Amerika azərbaycanlılarından şəhid ailələrinə dəstək

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) 1-5 aprel tarixində Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin ailə üzvlərinə kömək məqsədilə yardım kampaniyasına başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, kampaniya Arlinqton və Virciniya Ştatında keçirilir. USAN kampaniyada iştirak edən şəxslərə yardım alan şəhid ailələri barədə ətraflı məlumat verəcək.
USAN-ın kampaniya ilə bağlı açıqlamasında bildirilir ki, Amerikada yaşayan azərbaycanlılar şəhid ailələrinə Azərbaycan dövləti tərəfindən hərtərəfli kömək göstərildiyi barədə məlumatlıdırlar: "Amerikada yaşayan azərbaycanlılar yaxşı bilirlər ki, şəhidlərimizin ailələrinin belə yardımlara ehtiyacı yoxdur. Onlar hər biri Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunublar. Lakin biz bu kampaniyaya başlamaqla həmvətənlərimizi səfərbər etmək, doğma vətənimizlə həmrəyliyimizi ifadə etmək və öz xalqımıza mənəvi dəstəyimizi nümayiş etdirmək məqsədi güdürük. Bu kampaniya maddi yardımdan daha çox mənəvi dəstək mənası daşıyır".