Asif Mərziliyə sui-qəsdlə bağlı cinayət işi Bakı Baş Polis İdarəsinə verildi

Martın 14-də, gecə saat 02:50 radələrində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin yaşadığı mənzilə bir qrup şəxs tərəfindən basqın edilərək benzin tökərək yandırılması barədə məlumat verilmişdi. Məlum olurdu ki, həmin vaxt tam təsadüfən bu yanğını görən qonşunun FHN-nin 101 xidmətinə zəng vurması, ardınca isə Asif Mərzilinin ailəsini yuxudan oyatması nəticəsində mənzilin yanaraq kül olmasının qarşısı alınıb. Fakt üzrə elə dünən Xətai rayon Polis İdarəsi İstintaq şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq hərəkətləri aparılır və cinayət işi Xətai rayon Prokurorluğunun nəzarətinə verilib.
Musavat.com-un əməkdaşı Asif Mərzili ilə telefon əlaqəsi saxlayıb bəzi məlumatlara aydınlıq gətirməyə çalışıb. Baş redaktor istintaqın gedişində hər hansı bir irəliləyişin olması barədə əlavə heç nə deyə bilmədiyini söyləyib: "Bilirsiniz ki, bu, təxribat və qisasçılıq məqsədilə törədilmiş cinayət hadisəsidir, peşə fəaliyyətimlə bağlı olduğuna əminəm. Hadisə təkcə jurnalistin özünə və ailəsinə qarşı deyil, həmçinin yaşadığım binanın sakinlərinə ciddi təhlükə yaradan düşmənçilik əməlidir. Çünki vaxtında xəbər tutmasaydıq, benzinlə törədilən bu cinayət əməli nəticəsində həyətdəki avtomobillər alışa və ciddi partlayış törədilə bilərdi. Bundan əlavə, yanğın törədilməsi üçün seçilmiş məkanın üzərindən çoxsaylı binaları qazla təmin edən boru xətti, bir neçə metrlikdə onlarla binanı elektriklə təmin edən yarımstansiya və binamızı elektriklə təmin edən «şit» yerləşirdi. Və yanğının törədildiyi yerdə onlarla avtomobil vardı. Təbii ki, vaxtında xəbər tutulmasaydı, dəhşətli hadisələr baş verə bilərdi".
"Bəs cinayət işinin istintaqı ilə bağlı nəsə irəliləyiş varmı" sualına baş redaktor belə cavab verib: "Vacib məqamlardan biri budur ki, cinayət işi bu gün Xətai RPİ-nin istintaq şöbəsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə verilib. Hesab edirəm ki, hadisənin ciddiliyini nəzərə alaraq cinayəti sifariş vermiş şəxs başda olmaqla, icraçılar tezliklə istintaq orqanına təhvil veriləcək. Çünki bu hadisə ictimai təhlükəlidir, həm də paytaxtda ictimai asayişin pozulmasına yönəlmiş aktdır".
Asif Mərzili həmçinin deyib ki, Azərbaycanın siyasi rəhbərliyi, prezident İlham Əliyev peşəkar fəaliyyətlə bağlı məsələlərdə jurnalistləri həmişə müdafiə edib, onların problemlərinə həssaslıqla yanaşıb: "İnanıram ki, bu cinayət hadisəsinin istintaqında da aidiyyəti dövlət qurumları qanunun bütün gücündən istifadə edəcəklər".
Musavat.com