Atambayev-Nazarbayev: Savaşın gizlinləri

 
    
 
Qırğızıstan və Qazaxıstan arasında son vaxtlar başlanmış gərginlik səngimək bilmir. “Cümhuriyət” qəzeti xəbər verir ki, Qırğızıstan prezidenti Almazbek Atambayev növbəti dəfə qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi ölkəsinə qarşı təzyiqlər göstərməkdə günahlandıraraq kəskin tənqid edib. Atamabayev deyib ki, “qoca diktatordan” üzr istəmək fikrində deyil. Atambayev qeyd edib ki, Qırğızıstan Qazaxıstan rəhbərliyinin şıltaqlıqlarına görə Avrasia İqtisadi İttifaqı ilə əlaqəsini itirib.
 
Qeyd edək ki, Nursultan Nazarbayev seçki kampaniyasından az əvvəl Qırğızıstan prezidentliyinə namizədlərdən biri - Omurbek Babanovu qəbul etdikdən sonra Atambayev onu ölkənin daxili işlərinə qarışmaqda günahlandırmışdı. Atambayev bu seçkidə başqa bir namizədi - Sooronbay Jeyenbekovu dəstəkləyirdi və son nəticədə seçkidə məhz o qalib gəlib.
 
Gərginliyin arxasındakı məqamlar
 
Gərginliyin pik həddə çatmasından sonra Qazaxıstan rəsmiləri sərhəddəki yoxlama prosedurlarının sərtləşdirilməsinin heç bir siyasi motivi olmadığını bildiriblər. Lakin noyabrın 15-də verdiyi bəyanatda Atambayev sərhəddə yaranmış vəziyyətu “blokada” adlandırıb. Xatırladaq ki, dekabr ayında vəzifəsindən gedəcək Almazbek Atambayev oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərindən əvvəl Qazaxıstan hakimiyyətinə qarşı sərt açıqlamalar vermişdi. O, Nursultan Nazarbayevi Qırğızıstanın daxili işlərinə qarışmaqda ittiham etmişdi. Prezidentə yaxın siyasi dairələr isə Qazaxıstanın Rusiyanın təzyiqi altında Qırğızıstanda “narıncı inqilab”a hazırlaşdığı iddiasını gündəmə gətirmişdilər. Seçkilərdən sonra isə Almazbek Atambayev Qazaxıstan prezidenti haqqında əvvəllər dediyi xoş sözlərdən imtina etdiyini və bu fikirləri hisslərə qapılaraq dediyini bildirdi: “Zənn edirəm ki, prezident Nazarbayev haqqında xoş sözlər deyərkən, səhv etmişəm”. Gərginlik iki ölkənin sərhəd-keçid məntəqlərinə də daşınıb. Vətəndaşların gediş-gəlişləri üzərində nəzarəti gücləndirən həm Qırğızıstan, həm də Qazaxıstan hökuməti bununla sərhəddə sıxlığın yaranmasına səbəb olub. Qırğızıstan Gömrük Xidməti sərhəddə yaranmış gərginliyin məsuliyyətini Qazaxıstan tərəfi daşıdğını iddia etdiyi halda, qarşı tərəf buna baxmayaraq, sərhəd məntəqələrində nəzarəti gücləndirib. Qırğızıstan hökuməti də buna cavab olaraq, Qazaxıstandan bir sıra kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyub.
 
Gərginlik səngimişdi, lakin Atambayev...
 
Tərəflər arasındakı gərginliyin pik həddə çatdığını nəzərə alan tərəflər problemləri həll etmək üçün müzakirələrə başlayıblar. Bir neçə gün əvvəl Özbəkistanın paytaxtı Səmərqənddə bir araya gələn xarici işlər nazirləri - Kayrat Əbdürrəhmanov və Ərlan Abdıldayev gərginliyi yaradan səbəblər barədə danışıblar. Görüşdən sonra Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirildi ki, tərəflər ikitərəfli münasibətləri inkişaf etdirmək, ticarət və iqtisadi problemlərin həll edilməsi məsələləri üzərində anlaşıblar. Nazirlər gərginliyin aradan qaldırılmasınadək müzakirələrin davam etdirilməsinə qərar veriblər. Lakin buna baxmayaraq, Almazbek Atambayevin Nazarbayev haqqında səsləndirdiyi son fikirlər tərəflər arasındakı diplomatik böhranın miqyasını böyütməklə yanaşı, yenidən sərhəd-keçid məntəqələrində sıxlığın yaşanmasına səbəb olub.
 
Halbuki bir neçə gün əvvəl Qırğızıstanın baş naziri Sapar İsakov bununla əlaqədar Qazaxıstanın paytaxtı Astanaya gedərək burada qazax həmkarı Bakıtjan Sagintayevlə görüşmüşdü. Görüşdən sonra sərhəddə gərginlik azalmış, qapılar yük maşınları və insanların üzünə açılmışdı. Atambayev isə Qazaxıstanın ölkəsinin daxili işlərinə qarışmaq cəhdlərindən əl çəkmədiyini əsas gətirərək, yenidən özündə münasibətlərin dondurulması perspektivi yaradan gərginliyi ən “qaynar nöqtə”yə qaldırdı.
 
İssık-Kul gərginliyi
 
Qeyd edək ki, Qırğızıstan və Qazaxıstan hökumətləri arasındakı gərginlik 2010-cu ildən başlayır. Həmin il qırğız hökumətinin İssık-Kul bölgəsində yerləşən Qazaxıstana aid mehmanxanaları milliləşdirmək qərarı gərginliyə səbəb olmuşdu. Nursultan Nazarbayev Qırğızıstan hökumətinin bu qərarına sərt şəkildə etiraz etmişdi. O, Qırğızıstanı idarə edən hakimiyyətin iki ölkə arasında gərginliyə səbəb olacaq addımı atmayacağına ümid etdiyini bildirmişdi. Qeyd edək ki, Qırğızıstanın ən böyük turizm mərkəzlərindən biri sayılan İssık-Kul 49 il müddətinə Qazaxıstana icarəyə verilib. Buna görə də Nazarbayev qırğız hökumətinin bu addımının yalnış olduğunu dediyi halda, Qırğızıstan KİV-ləri bölgədəki otellərin Nazarbayevin ailə biznesinə aid olduğu iddiasını irəli sürmüşdü..
 
Su gərginliyi və münaqişəli ərazi
 
2013-cü ildə də gərginlikdə olan Qırğızıstan - Qazaxıstan münasibətlərini böhrana itələyəcək daha bir problem əlavə olundu. Belə ki, Qırğızıstanın şimalında yerləşən Talas vilayətinin Kaynar kəndinin 2008-ci ildə tərəflər arasında imzalanmış anlaşmaya görə qonşu ölkəyə verilməsinə etiraz olaraq, qırğız kəndlilər Qazaxıstana axan su kanalının qarşısını kəsdilər. Bir həftə ərzində kanalın qarşısını bağlı saxlayan qırğızlar bununla münasibətləri yenidən gərgin məcraya qaytardılar. Qazaxıstanın dönəm baş naziri Serik Ahmetov qırğız həmkarına zəng etdikdən sonra ölkə yetkililəri məsələyə müdaxilə etdilər. Lakin Qazaxıstanın Qırğızıstandakı səfirliyi bundan sonra açıqlama verərək, qırğız hökumətinin baş verənlərə səthi yanaşmasının tərəflər arasındakı əbədi dostluq münasibətlərini zədələyəcəyini bildirərək, gələcəkdə bu halın bir də yaşanmaması üçün Nazarbayevin adından Qırğızıstana xəbərdarlıq etdi. Bundan sonra kanalın qarşısını kəsən kəndlilər məhkəməyə verildi və bölgədə yaranmış münaqişənin qarşısını almaq üçün təmasların sıxlaşdırılmasına qərar verildi. Lakin buna baxmayaraq, bölgənin hansı ölkəyə aid olması üzərində mübahisə hələ də həll edilməmiş qalır.
 
Qeyd edək ki, Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin hakimiyyəti dönəmində 2008-ci ildə Qazaxıstan və bu ölkə arasında sərhəd anlaşması imzalanıb. Anlaşmaya görə Qırğızıstan Qazaxıstanla sərhədində yerləşən Talas vilayətinin Karkıra və Çuy bölgələrinə aid 4 min 800 hektar əraziləri qarşı tərəfə verməlidir. Qırğızlar anlaşmanın yenidən nəzərdən keçirilməsini tələb edirlər.
 
Mənsur Rəğbətoğlu
 
Cebhe.info

Загрузка...
Загрузка...