Armen Ciqarxanyanın gənc arvadı onu necə aldatdı -Ağlasığmaz xəyanətin hekayəsi

 
 
Məşhur səhnə ustası Armen Ciqarxanyan özünü erməni deyil, qafqazlı bilər. Aramızdakı Qarabağ düyünü haqda həmişə ürək ağrısı ilə danışar. İndi vəziyyət dəyişib. İndi  bu səhnə ustası barədə ürək ağrısı ilə danışmamaq mümkün deyil.
 
82 yaşlı aktyor, bir növ Məşədi İbad taleyini yaşayır bu gün. Deyir bel bağladığı, güvəndiyi dağlara qar yağıb sanki. Armen Ciqarxanyanın gənc arvadı Vitalina Tsımbalyuk-Romanovskaya ipə-sapa yatmır. Artıq ailənin bütün var-yoxu Vitalinanın ixtiyarındadır. Moskva notariuslarının ağır möhürləri, bu gün tanınmış aktyora ümid yeri qoymayıb.
 
Keçirdiyi əsəb, stress nəticəsində Ciqarxanyan xəstəxanaya düşüb. Mövzu, Rusiya mətbuatının manşetlərindədir indi. “Pryamoy efir” teleproqramına verdiyi müsahibədə Ciqarxanyan eşidin nələr deyib, nələrdən danışıb: “Həftənin sonunadək xəstəxanada qalacam. Sonrası barədə danışmaq hələ tezdir. Düzü, xəstəxanadan sonra bilmirəm hara gedim. Mənzil kirayələməliyəm. Şükür, dost-tanışlarım çoxdur. Saya gəlməz. İnşallah yaşayış yeri, pulla bağlı çətinlik çəkmərəm. O gün ən etibarlı dostlarımdan biri Armen Soqomonyanla mətbəxdə oturub başımı aşağı sallamışdım. Ağlagəlməz sonluq...82 yaşında evsiz-eşiksiz qalasan. Bunu düşmənlərimə də layiq bilmərəm. Həyat fanidi. Sevgilər solur. Qalırsan axırda tək-tənha, halalca arvadın belə əleyhinə qalxır”.
 
 
***
 
Andrey Malaxov- “Pust qovoryat” tok-şousunun əvəzolunmaz teleaparıcısı mövzuya biganə qalmayıb. Verilişlərinin birində bu məsələni xüsusi olaraq möhkəm qabardıb: “Adam da öz arvadı barəsində bu cür alçaldacıcı sözlər işlədər heç? Yazıq, bütün ömrü boyu, bağışlayın açıqlığıma görə, səni yuyub-yuduzdurub. Teatr tamaşaları zamanı fasilələrdə səni uşaq kimi ovcundan yedizdirib. Çay süzüb farfor fincanına. Başını sığallayıb. Düzü, Vitalinaya yazığım gəlir mənim. Neynək. Bəlkə ortada bilmədiklərimiz var. Ailədə nə desən baş verə bilər. Artıq-əskik danışmaq lazım deyil”.
 
***
 
Andrey Malaxov reytinq şkalasına görə Rusiyada ən çox qazanan jurnalistlərdəndir. İllik gəliri  1 milyon 200 min dollardı. Maksim Qalkin siyahıda üç pillə yuxarıdadı-gəliri 5 milyon dollardan azca azdı. İvan Urqant, Kseniya Sobçak, Olqa Buzova nisbətən az qazanırlar. Gəlirləri ildə 2-3 milyon ola-olmaya.
 
 
Belələrinin, necə deyərlər “ağzı isti yerdədi”. Belələri Ciqarxanyan kimi teatr səhnələrində qara fəhləlik etmirlər. Qara qəpiklərini alnının təri ilə qazanmırlar. Ona-buna bir söz atarlar, Ciqarxanyana bir başqa. Hələ bir ağıl da qoyurlar qocaman teatr ustasına: “Qocalmısan. Çəkil bir kənara. Arvadına qulaq as”.
 
***
 
Xəstəxananın baş həkimi Moskva jurnalistlərinə deyib: “Ciqarxanyan səhhəti indi nisbətən yaxşıdır. Ağlı başındadır. Arvadı ilə arasında mübahisə düşüb nədir, dəqiq bilmirəm. Arvadı səhlənkarlıq edib deyəsən. İkinci dərəcəli diabet xəstəsi  Armen Ciqarxanyana vaxtlı-vaxtında dərman həblərini içirtməyib. Nəticədə ağırdır. Xəstə bərk əsəbiləşib”.
 
Mənzərə, yavaş-yavaş ancaq indi aydınlaşır mənim üçün. Hadisələrin axarı bu cür imiş əvvəlcə-bir gün Armen Ciqarxanyan gözlərini açıb görür  vaxsey...bu nədir belə ilahi? Mal-mülklərinin bütün sənədləri notariusda başdan-ayağa dəyişdirilib.
 
Dönüb arvadı Vitalinanın halal malına!
 
Dəhşətli xainliyin üstünü Ciqarxanyan elə öz iş yerində, teatr məşqləri zamanı aşkarlayır. Əli gedir ürəyi üzərinə. Başlayır ucadan qışqırmağa “Faşistlər! Faşistlər!”
 
Səs-küyünə, haray-həşirinə teatra beş dəqiqə ərzində bütün erməni diasporu cəmlənir. Vaxtilə Armen Ciqarxanyana elə belə, dostyana 500 min dollar pul bağışlamış Artur Soqomonyan adlı bir mesenat, axır bütün bunlara bircə kəlməylə nöqtə qoyur: “Ustadı sakitləşdirin. Aparın xəstəxanaya”.
Moskva jurnalistlərində yaxşı iy duyma qabiliyyəti, istedadı var. 500 min dollar pulun qoxusunu lap uzaqdan duyan jurnalistlər, yaallah deyib, cumurlar Soqomonyanın üstünə. Mikrofonlarının bütün düymələrini basırlar. O da sakit qalmır. Məsələni açıb-ağardır: “ Ciqarxanyan arvadı əleyhinə polisə şikayət imzalamayıb. Məsələ, həm sadədir, həm  mürəkkəb. Vitalina, gəncliyinə baxmayaraq, rejissor debyutuna hazırlaşırmış gör neçə vaxtdır. İstəyirmiş çox çiy bir tamaşasını səhnəyə çıxartsın. Ciqarxanyan məşqlərə bir dəfə gəlir, iki dəfə. Hər dəfə şəkəri yüksəlib qalxır kəlləçarxa. Məcbur qaldıq ustadı həkimə aparaq. Sonra daha böyük dəhşətlərə şahid kəsildik. Gördük bu bəxtsiz teatr rejissoru həm bu axmaq tamaşasını səhnələşdirib, həm də oz əclaflıqlarını. Ciqarxanyanın bütün sərvətini öz adına sənədləşdirib”.
 
Ciqarxanyanın özəl teatrı da kənarda qalmayıb. Vitalina, bu hüququ ünvanı da öz adına yazdırıb. İndi Armen Ciqarxanyan Moskvada heç kimdi. Nə ailəsi var, nə ev-eşiyi. Teatrını da itirib, reallığını da. Bağları, mənzilləri artıq başqa etibarlı əllərdədir.
 
Moskvada “Məşədi İbad” tamaşasının əsl vaxtıdır. Baş rolu sözsüz Armen Ciqarxanyan özü ifa edəcək.
 
Ustad, sözsüz, “Məşədi İbad” operettası ilə tanışdı. Məsləhət görərdim o, bu tamaşaya bir də, özü də Azərbaycan türkcəsində baxsın. Özünü, öz taleyini axtarsın bu qədim tamaşada.(musavat.com)

Загрузка...
Загрузка...