​Analitik İqor Muradyan: ‘Amerikalılar çox gözəl başa düşür ki, ermənilər normal xalq deyil’

 
 
“ABŞ-ın dünyada nələr baş verdiyini anlamadan öz uşaqlarını ölümə göndərən bir  xalqla nə işi ola bilər...”
 
Rusiya Ermənistana 200 milyonluq kredit müqabilində silah satışına artıq başlayıb.
 
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzetinin “Rusiya Azərbaycana verdiyi silahdan Ermənistana da satacaq”, adlı məqalədə yazılıb.
 
Qəzetin xəbərinə görə, hərbi texnikadan əlavə Rusiya tərəfi həmin texnika ilə məşğul olacaq kadrların hazırlığı ilə də məşğul olacaq. Ermənistan Müdafiə nazirliyində bu xəbər təsdiq edilsə də, verilən silahların nomenklaturası barədə informasiya verməkdən boyun qaçırılıb.
 
Ekspertlərin fikrincə, burada ilk növbədə söhbət Ermənistan silahlı qüvvələrinin imkanlarını artıracaq silah sistemlərindən gedir.
 
Qəzet öz qaynaqlarına əsaslanaraq yazır ki, silah tədarükünə artıq başlanılsa da Moskva və İrəvan silah təchizatı və hərbi texnikanın tam  siyahısını razılaşdıra bilməyiblər.
 
“Silah təchizatı artıq başlayıb və bununla paralel olaraq hərbi personalın hazırlanması və başqa texniki işlərin görülməsi davam edəcək”, - deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan qəzetə bildirib.
 
 
 
Qəzetin xəbərinə görə, Ermənistan Rusiyadan “Qasırğa” tipli reaktiv yaylım atəş qurğusunu və ona əlavə ediləcək sursatları, habelə “İqla-S” tipli daşınar zenit raket kompleksi, “Avtobaza-M” tipli yerüstü radiotexnik kəşfiyyat kompleksi, “TOS-1A” (“Solntsepyok”) tipli ağır odatan sistem (daşıyıcı-doldurucu maşınla birlikdə), 9M113M tipli idarə olunan raketlər, RPG-26 minatanları, Draqunov tüfəngləri, “Tiqr” zirehli maşınlarını və rabitə vasitələri alacaq.
 
Qəzet daha sonra Rusiya Federasiyası prezidenti Vladimir Putinin Serj Sərkisyanla avqustun 10-da baş tutan görüşdə söylədiyi sözlərə diqqət çəkib: “Silahlanmaya gəldikdə, bizim Ermənistanla bu işlə bağlı proqramımız mövcuddur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının üzvüdür. Ermənistan bizim müttəfiqimizdir. Bizim qarşılıqlı öhdəliklərimiz vardır və Rusiya öz öhdəliklərini həmişə yerinə yetirir”.
 
 
 
“Eksport voorujeniy” (“Silah İxracatı”-red.) jurnalının redaktoru Andrey Frolov qəzetə bildirib ki, Moskva Azərbaycanın aldığı silahları Ermənistana da satır. Bu təbii ki, hərbi balansı İrəvanın xeyrinə dəyişəcək, lakin Bakı yenə də müəyyən üstünlüyünü qoruyacaq. Azərbaycanla Ermənistanın hərbi büdcələri arasında yerlə göy qədər fərq var. Burada hansısa paritetdən danışmaq mümkün deyil. Lakin bu silahlar şübhəsiz ki erməniləri gücləndirəcək. Bu regionda güc paritetliyini də özü ilə bərabər gətirəcək”.
 
Qeyd edək ki, Rusiya Ermənistana silah satışı ilə kifayətlənməyib, həm də onun quru qoşunlarını tam ələ keçirmək üzrədir. Moskvanın Ermənistanla birlikdə vahid quru qoşunları yaratmaq istəkləri bundan xəbər verir.
 
Ermənistanda bu tip informasiyalara sərt təpki göstərənlər var. Ermənistanın əsasən Qərb meylli yazarları bu siyasətin Ermənistanın müstəqilliyinin tamamilə itirməsinə gətirib çıxaracağını və Qərbin bu səbəbdən Ermənistanı dövlət kimi qəbul etməyəcəyini düşünürlər.
 
 
 
Analitik yazar İqor Muradyan bir erməni saytında Ermənistan ordusunun tamamilə Rusiya tərəfindən ilhaq olunması və bu səbəbdən İrəvanın Qərbdən üz döndərməsini aşağıdakı ifadələrlə tənqid edib: “.....Amerikalılar çox gözəl başa düşür ki, ermənilər normal xalq deyil və Rusiyadan vassal vəziyyətdədirlər. ABŞ-ın dünyada nələr baş verdiyini anlamadan öz uşaqlarını ölümə göndərən bir  xalqla nə işi ola bilər...İnformasiya əsrində yəqin ikinci belə xalq tapa bilməzsiniz. Ermənistan Rusiyaya öz uşaqlarının həyatı ilə xərac ödəyir və varlığı üçün başqa yol görmür....”