​"Araz Əlizadə nəyə görə gedib öz işi ilə məşğul olmur?"

“Kimin əlinə bir balaca fürsət düşürsə, xalqın taleyi, problemləri qalır bir tərəfdə, bu xalqa düşmən kəsilirlər. Bu günlərdə mənə zəng vurdular ki, Araz Əlizadə bir müsahibə verib və həmin müsahibəsində deyir ki, Azərbaycanda heç bir tarixi şəxsiyyət olmayıb, heç bir qəhrəman yoxdur, Koroğlu da, Babək də, Qaçaq Nəbi də quldurdur, baş kəsəndir və s. İlk öncə deyim ki, bu xalqın nağıla, dastana çevrilən bu boyda tarixi şəxsiyyətlərinə qaçaq adı qoymaqla onları özümüz rüsvay eləmişik”.
 
 
Bunu Turaninfo.az Moderator.az-a istinadən  açıqlamasında əməkdar incəsənət xadimi, tanınmış rejissor  Şeyx Əbdül Mahmudbəyli millət vəkili Araz Əlizadənin xalq qəhrəmanlarını quldur adlandırmasına münasibət bildirərkən deyib.
 
 
Araz Əlizadənin Koroğlunu, Qaçaq Nəbini, Qatır Məmmədi quldur adlandırmasına qəzəblənən və etiraz edən kinorejissor daha sonra bunları bildirib:
 
“Araz Əlizadə parlamentdə millət vəkilidir, nəyə görə gedib öz işi ilə məşğul olmur, xalqın tarixinə, şəxsiyyətinə daş atır?
Onu deyim ki, əvvəla Qaçaq Nəbilər, Qatır Məmmədlər qaçaq olmayıblar, xalq qisasçıları olublar. Dövrün, zamanın, haqqın üsul idarəsinə qarşı canlarından, qanlarından keçən insanlardırlar. İndi biz bunlara o vaxt şura hökumətinin siyasəti ilə qaçaq adı qoymuşuqsa, bu, o kişilərin günahı deyil. Bu bizim öz səhvimizdir, adam öz elinin qəhrəmanına, xalqın dərdinə-sərinə yanan adama gərək qaçaq ləbəqi qoymazdıq. Biz bunu etmişik və indi Araz kimilər də onlar haqqında xoş olmayan sözlər deyir.
 
Araz indi deputatdır və mənimçün çox maraqlıdır ki, o, haradan seçilib və seçildiyi ərazidə indiyəcən bir imkansıza, əlsiz-ayağsıza kömək edibmi, işinə yarayıbmı? Araz bəyi nədir belə narahat edən, xalqın dahi şəxsiyyətləri, min illərdir dastanlar yazdığı, mahnılar qoşduğu qəhrəmanları ilə nə işi var?
 
Bu millət vəkili nə mənə olan şeydir, beş ildən bir seçilirlər ya seçilmirlər,  ora hansı yolla gəlirlərsə, Allah işlərin avand eləsin. Ancaq heç bir millətin vəkilinə, rəhbərinə, başında dayanana ixtiyar,  icazə verilmir və onların heç bir mənəvi haqqı yoxdur ki, xalqın yaranış tarixinə, qəhrəmanlarına, tarixi şəxsiyyətlərinə belə həqarətli, əsassız, savadsız sözlər desin. Bunu gündəmə gəlmək xatirinə edirlərsə, gəlsinlər onlara elə öz sahələri ilə bağlı min dənə məsləhətlər verim, gedib məşğul olsunlar”.
 
 
Şeyx Əbdül illər öncə Araz Əlizadə ilə bərabər çalışmasından da danışıb:
 
“Uzun illər bundan əvvəl bunlar güya Ayaz Mütəllibovun partiyasının üzvləri idilər. Və elə bir vəziyyət yaratmışdılar ki, Ayaz qalmışdı Moskvada, bunlar da burada Ayaz Mütəllibovun adı ilə hərəsi bir partiya yaradıb, öz işləri ilə məşğul idilər. Bu Arazın da rəhbərlik etdiyi partiya var idi, ancaq elə bu cür xasiyyətinə görə, oynadığı oyunlara görə partiya dağılmışdı, özüylə bərabər 5-3 adam qalmışdı. Məndən xahiş elədi ki, yeni yaradılmış müdafiə komitəsinin işinə köməklik göstərim. Onda biz Ayaz Mütəllibovun xatirinə həmin sistemi də gücləndirdik və hələ bir onunçün partiya da yaratdıq. A.Mütəllibovun Sabir Hacıyev adlı köhnə kadrlarından birini də ora partiya sədri qoyduq. Daha sonra mən yavaş-yavaş komitəni bağlayıb kənara çəkildim. İndi bir şeyi başa düşə bilmirəm ki, mən ictimai təşkilat olaraq ancaq bu işi görmüşəm. Bu gün Ayaz Mütəllibovun partiyasına rəhbərlik edənlərin ikisi də parlament üzvüdür, amma mən düşmən obrazındayam. Bu necə ola bilir, anlamıram. Əgər düşmən olmalıyıqsa, birinci bunlar olmalıdır. 
 
Mənə indi bəlli olur ki, bu partiya falan hamısı siyasi oyunlar imiş, Ayaz da gəlib evində oturub, Sabir artıq neçə ildir parlament üzvüdür, Araz da gəlib parlament üzvü oldu, bircə düşmən mən oldum. Sən demə, ona görə düşmən olmuşam ki, mən bu xalqın yaranış tarixini, tarixi şəxsiyyətlərini, milli-mənəvi dəyərlərini, foklorunu, irsini müdafiə edirəm. Sən demə, xalqın milli-mənəvi dəyərlərini müdafiə edənlər əsilləri-kökləri, qanları, südləri bəlli olmayanlar üçün amansız düşmən imiş. Nə edim ki, siyasi şoular düzəldib bunlara xidmət edə bilmirəm. Budur reallıq, analitik izah  da, sətiraltı məna da ancaq buna gətirib çıxarır”.
 
 
Kinorejissor sonda vurğulayıb ki, xalq qəhrəmanlarını təhqir etməyə heç kimin haqqı yoxdur:
 
“Bu gün elə adamlar danışır ki, onların ümumiyyətlə bu xalqın adından danışmağa mənəvi haqqları yoxdur. Nə ixtiyarları var ki, xalqın min illərdir dilinin əzbəri olan Koroğlulara, Qaçaq Nəbilərə, Babəklərə şər, böhtan atsınlar. Bu adamın qəsdi, qərəzi, məqsədi nədir? İşi-gücü yoxdur? Əgər belə bir tarixçi, şəxsiyyət, xalqın mənəvi dəyərlərini düşünən fədai idisə, bu neçə illərdə niyə danışmırdı? İndi niyə bu sözləri ortalığa atıb, bunu danışdıran səbəb nədir?
Bizim o vaxt onunla haqqı salamımız olub, onu yaxşı tanıyıram. Özündən bir obraz düzəldib ki, güya bu idarə olunmayan bir adamdır. Boş-boş cəfəngiyyatdır! İstər dli olsun, istər ağıllı olsun, istər prezident olsun, istər külli-ixtiyar sahibi olsun, istər alim olsun, istər sadə vətəndaş olsun, heç kəsin mənəvi haqqı yoxdur ki, xalqın min illər boyunca and yeri, inanc yeri olan tarixi şəxsiyyətlərinə, dastanlarına, dastanlardan gələn inanc yerlərinə bu cür aşağılayıcı, təhqiramiz şəkildə münasibət bildirsin!”
 
 
Xatırladaq ki, deputat Araz Əlizadə mətbuata açıqlaması zamanı bunları deyib:
 
“Baxın, bizim qəhrəmanlar kimlərdir: Koroğlu quldur idi, Qaçaq Nəbi quldur, Qatır Məmməd quldur, Həcər quldur idi. İnsanlar daima xalq arasından qəhrəman axtarmağa çalışırlar”.