ANS-in bağlanmasının şok - pərdəarxası gizlinləri

Politika.Az-ın analitik şöbəsi ANS telekanalının bağlanmasının gizlinlərini təhlil edib. Araşdırma qrupunun məqaləsini təqdim edirik:
 
Azərbaycanın ilk müstəqil telekanalı bir saatın içində bağlandı. Elə bir neçə saatın içərisində də Mir Şahin rəhbərlik adından Azərbaycan və Türkiyə xalqından üzr istədi. Müharibə, kataklizmlər, siyasi gərginliklərin burulğanında olmuş təcrübəli telejurnalist yaxşı dərk eləyirdi ki, belə həssas şəraitdə ciddi siyasi xətaya yol verilib.
O baxımdan ən operativ surətdə üzrxahlıq etdi, vəziyyətin daha da dramatikləşməsinə rəvac vermədi. Olsun ki, kimlərsə ANS-in əməkdaşının Fətullah Gülənin mətbuat konfransında iştirakına jurnalistika prinsipləri nöqteyi-nəzərdən normal yanaşır.
 
Yəni, media əməkdaşının işi istənilən tədbirdə iştirak etmək və sual verməkdir. Fərq etmir qarşıdakı terrorçudur, düşməndir, başkəsəndir yoxsa mərhəmətli şəxs.
Lakin bu olayda istisna var. ANS rəhbərliyi özü də etiraf etdi ki, elə həssas zamanda Qənirə Ataşovanın tədbirə getməsi, türk müxbirlərin zaldan çıxarılmasından sonra onlara qoşulmayıb qalması ciddi yanlışlıqdır.
 
Çünki Türkiyə-Azərbaycan münasibətlərinin ən sıcaq dövründə qardaş ölkənin terrorçu elan etdiyi və hərbi çevrilişə cəhddə suçladığı Gülənin keçirdiyi tədbirdə iştirak ikitərəfli münasibətlərə ciddi şəkildə kölgə salmaqdır.
 
Bu Türkiyə hökuməti tərəfindən belə qiymətləndirilir ki, Azərbaycan mediası hərbi qiyam olayında tərəfsizdir, çevrilişi qınamaq yerinə bitərəf mövqe münayiş etdirir. Axı Azərbaycan prezidenti İlham Əliyevin hərbi qiyamla bağlı açıqlaması ANS-in bu hadisədə siyasi kursunu müəyyən etməyə yetərli olmalıydı.
Prezident bildirmişdi ki, bu hadisə türk xalqına və dövlətinə qarşı cinayətdir. Habelə, prezident köməkçisi Əli Həsənov vurğulamışdı ki, İ.Əliyev bütün gecəni hadisələri izləyib, narahatlıq keçirib.
 
Və Türkiyə rəsmilərinin hərbi cinayəti törətməkdə ittiham etdiyi Fətullah Gülənə ANS az qala efirində yer verməyə hazırlaşırdı.
Mir Şahin həmin tədbiri yayımlamağı qadağan etdiklərini söyləsə də, Q.Ataşovanın bu məqsədlə mətbuat konfransında iştirakı artıq çox mətləbdən xəbər verir. Bundan başqa, məsələnin kökü daha əvvələ söykənir;
 
Ərdoğanın Bakıda Əliyevlə görüşü, Azərbaycanda Gülən məktəblərinin bağlanmasını xahiş etməsi, ölkədə nurçulara qarşı keçirilən əməliyyatlar, o cümlədən Prezident Administrasiyasında Gülənin adamlarının, başda Elnur Aslanov olmaqla digər vəzifəlilərin uzaqlaşdırılması ANS üçün böyük bir yaddaş kitabçası olmalıydı.
Hər halda üç günlük davam edən aprel müharibəsində Azərbaycana qarşı erməni silahlı qüvvələrinin törətdiyi cinayətə Türkiyə mediası neytral qalmadı, əksinə, Azərbaycan tərəfinə böyük dəstək verdi.
 
Həmçinin, prezident Tayyib Ərdoğan elə Gülənlə müsahibədə iştirak etmiş Qənirə Ataşovaya açıqlamasında aprel savaşında şəhid olmuş hərbçilərimiz üçün göz yaşı tökmüşdü, dəstəyini ifadə etmişdi.
 
Beləliklə, bir saatın içində bağlanan, rəhbərliyi prokurorluğa çağırılan və azı bir aylıq fəaliyyəti dayandırılan ANS-in bağlanmasının mübhəm sirrinin əsas amilləri yuxarıda sadalanan arqumentlərdir. Bununla da, Gülən nə Türkiyənin, nə də ANS-in üzünə güldü...