​Atam Rəsulzadə ilə məktublaşırdı” – Almas İldırımın oğlu

 
“Atam öləndə 80 lirə borc miras buraxmışdı”
 
Bir müddətdir Azərbaycan mühacirət ədəbiyyatının önəmli simalarından Almas İldırım haqqında xatirələri toplayıram. Onunla bir məktəbdə işləmiş müəllimlərin, siyasi mücadilə dostlarının, ailə üzvlərinin xatirələri Almas İldırımın şəxsiyyətini öyrənmək baxımından çox maraqlıdır.
 
Almas İldırımın oğlu şair Azər Almas bir neçə dəfə atası haqqında müxtəlif xatirələr yazıb, danışıb. Onlardan birini dilimizə uyğunlaşdıraraq Sizlərə təqdim edirik:
 
Dilqəm ƏHMƏD
 
***
 
Məni üç aylıq körpə ikən qucağında daşıyıb Türküstandan Elazığa gətirən atam Almas İldırım 1907-ci ilin 25 martında Bakıda doğulub. Hər türk övladının qanında olduğu kimi o da, Azərbaycanın əsarət altında olduğu günlərdə türk olduğunu canı bahasına hayqırıb, buna görə də yurdundan-yuvasından didərgin salınıb, möcüzə nəticəsində İrana, oradan da Türkiyəyə qaçıb. 
 
Doğulduğu yer olan Bakının Şüvəlan qəsəbəsinin Qala kəndini bircə dəfə də olsun görmək həsrəti içərisində 18 il Elazığın havasını tənəffüs edib, suyunu içərək sadəcə Vətəni üçün şeirlər yazıb. Təsadüfə bax ki, Malatyanın Qala bucağında da vəfat edib.
 
Onun gənclik illərini bu gün Bakıda yaşayan əmilərim və əmim oğlu Hacıağa Almaszadədən dinləmişəm. Atası, yəni babam Əbdülməhəmməd Bakının Çəmbərəkənd ərazisində çiftçiliklə məşğul olub. Atam və üç qardaşı həm ona kömək edib, həm də ilk və orta təhsilini Bakıdakı “İttihad” məktəbində tamamlayıb. Daha sonra Bakının ən yaxşı təhsil ocaqlarından biri sayılan Abdulla Şaiq adına Nümunə məktəbinə gedən atam orada iki ilə qədər oxuduqdan sonra (1925-1927) Azərbaycan Dövlət Universitetinin Şərq Ədəbiyyatı bölümünə daxil olub. Ancaq dövrün idarəçiləri atamın milli duyğuları ehtiva edən şeirlərini oxuyunca onu “atası tacirdir, oxuya bilməz” bəhanəsi ilə universitetdən uzaqlaşdırırlar. Ancaq həmin ərəfələrdə Azərbaycan ədəbiyyatının inkişafı üçün qurulan Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə daxil olaraq mücadiləsinə davam edən atam Qızıl Qələmlər İttifaqına üzv olmuş, fəqət bir müddət sonra onlara qarşı çıxan şeirlər qələmə alması və milli duyğuları tərənnüm etməsi nəticəsində ittifaqda üz-üzə qalmışdı.
 
İstanbulda “Həyat” adında bir jurnalda çap olunan “A dağlar” rədifli bir şeiri “bardağı daşıran” son damla olur və o, cəmiyyətdən çıxarılaraq Dağıstana sürgün edilir. Orada da dinc dayanmadığı və sosial qruplarla, xüsusilə gənclərlə yaxın münasibət quraraq onları təşkilatlandırmağa çalışdığı anlaşılınca, bu dəfə Türküstana, Aşqabad şəhərinə sürgün edilir. Orada müəllim kimi çalışmağa başlayır.
 
Aşqabad radiosunda səsləndirilən “Budur bizim ellər” və “Mayıs gözəlinə” adlı şeirləri və bəzi məqalələri üzündən təhlükəli hesab edilir. Aşqabada xüsusi olaraq göndərilən bir heyət tərəfindən təqib edilir. Axırının Sibir olacağı və “Türkün səsi” olma uğrunda yaşamasının vacibliyini dərk edərək orada evləndiyi anam Zivər xanımla bərabər ilk öncə İrana-Güney Azərbaycana qaçır. Oradan da Türkiyəyə köç edərək mücadiləsinə Elazığda davam edir. Mən bu qaçışda üç aylıq bir körpə idim. Elazığa anamın qucağında gəlmişəm.
 
Sormayın kimlərdənəm, haralıyam a dostlar,
Qızıl bir qurşun aldım, yaralıyam a dostlar!
 
deyən atam Almas İldırım artıq qorxmadan rəhmsiz kommunizmə və Vətənini işğal edən imperialist güclərə qarşı dayanmadan mübarizə aparır. 
 
Mənim atamı xatırladığım ilk xatirə lövhələri 1937-ci illərə gedir. Beynimdə qalan ilk səhnə isə bir kənd məzarlığında bir uşaq məzarına kiçik daşlar düzdüyüm bir mənzərədir. Bu məzarlar Türkiyəyə gəldikdən üç il sonra doğulan Eldəgəz və Yurdavar adlı əkiz qardaşlarıma aid məzarlar idi. Talesiz qardaşlarım doğulduqlarından qısa bir müddət sonra xəstələnib arda-arda 15 gün ara ilə vəfat etdilər. Adlarını ellərdə gəzib ən sonunda yurdlarına varmaları diləyi ilə atamdan alan qardaşlarım bu talehsiz qədərlə nə ellərdə gəzə bildilər, nə də yurdlarına vara bildilər.
 
1938-ci ildə doğulan qardaşıma Aras adını verən atam artıq səssiz və sakit bir insan olmuşdu. Daim düşüncəli və çox danışmayan bir xarakterə malik idi. Şeir yazarkən dodaqlarında daim bir mırıltı dolaşırdı. Bu mırıltını duyunca bilirdim ki, o, şeir yazır. Vətən həsrətindən başqa heç bir şeyi düşünməyən və əhəmiyyət verməyən xarakteri onun şeirlərinə daim hakim olub.
 
Könlümə tək Kəbə yapdım səni mən,
Qürbət eldə sənsiz nedəm günü mən,
Sənsiz nedəm Allahı mən, dini mən,
Azərbaycan, mənim taxtım, tacım oy,
Oyanmazmı kor olası bəxtim oy!...
 
deyərkən, bu hissiyyatını ən anlamlı şəkildə dilə gətirib.
 
Məktəb yaşıma çatdığım vaxt atam məktəbi olan bir nahiyəyə təyinatını istəyir və Elazığın Ağın bucağına göndərilir. İbtidai sinif vaxtlarıma aid xatırladığım günlər Ağında keçib. 1940-1945-ci illər arasında atamı tez-tez məktəbimdə görürdüm. Müəllimlərlə bərabər ədəbiyyat günləri təşkil edir, şagird və müəllimlərlə bərabər il sonu tədbirlər düzənləyir və pyeslər səhnəyə qoyarlardı. Bu arada Azərbaycanın məşhur əsəri olan “Məşhədi İbad” əsərini səhnələşdirdiyini və özünün də bu oyunda rol aldığı günləri xatırlayıram. Oxumağa və kitaba çox həvəsli olmasına görə evimizi kitab ilə doldurmuşdu. Ayırdığı bütün pullarını kitabxanaya xərcləyən atamın sayəsində daha ibtidai sinif dönəmimdə hind şairi Robindranat Taqorun külliyyatına sahib olmuşdum. Buradakı xidmət illərini Ağının bütün kəndlərinə məktəb tikdirmək cəhdiylə keçirdi. Zənn edirəm ki, Ağında ilk bulağı o hazırlatdı və yenə eyni yerdə dərə kənarındakı Xalq Evini də o qurdu.
 
Unutmadığım bir xatirəm də, Xalq Evində kəndli uşaqlara öyrətdiyi şahmat yarışmalarında hakimlik etməsidir. Mən və qardaşlarım, orta məktəb və lisey yaşlarıma gəldiyimizdə atam bizim üçün Elazığda bir ev tutdu. Təbii ki, bu vəziyyət onu sıxıntı içərisində buraxdı. Zira, mən və qardaşımın oxuması üçün özü təkbaşına təyin olunduğu ucqar ərazilərdə qalmaq məcburiyyətində idi. Onu, ayda bir-iki dəfə görürdük. Atamın üzündəki sakit və əzgin görünüşü unutmaq mümkün deyil. Azərbaycan və Vətən həsrətinə bir də yuva və uşaqlarının həsrəti əlavə olunmuşdu, heç gülümsəmirdi. 1945-ci ildə Odkan, 1950-ci ildə Bakuhan adlı qardaşlarım dünyaya gəldi.
 
Əslində, heç bir şeyə əhəmiyyət verməyən bir xarakter içində olan atam uşaqlarını Elazığa yanımıza gətirdiyində bir neçə gün görür və eyni düşüncəli və həyatından bezmiş bir tövrlə çıxıb gedərdi. Aşırı dürüstlüyünün səfalətini və acısını xanımı və dörd uşağı çəkərdi. Unutmadığım bir xatirə isə içini çevirərək geyindiyim kostyumumun sol yerinə düşən sağda olan döş cibini məktəbdə göstərməmək üçün göstərdiyim cəhddir. Eyni çiləni məktəb çağlarında anam və qardaşlarım da çəkib. Atam 1952-ci ildə vəfat etdiyi zaman miras olaraq bizə sadəcə xatırladığım qədər 80 lirə borc buraxmışdı. Bir də belə bir vəsiyyət:
 
Mən qürbətdə ölərsəm, qəlbimə soxma çilə,
Söylə, dostlar gömməsin nəşimi torpaqlara,
Yaxaraq vücudumu kül edib verin yelə,
Bəlkə, bir zərrə atar rüzgar bizim dağlara...
 
Bəli, Vətən sevgisini və həsrətini bu qədər içində gəzdirən başqa kimsəni tanımadım. Üzərinə götürdüyü vəzifə hissi onun gənc yaşda ölümünü hazırlamışdı. 1949-1950-ci illərdə dövrün hökuməti tərəfindən hər kəndə bir məktəb kampaniyası başladılmışdı. Atam Bucak müdiri olaraq Qala nahiyəsinin bütün kəndlərinə məktəb tikdirmə cəhdləri içində tam il yarım atının belindən düşmədi. Əslində, İran/Güney Azərbaycandakı işgəncə əsnasında başlayan böyrək üşütməsi və iltihablanması xəstəliyinin irəliləməsinə səbəb oldu. Bu səbəblər nəticəsində 1952-ci ilin 14 yanvar tarixində onu itirdik.
 
Ömrü boyunca əlindəki imkanlar çərçivəsində Türkiyədəki azərbaycanlı yurddaşları ilə bağlantı qurmuşdu. Ən çox mərhum Məhəmmədəmin Rəsulzadə ilə məktublaşıb təşkilatlanma fəaliyyəti içində olduğunu xatırlayıram. Türkiyə Cümhuriyyətini bağımsızlığına qovuşduran Atatürkə böyük bir heyranlıq duyardı. Hətta dərdləşdiyi, şeir ithaf etdiyi Gölcük gölünün ismini Xəzər etməsi üçün Atatürkə məktub yazdığını bilirəm. Uca Atatürk də onu üzməyib gölün adını Xəzər gölü olaraq dəyişdirmişdi.
 
Əlindəki bütün imkanları türk dünyasının birləşməsi və türk adının dünyaya tanıdılması üçün istifadə etdi. Daha ibtidai sinif dönəmindən mənim kitabxanam Nihal Atsız və Ziya Gökalp kimi şairlərin külliyyatı ilə dolu idi. Bir gün gəlib türk adının bütün dünya millətləri arasında hörmətli yerini alacağı inancını heç itirmədi. Gənclərə çox güvənər və onların gələcəyinə ümidlə baxardı...