Aprel müharibəsindən sonra Putinin yeni Qarabağ planı

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Ölkə.Az anspress-ə istinadən xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Hər iki rəsmi Suriyada terrorçuluqla mübarizəni və münaqişə tərəfləri arasında atəşkəs rejiminin möhkəmləndirilməsi məsələlərini, münaqişənin həlli üçün Cenevrə danışıqlarının yenilənməsinin perspektivlərini müzakirə ediblər. Kerri və Lavrov arasında danışıqlar zamanı diqqət çəkən məqam isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir kəlmə belə səsləndirilməməsidir.
Hər halda müzakirə olunacaq mövzu var idi. Çünki telefon danışığı Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən bir gün sonraya təsadüf edir.
Prezidentlərin mayın 16-da Vyanada keçirilən gürüşündən əvvəl və sonra Kerri və Lavrov arasında baş tutan telefon danışıqlarında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunurdu.
Aprelin əvvəlində baş verən döyüşlərdən sonra ABŞ münaqişənin həllində fəallıq göstərməyə başlamışdı.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Rusiya Sankt-Peterburq görüşü ilə yenə də münaqişənin həllində təşəbbüsü ələ aldığını izah etməyə çalışdı.
"Rusiya istəyir ki, digər dövlətləri Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda tutsun. Rəsmi Moskvanın burada əsas diqqət ayırdığı dövlət isə ABŞ-dır. Ona görə də Sankt-Peterburq görüşündən əvvəl ATƏT-in Minsk qrupunun müzakirələrdə iştirak etməyəcəyi bildirildi. ABŞ-dan olan həmsədr Ceyms Uorlik bütün nümayəndələrdən əvvəl Sankt-Peterburqa gəlsə də onu preseslərə yaxın buraxmadılar. Həmsədrlər demək olar ki, görüşün çox az hissəsində iştirak ediblər. Bu məqamlar Rusiyanın ABŞ-ı danışıqlar prosesindən çıxarmağa çalışdığını sübut edir", - deyə Qabil Hüseynli bildirib.
Politoloq deyib ki, danışıqların bu mərhələsi ABŞ və Rusiyanın əzələ nümayişi kimi özünü göstərdi.
"Bu görüşlər Rusiya qərbə yenidən "barmaq silkələdi" və izah etməyə çalışdı ki, Cənubi Qafqazda münaqişələrin həllində mənim (Rusiyanın - red.) rolum daha əhəmiyyətlidir", - deyə politoloq vurğulayıb.
Doğrudan da prezidetlərin gürüşündən sonra Rusiya və Fransa açıqlama versə də ABŞ yalnız susmaqla kifayətləndi. Fransanın Ermənistandakı səfiri növbəti görüşün ölkəsində keçirilə biləcəyini deyib. Amma prezidentlərin görüşündən bir neçə saat sonra ABŞ dövlət departamentində ənənəvi mətbuat konfransı keçirən Ağ Ev rəsmisi Coş Ernest də münaqişənin həlli ilə bağlı heç bir fikir səsləndirməyib.
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü ötən gün Sankt-Peterburq şəhərində keçirilib. Görüşün sonunda prezidentlər bəyanatla çıxış ediblər. Bəyanatda münaqişənin sülh yolu ilə həll edilməsinə sadiqlik ifadə edilib. Həmçinin ATƏT-in müşahidəçilərinin sayının artırılması ilə bağlı qərar qəbul edilib. Amma Azərbaycan işğal altında olan torpaqlarının boşaldılması ilə bağlı heç bir addım atılmayıb.
Görüş həmçinin ABŞ-ın bu məsələdə güzəştə getdiyini bir daha ortaya qoydu. Çünki Ağ Ev aprelin əvvəlində olduğu kimi münaqişə ətrafında baş verənlərə adekivat fikirlər səsləndirməkdə maraqlı deyil.