Antiböhran Koalisiyası səfərbərlik təklif etdi

Koalisiyanın bəyanatında həmçinin şəhidlər haqqında xüsusi qanunun qəbul edilməsi istənilir
Müxalifət qüvvələrinin bu ilin əvvəlində yaratdığı Antiböhran Koalisiyası Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yaranmış hazırkı vəziyyətə dair bəyanat yayıb. Musavat.com-un xəbərinə görə, Antiböhran Koalisiyasına daxil olan və əməkdaşlıq edən siyasi partiya və ictimai təşkilatların aprelin 28-də yaydığı bəyanatında qismi hərbi səfərbərlik təklif edilib.
“2 aprel 2016- cı il tarixindən başlayaraq Ermənistan işğalçı ordusunun Dağlıq Qarabağdakı silahlı terrorçu qruplaşmalar və qeyri-qanuni silahlı dəstələrlə birlikdə Ağdam, Tərtər, Fizuli, Cəbrayıl istiqamətində  başlayan yeni təcavüz aktları cəbhəyanı bölgədə yaşayan insanların təhlükəsizliyi üçün Azərbaycan cəmiyyətində ciddi narahatlıq, həyəcan və etiraz doğurur. Erməni silahlı qüvvələri tərəfindən  davam edən artilleriya zərbələri, diversiya aktları, Ermənistan rəhbərliyinin  qəbuledilməzliyi, əvvəlcədən məlum olan fitnəkar tələblər irəli sürərək sülh danışıqlarından rəsmən imtina etməsi, Kürə qədər ərazilərimizin işğal edəcəklərinə dair cinayətkar bəyanatları yüz minlərlə dinc əhalinin həyatının real təhdid altında olduğunu göstərir”,- deyə bəyanatda qeyd edilir.
Sənəddə həmçinin vurğulanır ki, Koalisiya 2-5 aprel 2016-cı il tarixində və ondan sonrakı dövrdə erməni təcavüzünün dəf edilməsi zamanı ordunun hərəkətlərini tam dəstəkləyir, dinc vətəndaşlarımızın həyatı üçün yaranmış təhlükələrin aradan qaldırılması, işğal altındakı torpaqlarımızın azad olunması üçün döyüş meydanlarında canından keçməyə hazır olduğunu nümayiş etdirən Azərbaycan əsgərinin göstərdiyi fədakarlıqlara görə onlara minnətdarlıq edırvə onlarla qürur duyduqlarını bildirir: "Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyır və bəyan edir ki, təcavüzün davam etdiyi bütün müddət ərzində orduya dəstəyi davam etdirəcək, ölkənin bütün resurslarının ərazi bütölüyümüzün bərpa edilməsi üçün səfərbər edilməsi, milli birlik və həmrəyliyin mövcud olması üçün çalışacaq".
“Eyni zamanda Koalisiya son hadisələr zamanı siyasi rəhbərlik tərəfindən göstərilən reaksiyasının,  həyata keçirilən tədbirlərin və fəaliyyətlərin xalqın əhval-ruhiyyəsinə və yaranmış təhlükələrin səviyyəsinə adekvat olmadığı qənaətində olduğunu və nəticədə döyüş meydanlarında əldə olunmuş uğurların və cəmiyyətdəki siyasi-psixoloji canlanmanın və diplomatik istiqamətdəki imkanların itirilə biləcəyindən narahatlıq ifadə edir. Bununla əlaqədar Koalisiya prezidentdən və hökumətdən  tələb edir ki, dövlətin ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqların azad edilməsi və vətəndaşların xarici təcavüzdən müdafiəsi üçün Konstitusiyanın onların üzərinə qoyduğu vəzifəni yerinə yetirsinlər və bunun üçün daha qətiyyətli, sistemli və ardıcıl siyasət yürütsünlər”,- deyə bəyanatda vurğulanır.
Həmçinin, bəyanatda başqa təkliflər də var: “1994-ci il mayın 12-də elan edilmiş atəşkəs sazişinin 2-5 aprel 2016-cı və sonrakı hadisələrdən sonra de fakto aradan qalxdığını, ermənilərin bu sazişdən Azərbaycanın  torpaqlarının  işğalı vəziyyətini əbədiləşdirmək, sazişin məqsəd və prinsiplərinin ziddinə olaraq aparılan  danışıqları mənasızlaşdırmaq və beləliklə faktiki olaraq  münaqişənin sülh yolu ilə həll edilməsinin qarşısını almaq üçün istifadə etdiklərinə, nəticədə bu saziş regionda sülh və təhlükəsizlik üçün təhdid mənbəyinə çevrildiyinə görə həmin sazişdən çıxdığını açıq və birmənalı şəkildə elan etsin. Azərbaycan tərəfinin 12 aprel ATƏT- də, 14 apreldə BMT- də bu məsələyə dair yaydıqları sənədlərin məzmunu və nəticələri barədə Azərbaycan ictimaiyyətinə məlumat verilsin və yenə bu  məsələ barədə Rusiya hakimiyyətinin antiazərbaycan mövqeyinə münasibət bildirilsin və izahat tələb etsin. O cümlədən, Ermənistanın sülh danışıqlarını dayandırdığı və Azərbaycan torpaqlarının işğal edilməsinin davam etdiriləcəyinə dair rəsmi bəyanatları nəzərə alınaraq ölkədə qismən hərbi səfərbərlik elan edilməsi məsələsinə baxılsın, cəbhə bölgəsində dinc əhalinin təhlükəsizliyin təmin edilməsi və yeni torpaqların işğalı  təhlükəsinin aradan qaldırılması üçün silahlı qüvvələrdən istifadə olunmaqla hərbi əməliyyatlar da daxil olmaqla tədbirlərin həyata keçirilsin".
Bəyanatda şəhidlər haqqında xüsusi qanun qəbul ediməsinə də toxunulub: "Azərbaycan xalqının və cəmiyyətinin məsələ barədə, o cümlədən hərb, sülh danışıqları, münaqişənin nizamlanmasına dair təqdim edilən təkliflər, vasitəçilər haqqında  mövqeyinin düşmənə və dünya ictimaiyyətinə birbaşa nümayiş etdirilməsi üçün “İşğala son” şüarı ilə ümumxalq kütləvi aksiyası keçirilsin. Ölkənin müdafiə qabiliyətinin gücləndirilməsinin mühüm tərkib hissəsi olaraq və təcavüzkarın və onun havadarlarının beynəlxalq aləmdə apardıqları antiazərbaycan təbliğatının neytrallaşdırılması üçün  demokratikləşmə istiqamətində köklü siyasi dəyişikliklər və islahatlar həyata keçirilsin, siyasi məqsədli təqiblərə  son qoyulsun, siyasi məhbus problemi birdəfəlik həll edilsin və real antikorrupsiya mübarizəsi aparılsın. Regionda mövcud olan münaqişələrin davam etməsi səbəbinin və dövlətlərin müstəqilliyi üçün əsas təhlükə mənbəyinin bu gün də Rusiyanın işğalçı siyasəti ilə bağlı olduğunu qəbul edilərək Qarabağ məsələsinin Azərbaycanın maraq və mənafelərinin uyğun həllinin yalnız Rusiyapərəst xarici siyasətə keçidlə mümkünlüyü təbliğatının qarşısı alınsın və bu təbliğatın daşıyıcıları olan 5-ci kolon nümayəndələri dövlət orqanlarından uzaqlaşdırılsın",- deyə Koalisiya üzvləri təkliflərinin bəyan ediblər.
Həmçinin Koalisiya qələbələrimizin həqiqi mənbəyinin Azərbaycan xalqı olduğuna qəti şəkildə inanaraq iqtidarı və müxalifəti  xalqa arxalanmağa, xalqla birgə hərəkət etməyə, xalqla bir olmağa çağırır. "Bu məqsədlə Azərbaycanın demokratik qüvvələrinin  Qarabağ platformasında bir araya gəlməsi, yaranmış situasiyada vahid mövqedən çıxış etməsi, o cümlədən bu məsələdə hamı üçün ümumqəbul olunan prinsiplərin əks olunduğu  sənədin qəbul edilməsi barədə təklif və ideyalara tərəfdar olduğunu bildirir və əməkdaşlığa hazır olduğunu bəyan edir”,- deyə bəyanatda vurğulanır.