“Atam dövlət işində işlədiyi üçün mülklərini başqasının adına keçirirdi”- məmurun dəhşətli qətli ilə bağlı qızının dedikləri

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Xalidə Isgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqanın Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində tanınan, təqsirləndirilən X.İsgəndərovanın qızı Əmanə və digər qızı Bülbül proses iştirakçılarının suallarına cavab verdi.
“Üstümə qışqırırdı. Bir dəfə də üzümdən sillə ilə vurdu”
Əmanə prokuror Fərid Nağıyevin suallarına cavab verərkən bildirdiki, atasının anası tərəfindən öldürülməsi ilə bağlı verdiyi ifadə yalandır və müstəntiq onu aldadaraq belə bir ifadə alıb: “Müstəntiq mənə dedi ki, ananı ömürlük həbsə atdılar. Əgər onun dediyi kimi ifadə versəm, anamı xilas edəcək. Dedi ki, sənə kişi sözü verirəm. Mən də qorxurdum, razılaşdım. Sonradan məlum oldu ki, məni aldadıblar.
Mənə Nizami Rayon Polis İdarəsində də təzyiq olub. Firdovsi adlı şəxs dedi ki, hadisəni danış. Sonra telefonu qulağına qoydu. Mən də gözlədim ki, danışıb qurtarsın, sonra danışmağa başlayım. Birdən telefonu yerə qoyub, üstümə qışqıraraq məni “dubinka” vurdu və “danış” dedi.
Müstəntiq Orxan Əhmədov da ifadə alarkən mənə qarşı kobudluq edirdi. Üstümə qışqırırdı. Bir dəfə də üzümdən sillə ilə vurdu. Evə gələndə anam gördü. Soruşanda kimin vurduğunu dedim. Anam Orxanın yanına gedib demişdi ki, sən kimsən ki, mənim qızımı vurmusan? Orxan mən də onun bir dayısıyam deyəndə anam “Allah eləməsin ki, onun sənin kimi dayısı olsun" deyərək cavab vermişdi”.
“Atamı bıçaqlayan oğlan dedi ki, mən bilirəm toy eləmisiniz. Qızılları istədi”
Əmanə proses iştirakçılarının suallarına əsasən hadisə baş verən gün yaşananları yenidən danışdı. O, hadisə baş verən gün olanları belə xatırladığını dedi: “Həmin gecə saat 2-də yatmışdım. Anam da uzanmışdı. Səhər oyananda anam Xırdalana getmək istədiyini dedi. Nənəmin vəziyyəti ağırlaşmışdı. Anam mənimlə getmək istəyirdi. Atam dedi ki, uşaq gec yatıb, onu oyatma.
Sonra mən oyananda atam həyətdə, qarajın yanında idi. Məni çağırıb telefonunu və maşının açarını istədi. Açarı tapa bilmədim. Telefon isə televizorun yanında idi. Telefonu "zaryatka"dan çıxaranda qarajdan səs-küy eşitdim. Atam “köpəkoğlu" deyə qışqırdı. Saat 9:25 olardı. Anamı səslədim. Mən qaraja gedəndə atamı qanlar içində yerdə uzanan gördüm. Bir nəfər oğlan da əlində bıçaq orada idi. Anam atamın başını dozləri üstünə qoyub qışqırırdı ki, “Füzuli, biz axı Şamaxıya gedəcəkdik. Bizə söz vermişdin. İndi hara gedirsən? Mən xəstə anamın yanına gedəcəkdim. İndi başımıza gələnə bax”. Anam həmin oğlanın üstünə qışqırdı ki, niyə belə elədin. O da dedi ki, açarı və pulları istədim vermədi.
Sonra həmin oğlan anamdan qızılların və pulun yerini soruşdu. Anam da dedi ki, biz ev yiyəsi deyilik, bilmirik. Həmin adam dedi ki, mən bilirəm ki, siz toy eləmisiniz. Qızılları və pulu istədi. Sonra mənim boğazıma bıçaq dayayıb bizi evə gətirdi. Anam qızılları ona verdi. Bir də çantasındakı 50, 5 və 1 manatı”.
Əminə həmin şəxs evdən getdikdən sonra bacısı Bülbülə, bibisi oğlu Orxana və təcili yardıma zəng etdiyini dedi.
“Bibim gəlib atamın qulağını doldururdu ki, sən qazanırsan, qızların dağıdırlar”
Zərərçəkmişin hüquqi varisinin vəkilinin suallarını cavablandıran Əmanə İsgəndərova suallara cavab atası və anası arasında olan münasibətlərdən danışdı: “Atamla anamın münasibətləri yaxşı idi, bircə bibimə görə bəzən mübahisə edirdilər. Bibim gəlib atamın qulağını doldururdu ki, sən qazanırsan, qızların bahalı geyimlər geyinir, pulunu dağıdırlar. Buna görə də anamla atam arasında mübahisələr olurdu".
Əminə bir neçə il əvvəl anasının ehtiyatsızlıqdan böyük bacısına bıçaqla xəsarət yetirməsindən də danışdı: “O vaxt evimizdə təmir gedirdi. Evdə ustalar işləyirdi. Bülbül ağlayıb deyirdi ki, gəzməyə gedək. Anam da əsəbiləşib əlindəki bıçağı mərmərə çırpanda Bülbülə dəydi”.
Prokurorun “atanı kimin öldürdüyündən şübhələnirsən” sualına Əminə “atamı fəhlələri, ustaları öldürə bilər deyə düşünürdüm” deyə cavab verdi.
Məhkəmə prosesində Əmanənin ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. Onun məhkəmədə verdiyi ifadə ilə ziddiyyət təşkil edən hissələr olduğundan dəqiqləşdirmə aparıldı və burada yenidən ona suallar verildi. Əmanə məhkəməyə verdiyi ifadəsini təsdiq etdiyini, istintaqa verdiyi ifadə zamanı qorxduğunu və hadisənin təsirində olduğunu bildirdi.
Xalidə İsgəndərovanın vəkili söz alaraq qeyd etdi ki, Əmanə saat 14:30-da dindirildiyi halda Xalidə İsgəndərova saat 12:55-də qızının verdiyi ifadəyə görə saxlanılıb: “Bu necə ola bilər ki, Xalidə saxlanılandan 2 saatdan çox müddət keçəndən sonra Əmanə ifadə verir? Halbuki, Əmanə ifadə verməyə başlayanda artıq Xalidə həbs olunmuşdu”.
Məlumat üçün bildirək ki, hadisə baş verərkən- 2014-cü ildə Əmanənin 14 yaşı olub və buna görə ona qanuni nümayəndə təyin olunub. Bu il, mayın 9-da Əmanənin 16 yaşı tamam olduğu üçün onun qanuni nümayəndəsinin fəaliyyətinə xitam verilib.
“Bacım mənə dedi ki, atamı anam bıçaqlayıb”
Prosesin davamında Xalidə İsgəndərovanın böyük qızı Bülbül ilk dəfə olaraq ifadə verdi.
Qeyd edək ki, qət hadisəsindən bir gün əvvəl Bülbülün toy mərasimi olub. Hadisə baş verən vaxt Əminə Bülbülə zəng edərək xəbər verib.
“Əminə zəng edəndə ağlaya-ağlaya dedi ki, Bülbül, atam, atam... Atamı bıçaqladılar. Sonra qorxdum, bir də anamı yığdım. Anam dedi ki, atan ölür, tez gəl. Biz evə gələndə Əmanəni gördüm. Dedi ki, atamı xəstəxanaya aparıblar. Biz xəstəxanaya gedəndə atamın öldüyünü öyrəndik”- deyə bülbül məhkəməyə ifadəsində bildirdi.
Bülbül bundan sonra bacısı Əmanə ilə birlikdə xalasıgildə qaldıqlarını və həmin vaxt bacısının ona danışdıqlarını dedi: “Əmanə çox qorxurdu. Mən ondan hadisə necə baş verib deyə soruşdum. Dedi ki, əgər danışsa, onu da anamı da tutacaqlar. Mənə dedi ki, atamı anam bıçaqlayıb, səbəb isə atamın anamı maşınla Xırdalana aparmaması olub”.
Hakim bülbülün bu ifadəsindən sonra Əmanəyə söz verərək bu barədə danışmasını istədi. Əmanə isə bacısının yalan danışdığını, bibisinin və başqa şəxslərin təsirinə düşdüyünü söylədi.
Bülbülü ifadəsinin davamında bacısını və dayısını hərəkətlərindən şübhələndiyini bildirdi: “Bacımın belə deməsindən şübhələnirdim. Dayım imkan vermirdi ki, biz bir yerdə qalaq. Oturub danışanda belə yanımıza gəlirdi. Sonra Əmanəni mənim yanımdan apardılar. Mənimlə danışmasına izacə vermirdilər. Sonradan bacım da bu haqda danışmaq istəmirdi. Mənə deyirdi ki, sən burnunu bu işə soxma. İndi mən bibim Cəmilə ilə birlikdə qalıram. Boşanandan sonra onlarda yaşayıram”.
Bülbül bacısı Əmanədən fərqli olaraq atası ilə anasını arasında münasibətlərin normal olmadığını və onlar arasında dəfələrlə söz-söhbətin, dava-dalaşın olduğunu dedi: “Bir-birlərini başa düşmürdülər. tez-tez mübahisə edirdilər. Mən atama daha yaxın idim. İstəmirdim ki, ailəmiz dağılsın. Atamı sakitləşdirməyə çalışırdım. Anam bir neçə dəfə bibimlə dalaşıb, dayımın arvadını boğmaq istəyib, atamla mübahisələri olub”.
“Atam dövlət işində işlədiyindən mülklərini başqasının adına keçirirdi”
21 yaşlı Bülbül ifadəsində xalasıgildə yaşadığı müddətdə eşitdikləri və gördükləri barədə də məlumat verdi. O qeyd etdi ki, həmin ərəfədə atasının mülkünün bölünməsi ilə bağlı söz-söhbətlərə şahidlik edib: “Xalamgildə olanda atamın mülklərinin bölüşdürülməsi davası olurdu. Atam dövlət işində işlədiyindən mülklərini başqasının adına keçirirdi. Yaxşı ki. elə başqasının adına olub. Dayım deyirdi ki, atamın 4 mərtəbəli obyekti satılanda 50 minini özü götürəcək. Bilmirdilər ki, necə bölsünlər. Mən orada olanda xalamın dəfələrlə atamı söydüyünü eşitmişəm. Məhkəməyə gələndə zala çağırılmağımı gözləyirdim. Maşında oturmuşdum. Dayım İlyas mənə yaxınlaşıb, atamı söyməyə başladı. Mən isə heç bir cavab vermədim”.
Bülbül hakimin bacısı ilə aralarındakı münasibətlə bağlı sualına cavab olaraq bildirdi ki, o, uşaq vaxtından bacısını çox istəyib və indi də aralarında düşmənçilik yoxdur: “Mən bacımla düşmən deyiləm. Ancaq onun dediklərindən şübhələnirdim. Mən indi də demirəm ki, atamı anam öldürüb. Buna məhkəmə qərar verəcək. Kim günahkardırsa, cəzasını çəksin”.
Hakim bu məsələ ilə bağlı Əmanəyə söz verərkən o bildirdi ki, bacısını  başını kimlərsə doldurur və ona görə də bacısı belə sözlər deyir: “Mən bacımla düşmən deyiləm. Ancaq görünür ki, bundan sonra düşmən olacağıq. Onun başını kim doldurduğu məlumdur”.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabr ayında baş verib. 1964-cü il təvəllüdlü Füzuli Haqverdi oğlu İsgəndərov yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Öldürülən şəxsin qızı Əmanənin ifadəsinə əsasən onun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Onu da bildirək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.