​Asfalt zavodu olan başçı Masallını tar-mar edib gedir - Müdhiş faktlar

 
Masallının yollarından heç Afrikada yoxdur
 
Politika.Az-a şikayət edən rayon sakinlərinin sözlərinə görə, icra başçısı Rafil Hüseynov adicə yolları belə düzəltmədi.
 
Onların bildirdiyinə görə, Masallıya yeni rəhbər təyin olunacağı haqda söz-söhbət gəzir. R.Hüseynovun gedişinə sevinən cənub sakinləri bildirirlər ki, icra başçısı bu müddəti yelə verdi.
 
İndiyə qədər Masallıda bir çox işlər görmək mümkün idi. İcra başçısı isə sələfi Qəzənfər Ağayevdən fərqlənmədi və rayonu tar-mar etdi. Adicə yollara belə əncam çəkmədi Masallı rəzil gündədir.
 
Rafil Hüseynov bu rayona icra başçısı gələndən bu rayon günü gündən tənəzzulə uğrayır. Əhalidə günü gündən narazılıqlar yaranır. Prezident Adminstrasyasına ən çox şikayət məhz Masallı rayonun icra başçısındandır.
 
Masallıda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb.
 
İcra başçısının ələ keçirdiyi ən böyük obyekt Təzə Alvadı kəndində yerləşən Asfalt Zavodudur. Bu zavoda iş adamı Xudayar Rəhimovla şərikdir. Bu zavod ancaq «dövlət tapşırıqları»nı yerinə yetirməklə məşğuldur.
 
Belə ki, hər hansı bir kəndə asfalt yolun çəkilməsi lazımdırsa, bunu mütləq həmin zavod həyata keçirməlidir. Eyni zamanda, yolun çəkilişi üçün «şirinlik» də lazım gəlir və həmin məbləğ də 15 min manatdan aşağı olmur.
 
Politika.Az-a şikayət edən rayon sakinləri deyirlər ki, yolların bərbad vəziyyətdədir və zavodun rayona faydası yoxdur.
 
Bundan başqa, Rafil Hüseynov bir sıra işlərə də start verib. Məsələn, icra başçısı «İsti Su» Sanatoriyasının ərazilərinə Şıxlar kəndi yaxınlığında özünə torpaq sahəsi alıb.
 
Hazırda bu əraziyə asvalt yol çəkilib. R.Hüseynovun X.Rəhimovla şərikli bir obyekti də Yardımlı yolu üstə olan “REXO” istirahət mərkəzidir. Bir sözlə rayon Rafil Hüseynovun özəl mülkü hesab olunur.
 
Rafil Hüseynov Masallı rayonuna başçı təyin olunanda sabiq başçı Qəzənfər Ağayevin yolunu getməyəcəyinə ümid edirdilər. Ancaq çox tezliklə məlum oldu ki, ümidləri puça çıxıb. Bəzi məsələlərdə isə R. Hüseynov öz sələfinin atasına rəhmət oxudur.
 
Doğrudur, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dəfələrlə dövlət pul ayırıb. Hər dəfə də vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsi barədə hesabatlar yayıb. Amma faydasını xalqdan çox məhz məmurlar görüblər.