Ana fəryadı! Nə xoşbəxt imişəm bir zaman, Allahım...

                               (oğluma ithaf edirəm)
       
  
        Kaş ki, o səhər açılmazdı. Kaş ki, mən də o səhəri açmazdım. 
   
 
 
        Bir zamanlar elə xoşbəxt idim ki. Heç uşaqlığımda, gəncliyimdə belə xoşbəxt deyildim. 
        Sənin bu  dünyaya gəlişin, varlığın həyatımı çox dəyişdirmişdi. Çox xoşbəxt idim. Bir təbəssümün mənə dünyaları verərdi. Küçəyə çıxarkən insanların üzündə kədər qəm görərkən düşünürdüm ki, bu adamlar niyə həyatdan zövq almır. Hətta az qala onları evə dəvət etmək istəyirdim. Qapımız hər kəsə, səfalət içində yaşayan  yoxsullara, qoca-xəstə adamlara,  hətta yoldan keçən səfil insanlara açıq idi…
        Mən ancaq səninlə zəngin idim. Sən yanımda olarkən yadıma heç nə düşmürdü. Nə problemlər, nə başımızın üstünü kəsdirən kommunal xərclər, nə soyuqlar, nə istilər. Bir sözlə, heç nədən qorxumuz yox idi. Hətta gecələr cəftəni unudub qapını bilmədən açıq qoyduğumuz vaxtlar da olmuşdu. Nə oğru, nə başkəsənlər vecimizə deyildi. Çünki biz bir birimizi qoruyurduq. O qədər arxayın idik ki, bu həyata. Hətta yağışa da. Yağış yağanda həyətdə islanmağımız, rəqs etməyimiz, sənin ürəkdən gələn gülüşlərin mənə imkan verirdi ki, qollarımı iri açım, bütün buludları qucaqlayım.
       O gecə də bərabər yatdıq. Səni bərk bərk qucaqlamaq, qoxunu içimə çəkmək istədim. Amma toxunmağa qıymadım ki, yuxun qacar. Rahat yatasan deyə elə heykəl kimi səssiz səmirsiz  uzandım.
       Kaş ki, o səhər açılmazdı. Kaş ki, mən də o səhəri açmazdım. 
İlk payız günü sanki göy guruldadı, yer silkələndi. Ətrafımda olan hər kəsi otaqdan qovdum. Ancaq səninlə qalmaq, sən və mən olmaq istədim. Hətta tələsik telefonu götürüb səninlə son şəklimizi çəkdim. İnanmırdım ölümünə. Şəklimizə baxdım. Baxdım, baxdım və telefonu yerə  çırpdım. Sən daha mənə baxmırdın. Gözlərini həmişəlik yummuşdun…
      O səkil hələ də durur. Mənə baxmayan gözlərinə baxıram. Sənə baş çəkmək üçün tez tez məzarlığa gedirəm. Birdən evimizi  tapmazsan, arxamca gələrsən. Gözüm arxanca çox boylanır. Yolçu olub yolunu  hələ də gözləyirəm.
     Intizar acısı elə bir hissdir ki, onu ancaq çəkənlər bilər. Bu haqsız  dünyada biz nələr görmədik ki? Yanımda olsaydın mən bu həyatı “ikiüzlü”  yaşamazdım. Yaşamaq üçün maskalardan istifadə etməzdim. Indi küçəyə çıxıram, insanların qayğılı görkəmlərini, çöhrələrinə çökmüş kədər qəmi görəndə onları anlayıram. İndi tanıdım tanımadığım adamlardan qaçıram, qapı pəncərəni də bərk bərk bağlayıram və bir daha yağış altında rəqs eləmirəm.
     Səndən sonra  üç gün yağış yağdı və həmişəlik öz kövrək nəğməsini susdurdu.
    Nə xoşbəxt imişəm bir zaman, Allah 
    Xəbərim olmayıb bu səadətdən..

Elmira KƏNAN