​“Artıq Kürdüstan layihəsini dəfn etmək olar”

Natiq Miri: “Kərkük əməliyyatı ABŞ və İsrailə də mesaj oldu”
 
 
Kərkük şəhərinin kürd hərbi qüvvələrinnən azad edilməsi bütün türk dünyasının sevincinə səbəp olub. Maraqlıdır, Kərkük əməliyyatından sonra müstəqil Kürdüstan layihsini dəfn edilmiş hesab etmək mümkündürmü?
 
Moderator.az -a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri Kərkük əməliyyatının Bərzani hakimiyyəti ilə yanaşı, bu hakimiyyətə arxa duran güclərə də ciddi xəbərdarlıq olduğunu vurğuladı:
 
 
 
“Kərkük və Kərkük ətrafındakı ərazilərin azad olunması bir daha göstərdi ki, özündə Mosul və Kərkükü də ehtiva edən müstəqil Kürdüstan layihəsi bir işə yaramayacaq. Iraq ordusu və İran dəstəkli Haşdi-Şabi güclərinin ortaq olaraq keçirdiyi əməliyyat yalnız İraq hakimiyyətindən gələn cəsarətli addım deyil. Bütün bu əməliyyatları həm də bilavasiə qonşu ölkələrin, xüsusilə də Türkiyə və İran kimi ölkələrin hərbi dəstəyi səviyyəsində düşünmək lazımdır. Bu, təkcə Bərzani hakimiyyətinə deyil, həm də bu hakimiyyətə dəstək verən, Kürdüstan layihəsinin memarı olan ABŞ və İsrailə də ciddi bir mesajdır. Bu, o deməkdir ki, regionda yeni bir İsrail dövlətinin yaranmasına imkan verilməyəcək. Məncə, bu ciddi bir mesajdır.  Artıq Kürdüstan dövlətinin yaradılmasından daha çox ABŞ və İsraili narahat edən məsələ Kərkük əttrafındakı ərazilərin İrana bağlı Haşdi-Şabi güclərinin əlinə keçməsidir.
 
Maraqlıdır ki, Mosul ətrafında PKK-nın yuvasına çevrilən bir sıra məntəqələr İraq ordusunun nəzarəti altına keçəndən sonra ABŞ və İsrail dərhal hərəkətə keçdi. Həmin ərazlərdə, xüsusilə də Kürdüstanın paytaxtı hesab edilən Ərbilə yaxın ərazilərdə peşmərgə ordusu geri çəkilərək öz mövqelərini ABŞ ordusuna təhvil verdilər. Bununla da İraq ordusunun hücumlarının qarşısını almaq məqsədi ilə sədd çəkdilər.
 
İndi Bərzani hakimiyyəti heç deyilsə 2005-ci ilə qədər olan Kürdüstan sərhədlərini əldə saxlamağa çalışır. Kürdüstan layihəsinin bir işə yaramadığı tək Bərzaniyə deyil, onun havadarlarına da bəlli oldu.
Bu prosesə bitmiş hesab etmək tezdir. Kərkük əməliyyatından böyük narahatlıq keçirən ABŞ və İsrail dərhal İŞİD kartını dövriyyəyə soxdular. İŞİD Kərkük ətrafında iki kəndi yenidən işğal etdi. Bir növ İraq ordusunun diqqətini İŞİD-ə cəlb etməyə çalışdılar. Bu xəmirin xeyli su aparacağını güman edirəm. Lakin söhbət konkret Kürdüstan layihəsindən gedirsə, bu layihəni dəfn etmək olar. Artıq bu prosesin ardınca Bərzani referendumun ləğvi ilə bağlı qərar verməsə, iqtisadi yöndə ciddi təzyiqlərə məruz qalacaq ki, bu da ilk növbədə onun hakimiyyətini ciddi təhlükə altına alacaq”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...