​Ankara vacib hərbi əməliyyata başlayır

2014-cü ilin iyunundan İraqın Mosul şəhərini nəzarətdə saxlayan İŞİD-ə qarşı əməliyyatlar yenidən gündəmə gəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 zirvəsində Mosul-Rakka əməliyyatları barədə verdiyi açıqlamalar bunu deməyə əsas verir.
 
Turaninfo.az Axar.az istinadən xəbər verir ki, Əl Bab əməliyyatlarından sonra Türkiyənin dəstəyi ilə Azad Suriya Ordusunun (ASO) Rakkaya doğru istiqamət alacağı gözlənilir. Bu ərazilərdən İŞİD-in təmizlənməsində maraqlı olan Türkiyənin eyni vaxtda İraqda hərbi əməliyyatlara başlayacağı da istisna edilmir.
 
Bərzani xahiş edib…
 
İki həftə əvvəl Ankaraya gedən İraq Regional Kürd Rəhbərliyinin lideri Məsud Bərzani ilə görüşdə bu mövzu müzakirə edilib. Görüşdə Türkiyə ordusunun Başika düşərgəsində kürd, türkman və ərəblərə təlim keçdiyini xatırladan Bərzani qüvvələrin yetərsiz olduğunu, bu səbəbdən Ankaranın meydanda aktiv dəstək verməsini xahiş edib.
 
3 min PKK-çı Sincarda
 
Gələn həftə ABŞ hərbçiləri Ankaraya gələrək Rakka və Mosul əməliyyatlarını müzakirə edəcək. Lakin təhlükəsizlik qüvvələrindən bir mənbə “Yeni Şəfəq” qəzetinə açıqlamasında Qəndilə yaxın Sincar bölgəsində PKK-nın 3 minə yaxın döyüşçü topladığını deyib. Məqsəd isə Sincar dağını ikinci Qəndilə çevirməkdir. Bu səbəbdən Mosul əməliyyatlarında Sincardakı 4 PKK düşərgəsi də hədəfə alınacaq.
 
İkinci dəhliz olmayacaq
 
Ankara Rakka və Mosul əməliyyatları ilə PYD-PKK-nın yaratmağa çalışdığı ikinci dəhlizi də aradan qaldırmağı planlaşdırır. Süleymaniyə- Kərkük-Rakka-Haseke-Qamışlı-Kobani-Menbic dəhlizi nəzarət altına alınacaq.
 
Ankaranın türkman marağı
 
Bölgənin ən strateji hərbi bazasının yerləşdiyi Təlafər şəhərində İŞİD-in ilk hədəfi şiə türkmanlar olmuşdu. 2014-cü ildə şəhər işğal olunan zaman 52 yaşayış məntəqəsindən ümumilikdə 270 min türkman yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Ankara Təlafəri türkmanlar üçün geri almaq və Yaxın Şərqdə türkman varlığını qorumaq məqsədilə Mosul əməliyyatını keçirməkdə maraqlıdır.