​Amerika Qarabağ üçün “vahid paket” istəyir (YENİLƏNİR)

 
“Dağlıq Qarabağ münaqişəsi üzrə bütün məsələlər vahid paketdə müzakirə edilməlidir”.
 
Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılmasından söhbət gedirsə, buna paralel olaraq Qarabağın statusu da müzakirə olunmalıdır: “Tərəflər onlar üçün münasib olan elementləri götürə və müzakirə edə bilərlər. Bütün məsələlər müzakirəyə açıq olmalıdır”.
 
Uorlik qeyd edib ki, danışıqlar masasında bir neçə ideya var.
 
“Biz bu ideyalar ətrafında danışıqlar apara bilərik. Biz prezidentlərin danışıqlar yolu ilə irəliləyişə nail olmaq üçün siyasi iradə göstərmələrini istəyirik”, - deyə o bildirib.
***
“Qarabağda aprel faciəsində çox qurban oldu, lakin heç bir tərəf başqasını ittiham etməməlidir”.
 
Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün İrəvanda keçirdiyi mətbuat kofnransında deyib.
 
Onun sözlərinə görə, aprel döyüşləri sülh danışıqlarının böyük əhəmiyyətə malik olduğunu göstərir: “Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu, danışıqlar üçün əhəmiyyətli əsasdır. Hansı ki, biz bu danışıqlara təşəbbüs etmək istəyirik. Düşünürük ki, atəşkəsə riayət etmək haqqında qərara hörmət ediləcək”.
 
Amerikalı həmsədr təmas xəttində müşahidə olunan stabilliyin prezidentlərin razılığının nəticəsi olduğunu bildirib.
 
“Əminəm ki, ATƏT sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılacaq”, - deyə o bildirib.
 
Uorlik münaqişənin həlli istiqamətində səylərini artırdıqlarını vurğulayıb: “İnanırıq ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar. Azərbaycanda və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşaması mənim arzumdur”.