“Amerika, Amerika” – yeni dünya ssenarisini kim yazacaq? - TƏHLİL

 
“Hansı qalib gəlirsə, gəlsin, onsuz da mənim həyatım dəyişməyəcək”.
2000-ci ildə restoranlardan birində işləyən afroamerikalı qadın oğul Buşun qalib gəldiyi seçkilərdən öncə belə deyirdi. O vaxtdan 16 il keçib, Amerikada hər şeyin dəyişdiyini demək mümkün olmasa da, budəfəki prezident seçkiləri əvvəlkilərlə müqayisədə çox fərqli görünür.
 
“Sən yaxşı dövlət katibi olsaydın...”.
“Sən yaxşı iş adamı olsaydın...”.
 
Donald Trampla Hillari Klintonun mübarizəsini bu iki ifadə ilə xarakterizə etmək olar. Tramp Klintonun dövlət katibi olduğu müddətdə etdiyi səhvləri üzünə vurdu, ikinci isə birincini vergidən yayınmaqla ittiham etdi. Amerika bir gün sonra vergidən yayınan biznesmenlə yanlış siyasəti ilə yadda qalan keçmiş dövlət katibi arasında öz seçimini edəcək. Tramp, yoxsa Klinton? Bəlkə də 16 il öncə olduğu kimi, bu dəfə də amerikalılar üçün heç bir fərqi yoxdur, amma bu sual bütün planeti maraqlandırır.
 
Bu seçkinin Amerika tarixində uzun müddət unudulmayacağını deyə bilərik. Xüsusilə, seçki kampaniyasında qarşılıqlı ittihamların təhqir müstəvisinə qədər gedib çıxması, demokratiyadan çox uzaq addımların atılması, hazırki prezident Obamanın postunu tərk etməməsinə baxmayaraq, Trampa qarşı kampaniyaya açıq şəkildə qoşulması, seçki saxtakarlığının olacağı haqda qabaqcadan xəbərdarlıqların edilməsi, eləcə də respublikaçıların demokratların hazır bülletenlər hazırladığı haqda söylədiklərinə qədər bir çox “ilk”lər müşahidə olundu.
 
Amerika həm də kimin seçilməsindən asılı olmayaraq, tarixində “ilk belə prezident” möhürünü də vurmuş olacaq. Çünki Tramp seçilərsə, siyasətlə məşğul olmayan, biznesmen və qalmaqallı prezident, Klinton seçilərsə, ilk qadın prezident olacaq.
 
Ağ Evə kimin gedəcəyini müəyyən etmək asan deyil, amma bir sıra faktorlar müxtəlif ehtimallara yol açır.
 
“Amerika, Amerika”: anqlosakson və afroamerikalı
 
Seçki kampaniyası dövründə aparılan sorğuların əksəriyyətində Klinton öndə olub. Hətta Hillarinin seçilməsi 70 faiz proqnozlaşdırılır. Yalnız sonuncu sorğuda Tramp rəqibini ciddi şəkildə üstələdi. Buna səbəb isə Federal Tədqiqatlar Bürosunun Klintonun yazışmalarını yenidən ortaya çıxarması idi. Lakin respublikaçılar və demokratlara amerikalıların gözü ilə baxanda ortaya fərqli mənzərə çıxır. 1930-40-cı illərdən etibarən, respublikaçılar və demokratların elektoratı aydın şəkildə bir-birindən ayrılmağa başladı.
 
Respublikaçılar: mühafizəkar və daha çox vətənpərvər rolunda çıxış edən bu partiyanın əsas elektoratı “ağ amerikalı” hesab olunur. Onlara görə, ABŞ ağlarındır və gəlmələr, xüsusilə qaradərililər ağlarla eyni sırada dayana bilməz. 1861-65-ci illərdə yaşanan vətəndaş müharibəsinin səbəblərindən biri də məhz bu idi. Bu gün respublikaçıların ən çox cənub ştatlarında güclü olması da təsadüfi deyil. Lakin ABŞ müasirləşdikcə respublikaçılar irqçi və populist düşüncələrindən əl çəkməsələr belə bu haqda açıq danışmağı bir qədər arxa plana keçirtdilər. (Buna baxmayaraq, Trampın bunları açıq şəkildə dilə gətirməsinin səbəbləri haqda bir az sonra). Son 20-25 ildə, xüsusilə SSRİ-nin dağılmasından sonra cəzbediciliyini artıran ABŞ-a kənardan axınların olması ilə respublikaçıların elektoratı zəiflədi.
 
Demokratlar: bu partiyanın elektoratını liberallar, azlıqlar, həmçinin, gənc nəsil təşkil edir. Xüsusilə Latın Amerikasından olanlar (hansı ki, Tramp prezident seçiləcəyi təqdirdə, Latın Amerikası ilə sərhəddə divar hörəcəyini açıqlamışdı) və digər ölkələrdən gələn miqrantlar demokratları dəstəkləyir. Bu təbəqə son illər ağ amerikalı və mühafizəkar təbəqəni ciddi şəkildə üstələyib. Madonnadan tutmuş, Cenifer Lopezə qədər Hollivud ulduzlarının, Eminem, “50Cent” kimi məşhur rep qruplarının Hillariyə dəstək olması da müasir və liberal Amerikanın demokratların namizədi üçün səfərbər olunduğunu göstərir.
 
Bütün hesablamalar Klintonun öndə getdiyini və Ağ Evə bir addım daha yaxın olduğunu göstərir. Lakin məsələ təkcə respublikaçı elektoratın zəifləməsi, yaxud Hillari ilə müqayisədə Trampın özünü Jirinoviski kimi aparması deyil. Təcrübə göstərir ki, Amerika maraqları üçün istənilən şəxsi Ağ Evdən qova, istəniləni ora köçürə bilərlər. Və II Dünya Müharibəsindən sonra başlanan Amerika hegemonluğu sevdasında prezidentlərin seçilməsi də daha çox xarici siyasətin konturlarına bağlı olur.
 
Və bu konturlar içində hər iki namizədin tutduğu yer onlardan hansının seçiləcəyini ehtimal etməyə əsas verir.
 
Tramp “Bütün müsəlmanları ABŞ-dan qovmaq lazım olduğunu” deyəndə Yaxın Şərqdə aparılan müharibə və müsəlman miqrant problemi fonunda Ağ Evin yeni sahibinin o, olacağı ehtimalı önə çıxırdı. Təsadüfi deyildi ki, onun reytinqi məhz bu cür populist çıxışlar zamanı yüksəlirdi. Lakin respublikaçıların bu “dəli oğlanı” təkcə müsəlmanlara qarşı yox, Amerikadakı bütün miqrantlara, o cümlədən latınlara qarşı da eyni sərtliklə münasibət bəsləyir. “Müsəlmanları qovun”, “Latın Amerikası ilə sərhəddə divar hörün”... və budur, bütün dünya mediasının manşetini qızılsaçlı namizədin fotosu bəzəyir.
“Qalmaqallı sözlərlə pul xərcləmədən gündəm olmaq”. Trampın prezident olmaq istəyən şəxsin istifadə etməyəcəyi sözləri dilə gətirməsinin arxasındakı səbəblərdən biri budur. Bunu, amerikalı reklamçılar da təsdiqləyirlər. Misal üçün, Tramp qaradərililəri, qadınları, miqrantları söyür, prezident seçkilərinin ləğv etməyə və onun prezident elan edilməsinə çağırış edir, Krımın Rusiya tərəfindən ilhaqını dəstəkləyir, beləliklə, bütün medianın gündəminə çevrilir. Bu, bir sent də xərcləmədən reklam olunmaq üçün seçki texnologiyası (güman ki, yeni texnologiya) hesab oluna bilər.
 
Lakin Trampın xarici siyasət kursunda Amerika hegemonluğunu axsadan və “silah baron”larının maraqlarına zidd olan məqamlar da diqqətdən qaçmır.
 
NATO: Trampa görə, Şimal Alyansına dəstək kəsilməlidir və bu, ABŞ-a ciddi maliyyə itkisinin qarşısını almaq imkanı verəcək.
 
1. NATO Amerikanın Şərqə doğru genişlənməsinin əsas vasitəsidir. Buna dəstəyi kəsmək, hər şeydən əvvəl Rusiyanın əl-qolunu açacaq.
2. Bu, ABŞ-ın Avropa üzərində təsirini azaldacaq. “Brexit”dən sonra Almaniya və Fransanın Avropada güclənməsinə, beləliklə, hegemonluğu uzaq Amerikanın əlindən almasına səbəb ola bilər.
3. NATO-ya xərclənən böyük miqdarda pullar həm də hərbi bosların qazanc yeridir. Dolayısı ilə bu, Pentaqon üçün qəbuledilməzdir.
 
Asiya: Tramp Cənubi Koreya və Yaponiyaya verilən hərbi dəstəyin də dayandırılmasını istəyir və burada da Amerikada ciddi söz sahibi olan hərbiçilərin quyruğunu tapdalayır; bunu etmək Uzaq Şərqdə Çin üçün göydəndüşmə hesab oluna bilər; bu, Amerika hegrmonluğunun, eləcə də supergücün gələcək planlarının arxivə göndərilməsi deməkdir.
Trampın Çin siyasəti də diqqət çəkir. Onun fikrincə, Çinlə hərbi qarşıdurmadan vaz keçmək, əvəzində, Pekinin ABŞ-a satdığı məhsullara vergi qoyaraq, onu ovucun içinə almaq lazımdır. Bu, ağıllı strategiya kimi görünə bilər. Lakin burada diqqətdən qaçan bir məqam var.
 
Pentaqon uzun müddət 2025-ci ildə Çinlə müharibənin ssenarilərini hazırlayır. Bir neçə ay öncə bu ssenarilərdən birinin adı da yayılmışdı: “Çinlə müharibə: ağlasığmaz haqda düşünmək”. Bu, ssenarinin hazırlanması təkcə o demək deyil ki, Amerika Çinlə böyük müharibəyə hazırlaşır. Hər şeydən əvvəl bu, büdcədən Pentaqona milyardlarla dollar vəsaitin ayrılması deməkdir. İndi Çinlə qarşıdurmaya son qoyulması həm də ordunun əleyhinə atılmış addımdır. Pentaqon güman ki, “Tramp təhlükəsini” düşünməmiş deyil. Ümumiyyətlə, ABŞ siyasətində “xarici düşmən” əsas faktorlardan biri olub. SSRİ-dən sonra bu, müsəlman Şərqi və Rusiyadır. Bura Çini də əlavə etmək olar, lakin Pekinin “açıq təhlükə” elan olunması görünür sonrakı mərhələyə saxlanılıb. Bu, dünyada kiçik dövlətlərə “seçimini et” təzyiqinin edilməsi, daxildə əhaliyə daim qorxu sirayət edilərək, xaricdə atılan bütün addımlara dəstəyin qazanılması ilə yanaşı, həm də ordu üzərindən milyardlarla dollarların silinməsinə xidmət edir.
 
Müdaxilə və “rəngli inqilab”lar: “Biz xaricdə demokratiya qurmağa və rejimləri devirməyə çalışmayacağıq”, - Tramp vəd verir. Amerika dərin dövləti bundan vaz keçərmi? Yaxud, Amerikanın super güc olmasını zorla qəbul etdirmək istəyənlər müdaxilə siyasətindən imtina edərlərmi? Heç inandırıcı görünmür. Amerika üçün “soyuq müharibə”dən sonra ən böyük faktor müdaxilə və “rəngli inqilab”dır. Məhz bu faktor istənilən ölkəni tabe etdirməyə, tabe olmayanları devirməyə və bütün “bulanıq suların” demokratiya ilə “distilə” edilməsinə imkan verir.
 
Rusiya dostdur: Trampın bəlkə də ən böyük yanlışı budur və Hillari zaman-zaman bu yanlışı onun üzünə “soyuq su” kimi çilədi. Respublikaçıların namizədi Putinlə dost olduğunu deyir, Rusiya ilə savaşdan əl çəkəcəyini vəd edir, hətta Krımın ilhaqını tanıyacağını bəyan edir. Bu, faktiki olaraq, Ukraynanı yenidən Kremlin ağzına atmaq, Baltikyanı ölkələrini nişangaha çevirmək və “Rusiya təhlükəsi” adı altında aparılan bütün siyasətin alt-üst olması deməkdir.
 
Bu amillər ABŞ-ın hegemon maraqlarına uyğun gəlmir. Güman ki, Trampın özü də dediklərinin gerçəkləşməsinin çətin olduğunu anlayır. Hesab etmək olar ki, bu, onun seçicilərin səsini qazanmağa hesablanmış populist çıxışlarıdır. Xüsusilə yuxarıda qeyd etdiyimiz kimi, bir sent də xərcləmədən medianın gündəmində olmaq texnologiyasının bir parçasıdır. Lakin burada iki amil var.
 
Birinci: Amerikanı idarə edənlər Trampın sözlərinin seçiciyə hesablanmış seçkiqabağı gedişlər olduğunu anlasalar belə, onun prezidentliyinin riskli olduğunu düşünürlər. Və bu riski gözə almaq istəməyəcəklər.
İkinci: Amerikaçılığın bel sütunu olan respublikaçılar bunu bilə-bilə niyə Trampı namizəd olaraq irəli sürdü?
 
İkinci amil ABŞ seçkilərində çoxlarının diqqətdən qaçırdığı kiçik detalı önə çıxarır. Niyə Amerika siyasətinin “ağır top”u olan Makkeyn, sərt və təcrübəli siyasətçi Kondaliza Rays, yaxud heç olmasa Konqresin Nümayəndələr Palatasının sədri Pol Rayn yox, təcrübəsiz Tramp? Respublikaçıların seçimi düşündürücüdür. Axı dünyada müharibələrin getdiyi, Amerikanın da bütün münaqişələrdə dolayısı da olsa təmsil olunduğu bir vaxtda “müharibə partiyası” olan respublikaçılar daha uyğun namizədlə seçkiyə gedib, Ağ Evə yiyələnə bilərdilər. Burada çoxlarına inandırıcı görünməsə belə, bir ehtimal aydın şəkildə görünür. Trampın namizədliyi Hillari Klintonun qələbəsinə hesablanıb.
 
Gərgin seçki kampaniyasının altında görünməz olan bu amil Amerikanın gələcək siyasətinin, həm də dünyanın gələcəyinin necə olacağı və ya amerikalı bosların hansı strategiyanı izləyəcəyini aydınlaşdırmağa imkan verir.
 
Müharibənin dəyişən üzü: məntiqi ardıcıllıq hazırda Vaşinqtonda “müharibə partiyası”nın əmr verməli olduğunu göstərir. Hansı ki, 2000-ci ildə oğul Buşun rəqibindən geri olmasına baxmayaraq, Ağ Evə gətirilməsinin səbəbi də bu idi. Buş ona verilən missiyanı layiqincə yerinə yetirdi. Əfqanıstana girdi, İraqda müharibə apardı və belə demək mümkünsə, dünyanın gedişatını dəyişdirdi. Lakin məhz İraq müharibəsi Vaşinqtonun gələcək müharibələrə yanaşmasını da dəyişdirmişdi.
 
“Mənə həqiqəti de. Mənə oğlumun İraqda neft üçün öldüyünü de”.
 
Oğlunu itirən amerikalı ana Sindi Şihenin bu sözləri müharibə yanaşmasının dəyişmə səbəblərini aydın şəkildə göstərir. Amerika İraqda əsil palçığa bulaşmışdı və növbəti bir əsgərin belə öldürülməsi ciddi daxili problemlərə yol aça bilərdi. Həm də minlərlə başıboş olduğu təqdirdə, niyə amerikalı əsgər ölməli idi. Burada maliyyə faktoru də əsas rol oynayırdı. Misal üçün, İraq müharibəsində amerikalı əsgərlərin təkcə “kondisioner xərcləri” milyonları ötürdü. Halbuki, onların əvəzinə səhraların istisində doğulmuş ərəb sevə-sevə ölümə getməyə hazır idi. Amerikalılar bunu gec də olsa anladılar. Və yeni strategiya hazırlandı. Bunun bir adı “vəkalət müharibələri”dir. Yəni sənin əvəzinə başqası döyüşür. Lakin bu böyük tablonun bir parçasıdır.
 
Böyük tablonun adı “Holizm”dir:
 
2009-cu ildə indiki namizəd Hillari Klintonun Dövlət katibi vəzifəsinə başlayarkən, gələcək strategiya ilə bağlı məqaləsi yayımlandı.
 
“Bundan sonra Yaxın Şərqə holizm cərəyanını gətirəcəyik”, - Klinton məqaləsində yazırdı.
 
“Holizm”: yunanca bütöv, tam deməkdir. Siyasi-fəlsəfi cərəyan olan “holizm”ə görə, əgər bir insanın hansısa orqanı, yaxud əzası xəstədirsə, deməli onun bütöv bədəni xəstədir. Onu sağaltmaq üçün xəstə olan orqana, yaxud əzaya deyil, bütöv bədənə dərman verilməlidir. Lakin bu, kənardan edilməlidir, yəni bədənə birbaşa müdaxilə olunmamaldır.
 
Məhz “birbaşa müdaxiləyə yox” amili yeni strategiyanın ana xətti idi. Yəni oğul Buş dönəmində İraqa birbaşa müdaxilə edildiyi strategiyasından imtina olunur, əvəzində yenisi ortaya qoyulurdu. Misal üçün, X ölkədə demokratiyanın olmadığı deyilir və həmin ölkə xəstə elan olunur. Onun sağalması üçün kənardan “dərman” verilir. Bu dərman müxalifətin ayağa qaldırılması və onlara dəstəyin verilməsidir. Bu dəstək maliyyədən tutmuş, Suriyada olduğu kimi silaha qədər bir çox vasitələr ola bilər. Məhz bu strategiyadan sonra “ərəb baharı” başlandı, Suriya müxalifəti silahlandırıldı, İŞİD yaradıldı, Ukraynada “Maydan” yaşandı. Amerika birbaşa müdaxilə olmadan, okeanın o tayından oyunu idarə edir. İndi Trampla müqayisədə, bu strategiyanı gətirən demokratların namizədi Klintonun seçiləcəyi, seçilməsə belə Buş kimi mütləq şəkildə prezident olacağı ehtimalı böyükdür. Burada həm də müharibələrin getdiyi bir vaxtda Ağ Evə “müharibə partiyası”nın deyil, “müharibələrə qarşı” görüntüsü yaradan demokratların gəlməsini mümkün edən səbəb də aydın görünür.
 
Başa çatmayan missiya: Klintona “yaşıl işığın” yandırılacağına əsas verən digər amil “demokratiya missiyası”nın başa çatmamasıdır. Obamanın birinci prezidentliyindən (2008-ci il) başlayaraq, dünyanın “demokratikləşdirilmə dövrü” başlandı. Lakin yeni demokratiya təkcə söz azadlığı, yaxud toplaşma azadlığını ehtiva etmir. Bura homoseksualların hüquqlarının tanınması da daxildir. 2015-ci il 26 iyun tarixində ABŞ Konstitusiya Məhkəməsi eyni cinslərin evlənə biləcəyini tanıyan qərar qəbul etdi.
“ABŞ-ın heç bir ştatı eyni cinslərin evlənməsini qadağan edə bilməz”, - deyə qərarda bildirilir. Bu qərarın qəbulundan sonra prezident Barak Obama “bərabərlik mübarizəsində böyük məsafə qət edildi” deyə bəyan etdi. Dövlət katibi Con Kerri isə “Məhkəmənin qərarı dünyanın bütün nöqtələrinə çatdırıldı. Ayrı-seçkiliyi qəbul edən heç bir qanun ədalətin qarşısına keçə bilməz” deyə Amerikanın gələcək strategiyasını açıqladı. Bu, bütün dünyanı homoseksualların hüquqlarını tanımağa çağırış idi. Əks təqdirdə, qarşılarından Amerikanı görəcəklər.
 
Burada hədəflər ayındır:
 
1. Müdaxilə siyasətində yeni vasitə əldə etmək. Belə ki, indiyə qədər müşahidə olunan müdaxilə siyasətində siyasi məhbuslar, jurnalistlər, etnik azlıqlar və digərləri vasitə kimi istifadə olunur. Lakin bu vasitələrin nə üçün istifadə edildiyi də artıq ifşa olunmaqdadır. Bununla yanaşı, həmişə “cəsarətli siyasətçi, yaxud jurnalist” tapmaq da çətin olur. Homoseksualların hüquqlarını müdafiəsi isə yeni vasitədir. Digər tərəfdən, hər bir ölkədə homoseksual tapmaq, “cəsarətli siyasətçi”, yaxud “cəsarətli jurnalist” tapmaqdan daha asandır.
 
2. Nə qədər konsproloji yanaşma olsa da, homoseksuallığın leqallaşdırılmasının dünya əhalisinin sayının azaldılması siyasətinin bir parçası olduğunu deyə bilərik. İndiyə qədər müharibələr, kimyəvi silahlar, viruslar və keyfiyyətsiz qidalarla aparılan bu siyasətin onu tətbiq edən ölkələr, yaxud güclər üçün əks-effekti olur. Lakin homoseksualizm yeganə təsirli və zərərsiz vasitədir.
 
3. Homoseksualizmin populyarlığı cəmiyyətlərdə dəyərlər sisteminin də məhv olmasına gətirib çıxara bilər. Dəyərləri olmayan cəmiyyətləri idarə etmək daha asandır.
 
Məhz bu missiyanın başa çatmaması Klintonun, yəni demokratların xallarını çoxaldır. Çünki bütün bu proseslər demokratiya üzərində aparılacaq, mühafizəkar respublikaçı bu siyasəti yürüdənlər üçün əlverişli deyil.
 
Əgər Klinton prezident seçilərsə: homoseksuallar milli hökumətlərin baş ağrısına çevriləcək; demokratiyanın yeni barometri cinsi azlıqlara görə işləyəcək.
 
Müsəlmanlara münasibət: Trampın “müsəlmanları qovun” çağırışı Qərbi çulğalamış islamafobiya ilə nə qədər uyğunlaşsa da, Klintonun müsəlmanların müdafiəsinə qalxması bir o qədər Amerikanın işinə yarayır. Hər şeydən əvvəl, bu ABŞ-ın müsəlman əhalisinin Klintona səs verməsini təmin edəcək. Bununla yanaşı, Şərqin müsəlman əhalisi üçün Klintonun prezident olduğu Amerika xilaskar kimi görünəcək. Beləliklə, ABŞ xilaskar rolunda müsəlman Şərqi üçün düşündüyü “sabitsizləşdirmə və parçalanma” ssenarisini daha rahat şəkildə həyata keçirə biləcək. “Trampın namizədliyinin Klintonun qələbəsinə hesablandığı” fikri burada bir daha ortaya çıxır.
Namizədin biri (Tramp) “pis”, digəri isə (Klinton) “yaxşı” rolunda çıxış edir; Pis namizəd yaxşının əlinə işləmək üçün lazımi sözləri bəyan edir; beləliklə, müsəlman dünyasının “yaxşı” namizədin rəhbərlik etdiyi Amerikaya inamı artır; bu, həm də müsəlman dünyasında Amerikanın “işğalçı” obrazını aradan qaldırır və ABŞ-ın istədiyini etmək üçün yolu açılır.
 
Qadın prezident: Hillari Klinton prezident olacağı təqdirdə, Amerikaya ilk dəfə qadın rəhbərlik edəcək. Bu, qaradərili Obamadan sonra Amerikanın atacağı daha bir “ilk” olacaq. Böyük Britaniyada Tereza Meyin Baş nazir olmasından sonra Ağ Evin yeni sahibinin Hillari olacağı ehtimalı yüksəkdir. Çünki: Amerika “dərin dövləti” anqlosaksonların nəzarətindədir və onların gəldiyi Britaniyada qadın Baş nazir oldu; anqlosaksonlar Amerikaya da eyni ssenarini tətbiq edə bilər; Bu, Amerikanın, ümumilikdə Qərb dünyasının yeni humanizm dalğasının və bütün dünyada qadınların ölkənin idarəçiliyinə gətirilməsi siyasətinin başlanması ola bilər; Hansı ki, qadın liderlərə təsir etmək kişi liderlərlə müqayisədə daha asandır. Qadın liderlərin olduğu ölkələrə homoseksualizm və cəmiyyətlərin qəbul etmək istəmədiyi digər ənənələri gətirmək də asan ola bilər. (bu kiçik də olsa, diqqətdən qaçmayan variantlardan biridir).
 
***
 
a) Rusiya və Çin məsələsində daha sərt mövqe.
b) “rəngli inqilablar” və hakimiyyətlərin devrilməsi siyasəti.
 
Klintonun vəd etdiyi xarici siyasət kursunda bu iki məqam da aydın görünür.
Hər iki məqam müharibədən qazanc götürənlər və Amerika hegemonluğunu istəyənlər üçün sərfəlidir. Burada Klintonun “Amerika bütün proseslərin önündə getməlidir” sözləri də yada düşür. O da undulmamalıdır ki, Klinton dövlət katibi olarkən, Obamanı Liviyaya müdaxiləyə razı salmışdı. Bu, onun güc yolunu sevdiyini də göstərir, hansı ki, Pentaqon bundan çox məmnun olardı. Və ABŞ-da prezident seçkiləri öncəsi iki hərbi əməliyyat diqqət çəkdi: oktyabrın 17-si Mosul əməliyyatı başlandı; noyabrın 6-sı - seçkiyə iki gün qalmış Rakka əməliyyatına start verildi. Hər iki əməliyyatın hədəfi İŞİD-dir. Hansı ki, Tramp seçki kampaniyasında Hillarini İŞİD-i dəstəkləməkdə və terrorla mübarizə apara bilməməkdə ittiham edirdi. Hesab etmək olar ki, Pentaqonun liderliyi ilə aparılan Mosul və Rakka əməliyyatının səbəblərindən biri də Amerika daxili siyasətinə, yəni Hillarinin qələbəsinə hesablanıb.
 
Amma bütün hallarda seçki qutularından “qızıl saçlı oğlan” da çıxa və dünya üçün sürpriz ola bilər. Hər şey 9 noyabrda aydın olacaq. Lakin o ehtimal da diqqətdən qaçmamalıdır ki, hər iki halda dünyanı yaxşı gələcək gözləmir.