Ana problemi – Aysel Əlizadə yazdı

 
Ayrı vaxt qadın böyük qüvvə olur, “anayam” deyir. Ancaq məsələn, seçki günü - övladının yaşadığı cəmiyyətin taleyi həll olunanda ana olduğu yadına düşmür. Alt paltarından topa bülleten çıxır.
 
Bu necə ana?!
 
Övladla bağlı bircə ona toy eləmək haqqında çox düşünür. “Övladının toyuna gələk” - xalqın bir-birinə ən böyük arzusudu. Heç bir ictimai-siyasi- iqtisadi-sosial-mənəvi-kulturoloji-bəşəri açıqlaması yoxdu. Övladına niyə toy etmək istədiyini heç kim izah edə bilmir. Toyun övladın xoşbəxtlik qarantı olduğunu sübut edən fakt varmı? Toya qarşı deyiləm, həşirdən, bir toplum üçün vacib olan şeylərdən danışıram. Başqa şey deyirəm.
 
Harda işləyəcək bu övlad, necə dolanacaq, necə realizə edəcək özünü, özünü tapacaqmı, bir qadın, bir kişi kimi tamamlanacaqmı, arxasında dövləti olacaqmı, sağlamlığından işinə kimi minimum təminatı varmı – bunu kimsə düşünmür. Təki toy olsun.
Saxtakarlığı edən kişilərdi. Tamam. Onlarla mübarizə aparanlar da kişilərdi axı. Neçə siyasi partiyanın rəhbəri qadındı? Bir Lalə Şövkətimiz var, o da iyirmi ildi küsüb oturub. Bilinmir hardadı, nə edir. Forsundan müsahibə də vermir.
 
Qadının məsuliyyətdən yayınmaq üçün hər cür bəhanəsi var. Məişət yükü, uşağın qayğıları... Sənin uşağın böyüyüb nə olacaq, kim olacaq bu cəmiyyətdə? Hara böyüdürsən o uşağı? Çömçəni, qazanı qoy, qaç gəl, gör uşağın sabahı üçün nə edirsən.
 
Gənclərin üsyankar ruhunu boğmaq istəyən yaşlılara sual verən yoxdu. Məmləkətin balaları üçün bu nə cəmiyyətdi qoymusuz? Utanmırsız, hələ gəncləri gic-gic şeylərə görə qınayırsız!
 
“Sənin uşağın böyüyüb nə olacaq, kim olacaq bu cəmiyyətdə? Hara böyüdürsən o uşağı? Çömçəni, qazanı qoy, qaç gəl, gör uşağın sabahı üçün nə edirsən”
 
 
İllərdi mənə “qarışma, nəyinə gərəkdi cəmiyyət, həyatını yaşa” deyirlər. Başa sala bilmirsən ki, Janna d` Arka Janna d` Ark olma deməzlər. Bunu məzmunu ifadə etmək üçün yazdım. Bizə kimsə “hər şey yaxşı olacaq” sözü verməyib. Biz hər şey pis olanda seçim etmişik. Demirəm, hamı Janna d` Ark olsun. Yanımızda dayanmırsız, heç olmasa, zəhləmizi tökməyin.
 
Söhbət təkcə seçkidən getmir. Hərə öz vicdanının qulpundan yapışsın. Hansı xalq gəlib bizim üçün cəmiyyət düzəldəcək?
 
Mənə maraqlıdı - bu cəmiyyətin qadını hanı?
 
İddialı olmasa bu mövzuya toxunmazdım. İddialıdı axı - ağıllı, güclü, sevgi dolu olduğunu deyir.
 
Bütün bu keyfiyyətlər nəyə sərf olunur, bilinmir.
 
Söhbət azlıqdan getmir. 2015-ci il Milli Məclisə seçkilərə qoşulanda yanımda xeyli qadın vardı. Onlar təmənnasız mənimlə çiyin-çiyinə seçkilərin şəffaf keçirilməsi üçün çalışırdılar. Hər məntəqədə bizdən biri vardısa, qarşı tərəfdən iyirmisi vardı. Bunun üstünə topa bülleten atanları, yalandan səs verənləri də gələk.
Üzümüzə dururdular, həyasızlıq edirdilər. Mənzərəni təsəvvürə gətirin, adamı dəhşət bürüyürdü. Elə bil toya hazırlaşırdılar.
 
Qadına görə Troya dağıdıblar deyə böyük qüvvə olmasın. Mən istəyirəm qadına görə Troya tiksinlər. Mən qadın olaraq bunu istəyirəm.
 
Uğurlu qadını bir az danışdırsan, hansısa nöqtədə kövrələr, uğurunun arxasında bir kişi xəyanəti, bir kişi zərbəsi hiss edərsən. Özünü sübut etmək üçün ayağa qalxdığını öyrənərsən. Kişidə belə deyil. O, qadın zərbəsindən güclənmir, əksinə, yıxılır. O, qadının dəstəyi ilə bir az da qalxır. Demək, qadının kişini motivasiya etmək gücü var. O zaman yanında olub
 
“qorxma, qorxma” deyəndə bir də ədalətli olmağı məsləhət bilsin. Etmir. Qadını ali məqsədlər qayğılandırmır. Tək qalır, yaşamaq uğrunda savaşır, nəyəsə nail olur. Uğurunun arxasında tənhalıq dayanır, iş görmək, qatqıda bulunmaq yox. Deməli, əslində, bizim cəmiyyət qarşısında məsuliyyət hissimiz yoxdu.
 
“Uğurlu qadını bir az danışdırsan, hansısa nöqtədə kövrələr, uğurunun arxasında bir kişi xəyanəti, bir kişi zərbəsi hiss edərsən”
 
 
 
Uğurlarımız eqoya bağlı deyil, eqonun əzilməsinə bağlıdı. Biz saxtakarlığı çox-çox əvvəl - “mən anayam” deyəndə etmişik artıq. Oğlumuzu məişət əlili kimi böyüdüb, sonra elədiyimizlə qürurlanırıq.
 
Paltarını yudum, ütülədim, yeməyini verdim - böyük qüvvəyəm!
 
Kişi daim aldanışdadı: “Anam müqəddəsdi - məni böyüdüb, arvadım müqəddəsdi - mənə baxıb”.
 
Kişinin ədalət hissi ilə maraqlanmırıq, hesab sormuruq - neçə adamın haqqını yeyib, neçə qadını incidib. Həmişə oğlumuz, ərimiz haqlı, başqaları haqsızdı. Aldatdığı qadınlar hamısı pozğundu, günahkardı. Vəssalam. Onu biz belə tərbiyə etmişik.
 
“Oğlumuzu məişət əlili kimi böyüdüb, sonra elədiyimizlə qürurlanırıq: Paltarını yudum, ütülədim, yeməyini verdim - böyük qüvvəyəm!”
 
 
Dostum demiş, kürəkən-qayınata adlı problem yoxdu.
 
Gəlin-qaynana problemi...oba! Beyin bununla məşğuldu, doğulandan buna hazırlaşır. Oğlu hələ evlənməyib, ana artıq gəlinin başına nə oyun açacağını planlayıb. Mahiyyətdi bu, inciməyin. Və bu mahiyyət qadının iştirakı olan hər yerdə üzə çıxır.
 
Təkcə ölkədə yox, dünyada baş verən bütün ədalətsiz, neqativ hadisələrə görə həm də qadın cavabdehdi. Nə edirlərsə, birlikdə edirlər.
 
Atırıq kişilərin boynuna - dünyanı onlar idarə edir, hər şeyin günahkarı da onlardı. Hillari Klintonun hakimiyyətə gəlməsini səbrsizliklə gözləyirəm. Dünyanı, nəhayət, qadın idarə etsin. Olacaqlara baxaq. Bilirəm, ağlınızdan nə keçdi. Söhbət də ondan gedir. Deyirəm, gözləyək görək nə olur. Görək, həlledici məqamda gerçəkdən ana olacaqmı...