“Arif Hacılı, siyasət kişilikdən...”– İstefalar davam edir - QARŞIDURMA

 
 
Müsavat Partiyasının sədri Arif Hacılı ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında baş verən qalmaqaldan sonra partiyadan istefalar başlayıb.
 
Publika.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov, qəzetin əməkdaşları Elşad Paşasoy və Etibar Seyidağa Müsavat Partiyasından istefa veriblər.
 
E. Paşasoy deyib ki, Müsavat başqanı onlar kimi düşünənləri rəhbərlik etdiyi partiyanın sıralarında görmək istəmir: “Əks təqdirdə müsavatçıların da illərlə əziyyətlərə qatlaşaraq, təhlükələrlə üz-üzə qalaraq çalışdığı media orqanına qarşı bu qədər amansızcasına davranmazdı. Bizlər bu illər ərzində “Yeni Müsavat”la Müsavat Partiyası arasında fərq qoymadıq. Hətta baş redaktorumuz keçən il partiyanı tərk edəndən sonra da “dostlar mən qərarımı verdim, siz də qərar verin” demədi, hər birimizin mövqeyinə hörmətlə yanaşdı. Hətta Arif Hacılının başqanlığı dönəmində də baş redaktor olanlara rəğmən işçiləri qarşısında “Ya Müsavat, ya “Yeni Müsavat” seçimi qarşısında qoymadı. Ancaq Arif Hacılı son açıqlamaları, Rauf Arifoğluna qarşı davranışları ilə bizi də pis vəziyyətdə qoydu. Bundan sonra susmağımız, olanlara boş verməyimiz ən azı ayıb olar. İnanıram ki, Rauf bəy də mənim qərarıma sayğılı yanaşacaq. Hər halda mən bəzilərindən fərqli olaraq 17 illik haqq-salamı, kəsdiyimiz duz-çörəyi unuda bilmərəm”.
 
O, partiya rəhbərliyi ilə qəzet arasındakı mövcud münasibətlər səbəbindən 21 ildir üzvü olduğu Müsavat Partiyasının sıralarından istefa verdiyini bəyan edib.
 
Ələsgər Süleymanov isə deyib ki, Arif Hacılı Müsavatın başqanı olduğu müddətdə o, bu partiyada təmsil olunmayacaq: “Bu günə qədər partiyaya minlərlə adamın üzv olduğunun və istefa verdiyinin şahidi olmuşam. Həmişə özüm-özümə sual vermişəm ki, “mən də istefa verə bilərəmmi?, bu qədər yol qət etdiyin, heç nə etməsən belə təəssübünü çəkdiyin, ən azı davranışlarında nəzərə aldığın mənsubluğundan imtina edə bilmək necə mümkündür?”. Son dövrlər göstərir ki, bəzən adamı bunu etməyə məcbur edirlər. İstefa verib gedənləri indi anlayıram. Müsavat Partiyası buna görə dağılan deyil. Gedən məlum müzakirələr bu fikirlərimi yenidən təzələdi. Düşündüm. İstefa bəyanatı vermək istədim. Axı mən Arif Hacılıya görə bu partiyaya üzv yazılmamışam. Odur ki, burdan bəyan edirəm. Nə qədər ki, Arif Hacılı Müsavat Partiyasının başqanıdır, məni istefa vermiş saya bilər!”.
 
Etibar Seyidağa da Arif Hacılının başqanlığı dövründə Müsavatda təmsil olunmayacağını bildirib.
 
“Bütün müsavatçı dostlarıma bəyan edirəm ki, İsa Qəmbər Müsavat Partiyasının başqanı postuna qayıdan günədək özümü Müsavat Partiyasının üzvü hesab etmirəm. Bəri başdan bildirirəm - kimlərsə düşünməsin ki, bu addımımda işlədiyim “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun təkidi, təklifi rol oynayıb. Hər kəsi əmin edirəm ki, Rauf bəy partiya üzvlüyü məsələsində heç kimə təsir və ya təzyiq göstərmir”, - deyə o vurğulayıb.
 
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı sonuncu müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu iqtidara təslim olmaqda ittiham edib.
 
Rauf Arifoğlu isə A. Hacılının ittihamlarına cavab olaraq yazı yazıb.
 
O, Arif Hacılıdan “Siyasət insanlığın, kişiliyin, mərdliyin üstündə bir şeymi, ondan vacibmi? Kiminsə siyasi mövqeyi hansısa periodda sizə uyğun gəlməyəndə, yaşanmışları silib atırsınızmı? Bəs vəfa borcu?” deyə soruşub.
 
Daha sonra sərt sözlərlə davam edib: “Biz iqtidar olduq, siz və başqaları hakimiyyətə gəldiniz, mən qəzetdə qaldım. Sonra biz hakimiyyətdən getdik, siz və başqaları qaçdınız, gizləndiniz (Səhv etmirəmsə, siz Azərbaycanı və həbsdəki başqanı buraxıb, Leninqrada qaçmışdınız), İsa Qəmbər zindanda, biz meydanda və qəzetdə qaldıq. Siz mənə deyirsiniz, iqtidara təslim oldun, amma siz hələ 23 il əvvəl Surət Hüseynov Bakıya gəlmədən, ona təslim olmuşdunuz. Xalqın və prezidentin sizə verdiyi mövqeyi buraxaraq, qaçmışdınız!”