“Aprel döyüşləri təkrarlansa, müharibə uzun çəkəcək” – Rusiyadan Rəsmi İrəvana ULTİMATUM

 
“Cəbhədəki gərginlik aprel döyüşlərinin təkrarlanması ehtimalını artırır”.
 
Bunu BakıPost-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bir neçə gündür ki, Ermənistanın atəşkəsi ağır artilleriyadan pozmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu dəfə müharibənin uzanması ehtimalı daha yüksəkdir: “Əslində Ermənistan müharibədə maraqlı olmamalıdır. Çünki növbəti hərbi qarşıdurma hər iki tərəfdən yenidən itkilərə səbəb olacaq. Onsuz da Ermənistanda əhalinin sayı azalır, gənclər ölkəni tərk edirlər. Həmçinin erməni separatçıları növbəti hərbi qarşıdurmanın nəticəsi olaraq bir az daha geriyə çəkilə bilərlər. Ermənistan ordusu aprel döyüşlərində Dağlıq Qarabağ istiqamətində bir neçə strateji yüksəkliyi itirdi. Azərbaycan ordusunun daha çox irəriləməsi imkanları var idi. Ancaq prosesə Rusiya prezidenti Vladimir Putin qarışdı və müharibə sadəcə 4 gün çəkdi. Bu dəfə isə müharibənin uzanması ehtimalı yüksəkdir”.
 
 
 
Politoloqun fikrincə, Ermənistan prezidenti Serj Sarkisyan cəbhə bölgəsindəki gərginliyi süni surətdə artırmaqda maraqlı ola bilər: “Serj Sarkisyan bir tərəfdən Rusiyanın təyin etdiyi baş nazir Karen Karapetyanla gizli mübarizə aparmalıdır, digər tərəfdən parlament seçkisi öncəsində özünün və partiyasının hakimiyyəti itirməməsi yolları haqqında düşünməlidir. Ona görə də belə vəziyyətdə Sarkisyan cəbhə bölgəsində gərginliyi bir qədər artırmaqla erməni cəmiyyətini Azərbaycanın simasında “ümumi düşmən” ətrafında birləşdirmək istəyir. Sarkisyan arxayındır ki, cəbhə bölgəsindəki süni gərginlik yaratmaqla müharibə başlamayacaq. Çünki Rusiya yenidən işə qarışaraq genişmiqyaslı müharibəyə imkan verməyəcək. Toqquşmaların qısa müddətdə baş verməsi halında isə Sarkisyan təmas xəttində itirdiyi yüksəklikləri geri qaytarmağa çalışacaq. Bu, yenidən Sarkisyanın reytinqinin yüksəlməsinə xidmət edər. Ancaq medalın başqa üzü də var”.
 
 
 
E.Şahinoğlu hesab edir ki, Rusiya hakimiyyəti hərbi toqquşmaları durdurmaq üçün yenidən diplomatik müdaxilə etsə belə, Azərbaycan hakimiyyəti cəmiyyətin prosesi məntiqi sonluğa çatdırmasının təsiri altında olacaq: “Aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı. Azərbaycan ordusunun itkilərinə baxmayaraq, cəmiyyətdə torpaqların güc yolu ilə geri qaytarılmasına inam yarandı. Buna görə də budəfəki müharibə 4 gündən çox da çəkə bilər, Rusiya hakimiyyəti hərbi toqquşmaları durdurmaq üçün yenidən diplomatik müdaxilə etsə belə, Azərbaycan hakimiyyəti cəmiyyətin prosesi məntiqi sonluğa çatdırmasının təsiri altında olacaq. Digər tərəfdən Ermənistan ordusu təmas xəttində atəşkəsi pozmadığı günlərdə də təzyiq altındadır. Ermənistanın ordu rəhbərliyi Azərbaycan ordusunun strateji yüksəkliklərdən hücuma keçə biləcəyindən daima ehtiyat edir. Ermənistan prezidenti əvvəlki tək status-kvonu uzatmağa çalışır. Ancaq apreldən sonra bunu uzatmaq İrəvan üçün getdikcə çətinləşir. Ermənistan hakimiyyəti üzərində böyük dövlətlərin təzyiqini hiss etməsə belə, Azərbaycanın silahlanmasından, Bakının dostları ilə hərbi ittifaqlarını gücləndirməsindən, hətta Azərbaycan hakimiyyətinin Rusiyanı öz tərəfinə çəkə biləcəyindən ehtiyatlanır”.
 
 
 
Politoloq Ermənistanın Azərbaycanla üz-üzə qalarsa Dağlıq Qarabağ üzərindəki nəzarətini itirə biləcəyindən də qorxduğunu vurğulayıb: “Məhz buna görədir ki, son günlər Ermənistanda siyasətçilər və ekspertlər arasında “Dağlıq Qarabağın müstəqil dövlət kimi qalması yaxşıdır, yoxsa Ermənistana biləşdirilməsi” mövzusu ətrafında geniş diskussiya gedir. Yəni Ermənistanda ən azı anlayırlar ki, Dağlıq Qarabağın “müstəqil dövlət” kimi varlığı uzun çəkməyə də bilər. Təsadüfi deyil ki, Rusiyanın Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru Vladimir Lepexin müsahibəsində “Qərb institutları Ermənistanda fəaliyyətlərini dayandırmasalar və yerli QHT-lərin Qərbdən maliyyələşmələrinin qarşısı alınmasa İrəvan Dağlıq Qarabağı itirə bilər” deməsi əslində rəsmi İrəvana ultimatumdur. Ermənistan hakimiyyəti Rusiyanın Avrasiya İqtisadi Birliyi İnstitutunun direktorunun dilindən deyilən bu sözləri Kremlin mesajı kimi də qəbul edə bilər. Əlbəttə, Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək istəmir, ancaq Moskva münaqişənin varlığından Ermənistan hakimiyyətini daima qorxu altında saxlamaq üçün istifadə edir. Yəni Kreml İrəvana nümayəndələri vasitəsilə demək istəyir ki, “mənim bütün əmrlərimi yerinə yetirməsən Dağlıq Qarabağ məsələsində mövqeyimi dəyişə də bilərəm””.