"Arvadımın adına 253 min manat kredit ayırdım" - vəzifəli şəxsin məhkəmə ifadəsi

 

 
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaiti mənimsəməkdə, ayrı-ayrı şəxslərin adına kredit ayırmaqda təqsirləndirilən “Zaminbank" ASC-nin filial müdiri Müşfiq Bayramovun məhkəmə prosesi keçirilib.
 
Musavat.com xəbər verir ki, bu işdə Müşfiq Bayramovla yanaşı filialın daha 6 əməkdaşı təqsirləndirilir. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Müşfiq Bayramovun həyat yoldaşı Aygün Bayramova ifadə verib. Məhkəmədə məlum olub ki, onun adına 253 min manat kredit alınıb.
 
A.Bayramova ifadəsində bu kreditdən xəbərinin olmadığını söyləyib: "Mənim bu məbləğdən xəbərim yoxdur. Ancaq öz adıma 3 min kredit olub. Bunu da ödəmişəm".
 
Təqsirləndirilən Müşfiq Bayramov deyib ki, 253 min manatlıq krediti həyat yoldaşına fiziki şəxs kimi verməyib: "Bizim mirvari satışı həyata keçirdiyimiz şirkətimiz var idi. Təsisçisi mən idim. Direktoru isə yoldaşım idi. Krediti də onun adına bu iş üçün ayırmışdım".
 
Məhkəmədə şahid kimi Vüqar Gözəlov da ifadə verib. Adına kredit götürülən V.Gözəlov bundan xəbərsiz olduğunu söyləyib: "Mən Müşfiq Bayramovu ikinci dəfədir, görürəm. Rəhmətlik atamla dost idilər. Atam da mənim sənədlərimi iki ildir götürüb cibində saxlayırdı. Moskvaya getməyimə imkan vermirdi".
 
Müşfiq Bayramov ifadəsidə Vüqar Gözəlova necə kredit ayrılmasını izah edib: "Atası ilə dost idik. Özü də kredit götürmüşdü. Mən xahiş etdim ki, oğlunun sənədini gətirsin kredit ayıraq".
 
Şahid ömür boyu bu qədər məbləğdə pul görmədiyini və heç bir halda ödəyə bilməyəcəyini deyib.
 
Məhkəmənin növbəti iclası oktyabrın 28-nə təyin edilib.
 
Qeyd edək ki, “Zaminbank" ASC-nin filial müdiri vəzifəsində işləmiş M.Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda pulu mənimsəməkdə təqsirli bilinir.
 
Onunla birlikdə bankın 6 əməkdaşı da təqsirləndirilir. Onlar zamindədir.