ANS-dən ATV-yə keçən aparıcı: “Bu, utancverici...”

 
Murad Əzimzadə ANS TV-də “Ağıl dəryası”, “Xəbər sizsiniz” və “Günəbaxan” verilişlərinin aparıcısı olub. O, bir müddət əvvəl ANS-dən ATV-yə keçib.
 
Axar.az ATV kanalının aparıcısı Murad Əzimzadə ilə müsahibəni təqdim edir.
 
- Murad, televiziyaya gələnə kimi necə bir həyatınız olub? İstərdim, əvvəlcə bundan danışasınız.
 
- Elə də uzun bir həyat yolum yoxdur. 27 yaşım var, valideynlərim Qərbi Azərbaycandandır - Göyçə mahalından. 1988-ci ildə köçkün düşmüşük. Əvvəlcə Şəmkir rayonunda məskunlaşmışıq. Mən orada dünyaya gəlmişəm, bir il sonra isə Gəncə şəhərinə köçmüşük. Aşıq Ələsgər adına 36 saylı orta məktəbi bitirmişəm. Daha sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsinə daxil oldum. Universitetdə oxuyarkən film sahəsi ilə maraqlandım. Gördüm ki, yox, tez bir zamanda nəsə etmək, tanınmaq bu sahədə mümkün deyil. Mən də TV sahəsinə yönəldim: AzTV, “Lider”, “Xəzər”, “Speys”, ANS, ATV - demək olar ki, bütün kanallarda tamaşaçı və stajor kimi iştirak edirdim, çalışırdım. Sonra prodakşnlara üz tutdum, qısa reklam çarxlarına çəkildim. Hansısa TV-nin bayram çəkilişlərində gedib əl çalırdım. Yəni bir sözlə, TV-də hər işdə çalışmışam. Bunu etiraf etməkdən də utanmıram.
 
- Əminəm ki, sizə kino və seriallardan təkliflər gəlir. Bəs, niyə hələ sizi kino və ya serialda görə bilmirik?
 
- Kinorejissorluq fakültəsində oxumağımın bir üstün cəhəti də onda idi ki, bizə rejissorluqla yanaşı, aktyorluq da öyrədirdilər. Rəhmətlik Tofiq İsmayılov bizə həm də aktyorluq dərsləri keçirdi. Bu yaxınlarda vəfat etdi, çox böyük ustad idi. Gələk indi serial və kino çəkilişlərinə: dəvətlər olub, indi də davam edir. Amma hələ ki, heç bir ssenariyə baxmamışam, çünki bildiyiniz kimi, yeni kanala keçmişəm. İş həyatımda, karyeramda müəyyən dəyişikliklər gedir, ona görə də indi bu barədə düşünmürəm. Buna baxmayaraq, serial və ya kinoya çəkilmək üçün sərt şərtlərim yoxdur. Sadəcə, bu dəqiqə hamı bilir ki, serial sahəsi açıq bazardır. Hamı qiymətləri bilir və ümid edirəm ki, mənim özümə qoyduğum qiymət qarşı tərəfdə narazılıq yaratmaz.
 
- ANS-də daha çox maarifləndirici verilişlər hazırlayırdınız, bəs, yeni kanaldakı layihəniz necə olacaq?
 
- Yeni kanal, yeni əməkdaşlar, yeni tanışlıqlar, yeni layihələr - bütün bunlar mənim həm işimə, həm şəxsi həyatıma müsbət təsir göstərir. Amma əlbəttə, bunun ağır və məsuliyyətli tərəfi də var. Ağır tərəfi odur ki, insan istər-istəməz düşünür, efirə çıxandan sonra necə olacaq, tamaşaçı məni necə qarşılayacaq. Dəyərli, sevimli ATV kanalına məni yaraşdıracaqlar? Bu suallar məni düşündürür. Hər bir aparıcını düşündürən prioritet suallardan biridir. Layihəmə  gəlincə, layihəm ümumilikdə şou tipli olacaq. Türk və rus kanallarında gördüyümüz kimi fərqli bir maqazin proqramı. Yəni adət etdiyimiz kimi ancaq müğənnilər olan bir veriliş olmayacaq. Ölkədə baş tutan  konsert və tədbirlərin, ATV kanalında yayımlanan verilişlərin, serialların kulisini göstərməyə çalışacağıq. Amma orada necə olacaq, nələr olacaq, bunları, inşallah, tamaşaçılarımız tezliklə ATV kanalında izləyə biləcəklər.
 
- ANS-də ciddi formatda verilişlər aparırdınız, necə düşünürsünüz, indi maqazin formatına öyrəşə biləcəksiniz?
 
- Daha əvvəl Lider TV-də iki maqazin yönümlü veriliş apardığım üçün bu formata qarşı heç bir yadlıq hiss etmirəm. ATV transferimdən çox şey gözləyirəm. Futbol dili ilə desək, özümü “Dortmund”dan “Real Madrid”ə transfer olunmuş oyunçu kimi hiss edirəm.
 
- Necə düşünürsünüz, bu transferdən sonra siz də şou-biznesin bir nümayəndəsinə çevriləcəksiniz, ya yox?
 
- İndi özümü şou-biznes nümayəndəsindən daha çox televiziya işçisi, jurnalist kimi sayıram. Amma nə vaxtsa mənim hansısa pullu tədbirdə, toyda aparıcılıq etdiyimi görsəniz, onda əmin ola bilərsiniz ki, mən şou-biznesdəyəm. Ümumiyyətlə, şou-biznesdə olmaq ayıb bir şey deyil, düzdür, bəzi aparıcılar, sənət adamları şou-biznesdə olmağı özlərinə ayıb bilirlər. Bu, utancverici bir iş deyil. Kimsə utancverici bir hərəkət edirsə, özünə cavabdehdir. Onun yerinə mən niyə utanmalıyam?!
 
- Sosial şəbəkələrdə çox aktivsiniz, maraqlı bir həştaqınız var – Danışanadam. Necə yarandı bu həştaq?
 
- Türkiyədə bir gənc var idi, Gəzi parkı hadisələri zamanı öz etirazını hamıdan fərqli olaraq, yerində dayanıb edirdi. Hamı ona “Dayanan adam” deyirdi. Onun etiraz üsulunu çox bəyəndim və sosial şəbəkədə bu həştaqı yazdım.
 
- Cəmiyyətdə baş verən bir çox hadisəyə fikirlərinizi bildirirsiniz. Belə fikirlərə sahibi olmaq üçün mütaliə etmək lazımdır. Kimləri oxuyursunuz?
 
- Kitab oxumaq mənə görə trend olmaq vasitəsi deyil. Gənclərin əksəriyyəti əlində Dostoyevski və Tolstoyun kitablarını gəzdirilər. Oxumasalar belə, bu, sevindirici haldır. Çünki əgər onlar qucaqlarında kitab gəzdirirlərsə, deməli, oxuyacaqlarına ümid var. Mənə gəldikdə isə uzun zamandır heç nə oxuya bilmirəm, çünki gərgin iş qrafiki ilə çalışıram. Bir televiziya adamı var idi. İndi təəssüf ki, adı yadımdan çıxıb. O deyirdi ki, Nobel mükafatı alan bütün yazıçıları oxumağa çalışın, əlbəttə, Nobel mükafatı almaq ən üst və ya yaradıcılığın aliliyi göstəricisi deyil. Amma Nobel mükafatı alan ədəbiyyatçılar cəmiyyəti maraqlandıran mövzulardan yazırlar. Müasir yazarlardan Qabriel Qarsia Markesi, Orxan Pamuku, klassiklərdən Dostoyevskini, Tolstoyu, Bulqakovu çox bəyənirəm. Amma çox təəssüf edirəm ki, azərbaycanlı yazarların, şairlərin kitabları çox sayda tirajlanmır. Mən həm də Nazim Hikmət vurğunuyam, amma Nazimin şəxsi həyatını özüm üçün bir az təzadlı hesab edirəm. İkinci dəfə dünyaya gəlsəydim, ədəbiyyat adamı olardım.
 
- Sizi ilk dəfə “Şəbəkə” ilə tanımışıq. Çox kreativ bir ideya idi. TV-yə yeni bir nəfəs gətirmişdi, hər kəs sevərək izləyirdi. Bəs, siz özünüz hansı tip verilişlərə baxırsınız?
 
- “Şəbəkə” ANS-də yayımlanırdı, verilişin ideyası “Ağıl Dəryası” verilişinin layihə rəhbəri və prodüseri Elçin Bayramov ilə mənə məxsus idi. Bir gün təsadüfən Elçin dedi ki, sosial şəbəkələrdən veriliş hazırlayaq. Sonra başladıq proyekt halına salmağa və beləliklə “Şəbəkə” verilişi yarandı. Daha sonra da dəyərli dostum, qardaşım Rahil Sayadoğlu o verilişə gəldi. Rahil uzun müddət “Şəbəkə”nin redaktoru olub, oradakı bütün mətnləri yazıb və qələminə hörmət etdiyim ən sadiq dostlarımdan biridir. Özüm isə ən çox sənədli filmlərə baxıram, sadəcə, zövqüm belədir. Sevimli aparıcım Okan Bayülgəndir. Ümumiyyətlə, gülmək istəyəndə Bəyaza baxıram, düşünmək istəyəndə isə Okan Bayülgənə.
 
- Sizin haqqınızda “Murad bir az yekəxanadır” deyirlər...
 
- Hətta uzun illərdir dostluq etdiyim insanlar da deyir ki, sən çox yekəxanasan, özündənrazısan. İnsanlar özünü qorumaqla yekəxanalığı səhv salır. Mən, sadəcə, öz şəxsiyyətimi qoruyuram. Amma real həyatda da, iş həyatımda da sadəyəm. Düşünürəm ki, hamımız sadə olmalıyıq. Cəmiyyətdə tutduğumuz mövqedən asılı olmayaraq!
 
- Maraqlıdır, sizə Maradona deyirlər, bu ləqəb necə yaranıb?
 
- Bu, ləqəb deyil, mənim əsl adım olub. Babam Həsən kişi futbol azarkeşi olub və argentinalı ulduz Dieqo Maradonanı çox sevib. Ona görə də niyyət edib ki, nəvəm olsa, adını Maradona qoyacağam. Beləcə adım Maradona olub. Daha sonra şəxsiyyət vəsiqəsi alanda adımı dəyişmək qərarına gəldim və Murad adını seçdim. Gəncədə hələ də çoxları mənə Maradona deyir (gülür).