb ki, onun heç müsbət tərəfi yoxdur?
 
- Kənd camaatı deyirdi ki, atanız heç toyuq başı da kəsməyib. Doğrudanmı belə kövrək olub?
 
“Evdə biz onun səsini qaldırdığını eşitməmişik”
 
- Əlbəttə. Çox kövrək olub, çox. Tərifləmirəm atamı, tanıyanlar bilir ki, yazılanlar atama uyğun deyil. Mən onun övladıyam, amma sizə deyirəm ki, mənə bir dəfə də olsun əl qaldırmayıb. Halbuki ata oğulu uşaqlıqda yüngülvari vurar da, cəzalandırar da. Evdə biz onun səsini qaldırdığını eşitməmişik. Çox ciddi adam olub, öz yerində. O otağa girəndə mən ayağa qalxmışam.
 
- Ananızdan danışaq mümkünsə. O nə deyir bütün bu olanlara? Evdar xanımdır və hələ mətbuat onunla tanış deyil...

Загрузка...
Загрузка...