Ankara-Moskva razılığı: İrəvan ərazilərimizdən çıxır

 
Ermənistan Prezidenti Serj Sərkisyanın “Rusiya bu gün” agentliyinə müsahibəsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Hərçənd, Sarkisyan bütün fikirlərində Qarabağ münaqişəsinin həlli üçün erməni maraqlarının təmin olunmasını vurğulayırdı. Ermənistan mediası isə Sarkisyanın dolayısı ilə əraziləri qaytarmağa hazır olduğunu açıqladığını yazır.
 
Publika.az xəbər verir ki, “Lragir” saytı Kremlin Dmitri Kiselyovu Sərkisyana təzyiq etmək üçün göndərdiyini yazıb: “Kiselyov Sərkisyanı küncə sıxışdırır və ondan eşitmək istədiklərini almağa çalışırdı. Hər şeydən əvvəl o, Sərkisyandan İlham Əliyevlə görüşməyə hazır olduğu fikrini aldı, lakin məcbur edirdi ki, Serj təkliflə çıxış etsin. Sarkisyanın müqaviməti isə çox zəif idi və nəticədə, onun müqaviməti qırıldı. Sarkisyan “Kazan düsturu”na (Qarabağ ətrafındakı rayonların qaytarılması nəzərdə tutulur-red) razı olduğunu etiraf etdi və Kiselyov qismən də olsa, öz hədəfinə nail oldu”.
 
Sayt qeyd edir ki, Sərkisyan 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə də toxundu.
 
“Qeyd etdi ki, həmin vaxt protokolların imzalanması üçün Türkiyə tərəfi Ermənistandan Qarabağ ətrafındakı rayonlardan heç olmasa birini qaytarmağı istəyir. Lakin ermənilər buna razı olmadıqları üçün razılaşma təxirə düşüb. İndi isə Rusiya əraziləri qaytarmaq üçün Ermənistana təzyiq edir. Moskva “Kazan düsturu”nun həyata keçməsinə və erməni-türk münasibətlərinin nizama salınmasına çalışır. Bu məsələni Türkiyə və Rusiya razılaşıb. Sərkisyanın cavabları Ermənistanın müqavimət göstərəcəyini deməyə əsas verir, lakin bu müqavimət çox zəifdir”, - məqalədə bildirilir.