"Anasından görmədiyini Elnarə xanımdan görən Mövlud..."

 
Sentyabrın 20-si Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının vəfatının 4-cü ildönümü tamam oldu.
 
Teleqraf.com-un tənqidçinin xatirə günü dərc etdiyi yazını Kult.az oxucularına təqdim edirik:
 
Bu gün Elnarə xanım Tofiqqızının anım günüdür. Onu haqqında yazılan bir yazıyla yenə yad edmək istədik. Axtarış verdik. Bəlkə qəribədir, bəlkə zərurətdir ki, bitib-tükənməyən məhkəmə-istintaq xəbər silsiləsindən sonra qarşımıza çıxan ilk yazı Mövlud Mövludun yarı informativ, yarı hiss-həyəcan dolu yazısı oldu. Bu yazının hər hərfində həm Elnarə xanım, həm indi özü də aramızda olmayan Mövlud var... Mövlud yazır: "Bu məsələdə hamının günahı var. Susuruq dostlar, susuruq". Və indi onların hər ikisi susur. Etirazın ən böyüyü də elə bu...
 
Mövlud Elnarə xanımı anır, biz hər ikisini. Hər ikisinin danışdığı yazı:
 
Günahkarlar cəzalansın!
 
Sevimli müəlliməmiz, əziz dostumuz, həmişə bizə analıq qayğısı göstərən Elnarə xanımın vəfatı xəbərini sentyabrın 20-də almışdıq. O, Bakıdakı "MediSina" klinikasında, əməliyyat zamanı vəfat etmişdi.
 
Hadisənin üstündən nə qədər vaxt keçib. Elnarə xanımın həyat yoldaşı, tanınmış jurnalist Anar Niftəliyev məhkəməyə müraciət edib. Azərbaycanın ən nüfuzlu jurnalistləri günahkarların tapılmasını tələb edən yazılar yazıblar. Hələ ki, araşdırmalarda müsbətə doğru bir dəyişiklik yoxdur. Əvəzində böyük bir utanc var, jurnalistika adına, insanlıq adına bir utanc. Teleaparıcı Elçin Əlibəyli məlum hadisə ilə bağlı hazırlayacağı verilişi özünün fırıldaqçı maraqlarına qurban verib.
 
***
Dünən mediaforum.az saytı xəbər yayıb: "Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızının işi ilə bağlı müstəqil təhqiqat başlayıb. Mərhumun həyat yoldaşı, cinayət işində zərərçəkmiş kimi tanınan jurnalist Anar Niftəliyev müstəqil təhqiqat aparılması üçün vəkil tutub. Zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov təmsil edəcək.
 
Səməd Vəkilov işlə tanışlığa başlayıb və Nəsimi Rayon Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb. Hüquqşünas noyabrın 25-də yaydığı açıqlamasında bildirib ki, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib: "İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik".
 
Zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının baş prokurorun xüsusi nəzarətində olduğunu deyib.
 
Anar Niftəliyev iddia edir ki, həyat yoldaşı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən dünyasını dəyişib. Məhkəmə-tibb ekspertizasının rəyində ölümə səbəb kimi "nəfəs çatışmazlığı" göstərilib. Hazırda tibbi komissiya həkimlərin məsuliyyətini müəyyənləşdirir".
 
Müəyyənləşsin, həkimlərin, jurnalistlərin, ictimai xadimlərin - hamının günahı müəyyənləşsin! Həkimlər nə qədər günahkardırsa, həmin faciə ilə bağlı verilişi məzhəkəyə çevirənlər onlardan çox günahkardır.
 
Bu məsələdə hamının günahı var. Susuruq dostlar, susuruq. Haqqımızı əlimizdən alırlar, susuruq, sözümüzü əlimizdən alırlar, susuruq. Vicdanlı müəlliməmizi əlimizdən alırlar, anamızın canına qıyırlar, susuruq. Sonra da kompüterin arxasına keçib hekayə, roman yazmaq istəyirik. Olmaz, belə olmaz. Allah bunu götürməz, Vallah, götürməz!
 
Öz anasından görmədiyi qayğını, yaxşılığı Elnarə xanımdan görən Mövlud, bu vaxta qədər günahkarların cəzalandırılması üçün heç nə etməyibsə, gedib onların yaxasından tutub: "Qaytarın Elnarə xanımı!" - deməyibsə, deməli, o da günahkardır. Cəzalansın, bütün günhakarlar cəzalansın!

Загрузка...
Загрузка...