Apellyasiya Məhkəməsi ANS-lə bağlı qərar verdi

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
 
Turaninfo.Az “Report”-a istinadən xəbər verir ki, hakim Kəmalə Abiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, ANS-in şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.
 
Daha sonra ANS 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib və MTRŞ-nın lisenziyanın ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in müraciəti təmin edilməyib.
 
Xatırladaq ki, Ali Məhkəmədə ANS-in MTRŞ-nın kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.