Ankaradan Moskvaya böyük insanlıq jesti – (Fotolar)

TİKA rəsmisi Rahman Nurdun: “Əgər bu gün Rusiyadan TİKA-ya yardımla bağlı bir müraciət olarsa, bizim cavabımız elə rusca olar, “koneçna”. Biz tərəfdən hər hansı bir problem yoxdur”
Türkiyə Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsinin təşkilatçılığı ilə 7 ölkəni təmsil edən jurnalistlərin Ankaraya səfəri zamanı növbəti görüş TİKA-nın (Türk Kalkınma və Yardım Agentliyi) baş ofisində oldu.
Qurumun Şərqi və Cənubi Asiya, Sakit Okean və Latın Amerikası ölkələri dairə başqanı Rahman Nurdun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistandan gəlmiş media mənsubları ilə ilkin tanışlıqdan sonra TİKA-nın fəaliyyətindən bəhs edən vidofilmə baxmağa dəvət etdi.
Ardınca isə qurumun yaradılmasından bəri keçdiyi yol haqqında bilgilər verdi. Dediyinə görə, 1980-ci ildə Türk Kalkınma Yardımı adlı təşkilat Afrikada yardım prosesinə başladıqdan sonra Orta Asiyada, Balkanlarda, Azərbaycan, Gürcüstan kimi ölkələrdə yardım kampaniyanlarını həyata keçirib.
1992-ci ildə isə TİKA-Türk İşbirliyi və Kalkınma Agüntliyi yaradılıb: “2002-ci ildə AKP iqtidara gələndən sonra TİKA bütün dünyaya açıldı. Hazırda təşkilatımız Orta Şərqdən, Latın Amerikasına qədər 140 ölkəyə yardımlar edir. Bizim 50 ölkədə ofisimiz var, Nyu-Yorkda fəaliyyət göstərməklə bağlı müqavilə imzalamışıq. 13 il içində 17 min layihə həyata keçirtmişik. Bütün layihələrin hesabatı ilin sonunda təqdim olunub, həmçinin qurumun saytında yerləşdirilib. 2002-ci ildə bizim yardımımız 260 milyon dollar idisə, 2015-ci ildə 4 milyard dollara çatdı. Türkiyə G-20-nin üzvü olaraq öz üzərinə düşənləri yerinə yetirib. 30 ən varlı ölkə arasında Türkiyə 10-cudur. Biz bu yardımları edərkən heç bir siyasi məqsəd güdmürük. Sadəcə yardım etdiyimiz ölkələrin inkişafı üçün çalışırıq və bu dəstək yalnız humanitar məqsəd daşıyır. 1999-cu ilə qədər TİKA Xarici İşlər Nazirliyinə bağlı idi, ancaq ondan sonra Nazirlər Kabinetinə bağlı bir qurum olaraq fəaliyyət göstərir. Hazırda qurum baş nazirin müavini Yalçın Akdoğanun rəhbərliyi ilə işini davam etdirir”.
Rahman Nurdun dedi ki, yaxın günlərdə öz işinə başlayacaq, BMT-nin və Türkiyə XİN-in birgə təşkil etdiyi İnsani Zirvədə TİKA da iştirak edəcək, təcrübə mübadiləsi və insan yardımı istiqamətində tədbirlər düzənləyəcək. Onun sözlərinə görə, Suriya qaçqınlarının Türkiyəyə axdığı bir dönəmdə İnsani Zirvənin keçirilməsi çox önəmlidir. Qəzzadə yaşayan insanların yüzdə 15-nin savaşlarda əlil olduqlarını dedi.  Bildirdi ki, bu, çox dəhşətli məsələdir. Həmçinin Somali insanının dəhşətli həyatından bəhs etdi: “2017-ci ildə dəhşətli quraqlıq gözlənilir, insanlar susuzluqdan əziyyət çəkir”.
TİKA-nın yardım kampaniyaları ilə nəyə nail olduğu barədə də müzakirələr oldu. “Böyük pullar xərclədiniz, Türkiyə bu sosial layihələrdən nə qazanır” sualının cavabında qurumun səlahiyyətlisi bunları söylədi: “Bizim iddiamız yoxdur ki, gedib hardasa nəsə ələ keçirək. Birlik, bərabərlik üçün şərtsiz yardımçı olmağa çalışırıq. Vaxtilə baş nazirimiz olan Rəcəb Tayyib Ərdoğan dedi ki, dünyanın harasında bir məzlum varsa, biz ordayıq və həyat yoldaşını da götürüb Somaliyə getdi”.
Suriya qaçqınları ilə bağlı danışan qurum rəsmisi “Suriyadan gələn insanlar qaçqın deyil, bizim üçün qonaqdır” dedi.
TİKA-nın hansı mənbələrdən maliyyə aldığına gəldikdə, R.Nurdun qeyd etdi ki, qurumun büdcəsi Maliyyə Nazirliyindən gəlir.
“Yardım üçün dövlət olaraq, yoxsa özəl sektor tərəfindən müraciət edilir” sualına cavabında bildirdi ki, ölkələrdə qurumun ofisləri yaradılandan sonra onlara yardım müraciətləri nazirliklərin xəttilə gəlir: “Deyirik ki, maliyyə nazirliyinin razılığı olmadan bizə müraciə etməyin! Yalnız rəsmi qurumun müraciətindən sonra biz layihələri həyata keçiririk. Bu layihələrin vəsaitləri yalnız Türkiyənin dövlət büdcəsindən ödənilir”.
“Türkiyənin bu qədər problemi varkən, üstəlik, qlobal böhran, Rusiya ilə gərgin münasibətlər fonunda TİKA-nın yardım kampaniyasının davam edib-etməyəcəyi barədə musavat.com-un sualını cavablandıran R.Nurdun ölkə başçısından sitat gətirdi: “Prezidentimiz deyib ki, dünya 5-dən böyükdür. Biz 1992-ci ildən bu layihələri həyata keçiririk, o zaman da durum yaxşı deyildi”.
Əməkdaşımızın “Rusiyadan müraciət gələrsə, TİKA bu ölkədə yardım proqramlarını gerçəkləşdirərmi” sualına cavab olaraq bildirdi ki, təşkilat Rusiyada bir ofis açmaq istəsə də, buna nail olmayıb:  “Əgər bu gün Rusiyadan TİKA-ya yardımla bağlı bir müraciət olarsa, bizim cavabımız rusca olar, “koneçna”. Yəni biz tərəfdən hər hansı bir problem yoxdur”.