Antik Türk tarixi - SƏRDAR CƏLALOĞLUNUN YAZISI

Azərbaycan xalçaları və qaya rəsmlərinə baxmaqla, antik dörümüz haqqında ciddi tarixi bilgilər əldə etmək olar
Azərbaycan xalçalarının müxtəlif dövrlərinə aid bütün çeşniləri müqayisəli təhlil etsək, Azərbaycan tarixində tayfa ittifaqları, tayfalararası münasibətlər, bir sözlə antik tariximiz haqqında çox mühüm tarixi bilgi əldə edə bilərik
(Fikir və mülahizələr)
Azərbaycan tarixində qədim dörün öyrənilməsində ən çox xarici mənbələrdən istifadə olunması, əslində qədim tarix haqqında yanlış bilgilərin əldə edilməsinə gətirib çıxarmışdır. Bunun da səbəbi antik türk tarixinin yerli mənbələrdən öyrənilməsinin çətinliyi ilə bağlıdır. Belə ki, antik yunanlardan fərqli olaraq antik türklər oturaq həyat modelinə uymadıqlarından, onlar özlərindən sonra antikvar tarix buraxmamışlar. Bu da antik türklərlə bağlı “antik türklər” sözü əvəzinə “ön türklər” ifadəsi işlədilməsinə səbəb olmuşdur. Halbuki, “ön türk” – “türkdən əvvəlki toplum” mənasını verir və türklərin törəmə olmasını iddia etməyə imkan yaradır. Əslində, tarixə ədalətli yanaşdıqda, “ön türk” deyilən anlayışın elmi əsası olmadığı və bunun əvəzinə “antik türk” anlayışının daha elmi ifadə olduğu aydın olar.
“Antik tarix” dedikdə, əsasən qədim Romanın şəhər - dövlət dövrünə aid tarix nəzərdə tutulur. Bu mənada “antik türk tarixi” ifadəsi hansı mənada işlədilə bilər?
Məlumdur ki, antik Avropa oturaq həyat modelinə uyğun inkişaf etmiş və bu xalqlar Engels tərəfindən müəyyən edilmiş ailə, tayfa, qəbilə, xalq və dövlət ardıcıllığına uyğun formalaşmışlar. Qəbilə forması -köçərilikdən oturaqlığa tədrici keçidin xüsusi bir formasıdır.
Türk xalqlarının tarixi inkişafı ailə, tayfa, xalq və dövlət ardıcıllığına uyğun foralaşmışdır. Yəni antik türklər qəbilə quruluşuna keçmədən xalq formasına keçmişdir. Bu da köçərilikdən oturaqlığa keçidin tədrici yox, sıçrayışlı olduğunu sübut edir. Nəticədə etnogenez bilavasitə traybalik proseslər kimi meydana çıxmışdır, hansı ki, türk xalqlarının yaratdığı bütün dövlətlərin idarəetmə stilinə, hakimiyyət fəlsəfəsinə tayfa təsəvvürləri dərin iz buraxmışdır. Hətta bəzi orta əsr Azərbaycan türk dövlətləri də məhz buna görə tayfa adları ilə adlandırılmışdır. Məsələn: Əfşarlar, Qacarlar və s.
Antik dövrün digər bir xüsusiyyəti bu dövrün antikvariantlar əsasında öyrənilməsidir. Məlumdur ki, sənət – tarixin obrazlarla ifadə olunmasından ibarətdir. Antik Yunanıstanda sənətkarlığın inkişafi tarixi həyatın konkret sənət əsərlərində - realizm stilində həkk edilməsinə səbəb olmuşdur. Bundan fərqli olaraq tayfa-türk dövlətlərində simvolik sənət – mücərrəd sənət sürətlə inkişaf etmişdir. Buradan da aydın olur ki, Avropa antik dövrünün öyrənilməsində mənbə rolu oynayan antik mədəniyyətin yerində, antik türk tarixinin öyrənilməsində mücərrəddləşdirmə mədəniyyəti - simvollar mədəniyyəti əsas mənbə kimi götürülməlidir.
Antik türk tarixini özündə əks etdirən maddi mədəniyyət nümunlərini iki qrupa ayırmaq olar:
1.Antik türk tarxi dövrünə aid antik maddi mədəniyyət nümunləri. Bura əsasən qaya rəsmləri, daş və ya ağac üzərindəki qədim simvolizm nümunləri aiddir.
2.Antik türk tarxi dövrünü özündə əks etdirən müasir maddi mədəniyyət nümunələri. Bu arxeotiplərin sənətkarlıqda meydana çıxmasını özündə əks etdirir. Bura xalçaları aid etmək olar. Xalçaçılığın inkişafi türk həyat modeli ilə - heyvandarlıq və köçəriliklə sıx bağlı olduğundan, özündə daha zəngin tarixi məlumatı hifz etməyə imkan verir və tarix elmi üçün müstəsna əhəmiyyəti vardır. Başqa sözlə, xalçaçılığın tarixi əslində xalqın mücərrədləşdirilmiş tarixindən ibarətdir.
Antik Türk tarixi - SƏRDAR CƏLALOĞLUNUN YAZISI
Çox təəssüf ki, Azərbaycanda xalçaçılıq tarixi yüksək səviyyədə inkişaf etsə də, xalçaçılıq əsasında Azərbaycanda antik türk tarixinin öyrənilməsi sahəsində heç bir ciddi elmi tədqiqat aparılmamışdır.
Haşiyə çıxım ki, fransız alimi F.Brodel tarix elmində inqilab edən təkliflə çıxış etmiş və tarixi prosesin təhlilində iqtisadi və coğrafi faktorları nəzərə almağı təklif etmişdi. Eləcə də sosal elmlərdə tarixi fenomenləri öyrənməklə dünya-sistem nəzəriyyəsini vermişdir. O, incəsənət əsərləri əsasında sosial-iqtisadi tarixin öyrəniləməsi ilə bağlı çox fundamental əsərlər yazmışdır.
O cümlədən, psixotarixin banisi Moz qəzet məqalələrinin başlıqları və reklamlar əsasında xalqların tarixi hadisələrə psixoloji hazırlığı ilə bağlı çox ciddi elmi nəticələrə gəlmişdir. Psixoterapiya adlı elm isə insanların qeyri-iradi çəkdikləri şəkillər əsasında onların psixoloji diaqnozlarını dəqiqləşdirməklə məşğuldur. Bütün bunlar göstərir ki, tarixi yalnız tarixi mənbələrdən yox, incəsənətdən, iqtisadi və sosial həyatın dinamikasından da öyrənmək olar və vacibdir. Azərbaycan xalçaları və qaya rəsmlərinə də məhz bu aspektdən baxılmaqla, antik dörümüz haqqında ciddi tarixi bilgilər əldə etmək olar. Bunu nəzərə alaraq, bu məsələ ilə bağlı bəzi mülahizələri başlanğıc kimi ifadə etməyi məsədəmüvafiq hesab edirəm.
Xalçaçılıq tariximizin öyrənilməsində çox böyük xidmətləri olmuş sənətşünas alimlərdən biri Lətif Kərimovdur. Onun ikicildlik “Azərbaycan xalçaları” adlı monoqrafiyası tarix elmimiz üçün çox mühüm elmi mənbə rolu oynaya bilər.
Xalça - çoxtəyinatlı antikvardır. Həm özündəki təsvirlərə görə sənət əsəri, həm istifadəsinə görə - döşənək kimi ev əşyası, həm sənətkarlıq nümunəsidir. Xalçaçılıq həm də protosənaye – manafakturadır, hansı ki, bir çox sənətlərin - heyvandarlığın, iplik sənayesinin, boyaqçılığın, dəzgah sənətkarlığının vəhdətindən meydana çıxır. Xalçaçılıq özündə başlanğıc əmək bolgüsünu meydana çıxarmışdır. Xalçaçılığın inkişafi türk dünyasında həm də ticarətin çiçəklənməsinə gətirib çıxarmış, xalça həm də yığım vasitəsinə çevrilmişdir. L.Kərimov öz monoqrafiyasında ərəb tarixçisi Təbariyə istinaədən 636-cı ildə ərəblərin Sasanilərin Mədain şəhərini işğal edərkən orada xalça xəzinəsi aşkar edildiyini yazır. Beləliklə aydın şəkildə görünür ki, əslində xalçaçılıq özünəməxsus iqtisadi sitemin yaradılmasına təkan vermişdir, hansı ki, istehsal-bölgü-mübadilə və istehlak proseslərini vəhdətdə meydana çıxmasını stimullaşdırmışdır. Bu da xalçanın meydana çıxmasında zehni və fiziki əməyin həcmi və təbiəti ilə bağlı olmuşdur.
Qaya rəsmləri və xalça rəsmlərini tutuşdurduqda təccüblü eynilk aşkar olunur. Amma eyni bir simvol xalçaçılıqda “naxış”, qaya rəsmlərində isə “ibtidai rəsm - təsvir” kimi qəbul edilmişdir. Bu da eyni bir simvolun mənalandırılmasında problem yaratmışdı. Halbuki eyni bir fikir qayalarda da, xalçalarda da eyni işarə dili ilə ifadə edilmişdir.
Ümumiyyətlə Azərbaycanda işarə dilinin öyrənilmsi və tətbiqi sahəsində ciddi problemlər mövcuddur.
Azərbaycan xalçalarına bir-birindən fərqli iki elementi - bütün xalçalar üçün ümumi olan təbiət ornamentləri, bir də naxış adlanan qeyri-təbii - simvolik elementləri aid etmək olar. Təbiətə işarə edən elementlərdən biri “islimi” adlanır. Bu söz əsas ornamenti əhatə edən “ikincili ornament” mənasını verir. Bəzi mənbələrə görə, bu söz Türkmənistanda mövcud olmuş İslim qəsəbəsinin adından götürülmüşdür. İslimi özündə bitkiləri simvolizə edən ornamentdir. İslimin ən müxtəlif – sadə və mürəkkəb formaları mövcuddur. Mürəkkəb formalı islimi sadə islimilərin müxtəlif kompozisiyaları kimi yaradılmışdır.
Azərbaycan xalçalarının digər bir elementi “xatai” adlanır. Xatai - bitki simvollarının dəstəyi kimi özündə budaqlanmanı simvolizə edir.
Bundan başqa “bilut”, “başlıq” və ya “qubbə” adlanan ornamentlər ayırd edilir. Əslində, xalçanın bu elementlərlə özündə göy-yer əlaqəsini, bütünlükdə dünyanı və dünya görüşünü simvolik ifadə etdiyi aydın olur.
Azərbaycan xalçalarının digər bir elemeti də butadır. Əgər biz buta təsvirinə baxsaq, bunun qədim cin fəlsəfəsində xeyir və şər - İn və Yan - simvolizmi ilə eynilik təşkil etdiyini təsdiq edə bilərik. Hansı ki, ilahi başlanğıca işarə edir. Beləliklə, islimi, xatai, qübbə birlikdə bu dünyanı, buta - bu dünyanı idarə edən xeyir və şər gücü simvolizə edir. Bəs insanlar - xalqlar, onların tarixi xalçalarda necə ifadə olunur?
Azərbaycan xalçaları göllü və gölsüz olaraq müxtəlif çeşnilərə ayrılır. Göl - qapalı ərazini, oturaq ərazini, gölsüz xalçalar köçəri əraziyə - açıq ərazilərə işarə edir. Göllü olub-olmamasından asılı olmayaraq Azərbaycan xalçaları üçün xarakterik olan əsas elementlər xalça naxışları adlanan simvolik şəkillərdir.
L.Kərimovun monoqrafiyasında bu ornamentlərin hər biri hərtərəfli təsvir edilsə də, onların ifadə etdiyi məna təyin olunmamışdir. Əgər biz Azərbaycan xalçalarındakı simvolik təsvirlərlə - naxışlarla türk damğalarını - türk tayfalarının gerblərini, möhürlərini, onqon və totemlərinin simvollarını və s. tutuşdursaq, açıq-aydın təsdiq olunar ki, islimi, xətai, bulud, qübbə və buta ornamentlərini nəzərə almasaq, yerdə qalan bütün naxışlar türk tayfalarının damğalarından, onqon və totem simvollarından ibarətdir. Göytürkcə damğa - ayrı-ayrı türk boylarının, tayfalarının müxtəlif məqsəd daşıyan singələrindən - simvollik dillə ifadə olunan ideyalarından ibarətdir. Damğalar antik türk dövründə həm bir kommunikasiya vasitəsi - informasiya daşıyıcısı rolu oynamışdır, həm də bu cür antik simvollara onqon və totemləri simvolizə edən işarələr aiddir. Damğalardan fərqli olaraq onqon və totem simvolları müxtəlif heyvanlara, quşlara, müəyyən fəaliyyətlə məşğul olan insanlara işarə edir.
Məlumdur ki, Azərbaycan xalçaları Azərbaycan regionları üzrə fərqli ornamentlərə malikdir və bu xalçalar məhz ornamental qurluşuna görə təsnif edilir. Əgər konkret xalça çeşnisi ilə həmin çeşninin istehsal olunduğu ərazidəki əhalinin tayfagenezinə baxsaq, yenə də qəribə uyğunluq alınar. Yəni xalça çeşniləri konkret ərazidə yaşayan əhalinin etnogenezində iştirak edən tayfaların damğalarından, onqon və totem işarələrindən ibarət olduğunu görə bilərik.
Çeşnilərin tarixi inkişafında naxışların yer dəyişilmələri - göldən kənara çıxarılması və ya gölün daxilinə salınması - onların kompozisiyasında dəyişilmələr asanlıqla izlənir. Əvvəllər vəhdətdə verilən naxışlar sonra ayrlıqda, əvvəllər ayrlıqda verilənlər sonra birlikdə verilir. Naxışların yerdəyişməsinin dinamikası özündə tayfaların miqrasiyasını, tayfa ittifaqlarında baş verən hadisələri, tayfa ittifaqlarının dağılması və yenisinin yaradılmasını, onların qarşılıqlı əlaqələrini özündə ifadə etdiyi aydın olur.
Beləliklə, Azərbaycan xalçalarının müxtəlif dövrlərinə aid bütün çeşniləri müqayisəli təhlil etsək, Azərbaycan tarixində tayfa ittifaqları, tayfalararası münasibətlər, bir sözlə antik tariximiz haqqında çox mühüm tarixi bilgi əldə edə bilərik.
Sərdar CƏLALOĞLU
Redaksiyadan: Mövzu ilə bağlı Azərbaycanın xalçaçılıq sənətinə bələd olan mütəxəssilərin fikirlərini də dərc etməyə hazırıq.