Artan qiymətlər üstəgəl kredit zülmü: ölkə sosial böhrana gedir? - təfsilat

Tarif Şurasının qərarı ilə elektrik enerjisinin qiyməti artdı. Artıq bu gündən bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub...
Politika.Az xatırladır ki, bundan əvvəl mayın 13-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.
Maraqlıdır, “Azərişıq” QSC-də, “Azərsu” ASC-də hansı xərclər artıb ki, maya dəyərində nə yüksəliş baş verib ki, suyun və kanalizasiyanın qiymətini qaldırır? Əgər heç bir əsaslandırma olmadan qiymət artımı baş verirsə, ola bilər ki, növbəti addımlardan biri kimi digər inhisarçılardan gələn təkliflər qəbul olunsun. Heç bir islahat olmadan, iqtisadi əsaslandırma aparılmadan bir gecənin içində Tarif Şurası vasitəsilə qiymətlər qaldırılır. Amma əslində öncədən bunun əsaslandırması və anonsu olmalı idi. Təəssüf ki, Azərbaycanda belə bir praktika yoxdur. “Azərsu” ölkədə təbii inhisarçıdır, hər hansı qiymət artımından öncə mütləq əhaliyə məlumat verməli, atdığı addımı əsaslandırmalıdır. Amma bu baş vermir. Bu halda insanlar digər sahələrdə də buna bənzər addımların atılma ehtimalının yüksək olduğunu düşünürlər.
İdarəetmənin fəlsəfəsini dəyişmədən, təbii inhisarçılarda korrupsiya hallarını aradan qaldırılmadan qiymətlərin qalxması heç bir effekt verməyəcək. İdarəetmənin effekti artırılmalıdır ki, qiymət artımı baş vermədən belə insanlara normal xidmət göstərmək olsun və itkilərin qarşısı alınmış olsun. Azərbaycanda isə təəssüf ki, idarəetmə forması dəyişdirilmir, ancaq qiymət artımı hesabına müəyyən problemlərin həllinə çalışırlar.
Bu sahədə qiymət artımı isə bir sıra məhsul və xidmətlərin bahalaşmasına əsas verə bilər. İnsanları ən çox narahat edən isə ictimai nəqliyyatda ola biləcək bahalaşmadır. Məsələn, metro, dəmiryolu və sairə. Elektrik enerjisindən daha çox istifadə edən Bakı Metropoliteni QSC, "Azərbaycan Dəmir Yolları" QSC-də qiymətlərin artacağı ilə bağlı artıq ehtimallar səslənir. Göründüyü kimi kommunal qiymətlər əhalinin güzaranına ard-arda zərbələr vurur. Digər bir tərəfdən isə sadə vətəndaş kredit zülmü altındadır. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank təşkilatlarının problemli kreditlərinin faizi 30-u keçib. Manatın iki devalvasiyasından sonra bu istiqamət üzrə böhran getdikcə dərinləşir. Artıq əhaliyə verilən kreditlər ciddi şəkildə məhdudlaşdırılıb. Xüsusilə də qeyri-bank kredit təşkilatlarının vəziyyəti daha ağırdır. Çünki arayışsız alınan kreditlərin verilməsi ciddi şəkildə çətinləşib. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, əsasən də bu cür xırda kreditlər əhalinin sosial problemlərinin həlli istiqamətinə yönəlirdi. Amma bu gün əhali bundan məhrum olmaq üzrədir. Belə olan halda asan yol ilə kredit almaq dayanacaq. Bu isə ümumilikdə ölkədə sosial durumu ağırlaşdıra bilər.