AMEA və seçki xülyasının sonu

 
Tanınmış alimdən prezidentə növbəti müraciət
 
AMEA-nın Fizika İnstitutunun Dinamik sistemlərdə xaos laboratoriyasının rəhbəri, fizika üzrə elmlər doktoru Elman Şahverdiyev “Hürriyyət” vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə növbəti dəfə müraciət edib. Müraciəti olduğu kimi dərc edirik:
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
 
Cənab Prezident,

 
Mayın 2-də düz 3 elandan sonra AMEA-ya yeni təyinatlar oldu. “Seçki”lərdə “Fizika” üzrə müxbir üzvlüyə namizəd idim. Amma yenə təyin olunmadım. Sözsüz ki, PA şöbə müdiri F. Abdullazadənin səyləri nəticəsində. 2014–cü ildə olduğu kimi. Bu müraciətimdə sizi Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsində yeni təyin olunmuşların, sizin iradəniz nəticəsində girış əldə etdiyimiz “Thomson Reuters” ( bundan sonra-TR)-də olan istinadlarının sayı ilə (öz-özünə istinadlarsız) bağlı məlumatlandıracağam. Deməliyəm ki, siz bu çətin iqtisadı durumda milyonlarla dollar vəsait hesabına bu girişi təmin edə bildiniz. Çox sağ olun! Ona görə belə deyirəm ki, seckidən bir neçə gün öncə - aprelin 28-də AMEA-nın ümumi yığıncağında bir qrup akademik açıq-acığına (biri hətta tribunadan) TR-ə qarşı olduqlarını belə gizlətmirdilər! Hətta TR-ə qarşı hansısa şərtlərdən danışırdılar, guya TR bunlara Azərbaycan alimlərinin istinadları barədə arayış təqdim etməlidir! Guya akademikdir, amma TR-dən istifadə edə bilmir! Onların məqsədi nədir və nə istəyirlər bu, hamıya bəllidir. Sadəcə güzgünü sındırmaq istəyirlər! Sitatları cüzidir axı!
 
Birinin 6 istinadı var, o birinin isə 1 istinadı var!
 
Cənab Prezident!
 
Beləliklə, TR-də akademik təyin olunmuş Yusif Məmmədovun (riyaziyyat) sıfır istinadı var, amma adına rast gəlinir! Müxbir üzv Misir Mərdanovun (riyaziyyat) 3 istinadı var. Əminağa Sadıqovun (kompüter elmləri) və İsmayıl İsmayılovun (informatika) adlarına belə rast gəlinmir! Məsumə Məmmədovanın (informatika) bir, Vagif İbrahimovun iki istinadı var!
 
Radiasiya materialsünaslığı üzə müxbir üzv təyin olunmuş  Oktay Səmədovun 82 istinadı var. Ramiz Aliguliyevin (informatika) 183 istinadı var. Akademik təyin olunmuş Ənvər Nəhmədovun (fizika) 105 istinadı, Nazim Məmmədovun (fizika üzrə təyin olunmuş akademik) isə 410 istinadı var. Fizika üzrə müzbir üzv təyin olunmuş Səlimə Mehdiyevanın 37 istinadı var!
 
PA humanitar şöbəsinin müdiri Fatma Abdullazadənin başçılığı altında  baş verən səlib yürüşünün nəticəsində AMEA üzvü olmaqdan məhrum edilmiş Elman Şahverdiyevin isə 670 istinadı var! İstinad rəqəmlərinin analizi onu göstərir ki, müxbir üzv təyin edilmiş 8 nəfərin cəmi istinadlarının sayi mənimkindən 2,2 dəfə azdır! Təyin olunmuş 3 həqiqi üzvün cəmi  istinadlarının sayı mənimkindən 155 vahid və ya 1,3  dəfə azdır!
 
Bu təyinatlardan birbaşa sonra AMEA-nın cəmi 190 üzvü oldu. Bu 190 nəfər AMEA üzvünün bir nəfərinin belə istinadlarının sayı mənimkindən çox deyil. Eyni fikri vahid məqaləyə olan istinadların sayına, Hirş indeksinə, ən çox istinad gətirən məqaləyə olan istinadların sayı haqqında da təkrarlayıram. İndi görün, Fatma Abdullazadə şəxsən mənə qarşı nə cür kosmik haqsızlıqlara, ədalətsizliyə imza atıb!
 
Cənab Prezident!
 

Siz həmişə xalqa xitab edirsiniz ki, ədalətsizliklər, haqsızlıqlar haqqında sizə müraciət etsinlər.
 
Və insanlar da sizə inanıb belə hallar haqqında sizi məlumatlandırırlar, sizdən kömək gözləyirlər! Əvəzində bir çox hallarda başları elə ağrıyır ki! 2014-cü il təyinatlarından sonra mənə qarşı edilən qalaktik ədalətsizliklər barəsində sizə az qala bir il fasiləsiz müraciətlər etdim! Amma səsimi eşidən olmadı! Bir dəfə elmi şurada İnnovasiya şöbəsinin hesabatı vaxtı dərc olunmuş məqalələrin sayının süni şəkildə şişirdilməsinə etiraz etdikdə, Fizika İnstitutunda işləyən Fatma Abdullazadənin əri O.Ələkbərov, əslində sizə müraciətlərimə görə, iclasda  məni təhqir etdi, adekvat cavab aldıqdan sonra oturduğu yerdən qalxaraq sürətlə mənə tərəf hücum çəkdi və bir neçə dəfə yumruqla məni vurmağa cəhd etdi. Yaxşı ki, ətrafdakılar onu zaldan koridora çixartmağa nail oldular! O.Ələkbərov dərhal bu insidenti Fatma Abdullazadəyə çatdırmış və o, öz növbəsində “ Qaçqınkomun” sədri cənab Əli Həsənova zəng etmişdir. Qeyd edim ki, mən əslən Cəbrayıl rayonundanam, Qarabağlıyam. Həmin komitə sədrinin haqqında eşitsəm də əvvəllər onunla heç bir salam-kəlamım, münasibətim olmayıb!
 
Fatma Abdullazadə o vaxt bu problemi belə malalaya bildi! İndi görün sizin əvəzedilməz məmurunuz, onun qohumu elmə ən çox istinad gətirən bir elmi işciyə qarşı haqqını tələb etdiyinə görə necə münasibət sərgiləyirlər! Və cəzasız qalırlar! O.Ələkbərov insanlara qarşı belə davranışı ilə hamını cana yığıb! Məsələn, mənimlə baş verən insidentdən heç bir ay keçməmış  bu cür münasibəti başqa bir elmlər doktoruna qarşı sərgiləmişdır! Yəni ətrafdakıları aşağılamaq O.Ələkbərov  üçün normal həyat tərzidir. Bir qalır əlinə qırmanc almaq!
 
Sanki arvadının səlahiyyətlərini mənimsəmiş O.Ələkbərov İnstitutlara direktor təyin etdirir, qrantlar ayırtdırır, Elmi, Müdafiə və s.şuraların tərkibini müəyyən etdirir, amma ... özünə məqalə yaza bilmir! Bu məsələ ilə bağlı bir şok faktı açıqlamaq istəyirəm: TR-də ümumilikdə 70 yaşlı Oktay Ələkbərovun adı 55 məqalədə keçir. Deyək ki, o məqalə yazmağa 25 yaşından başlayıb! Təsəvvür edin, bunlardan 28-i 2010-cu ilə qədər dərc olunub; qalan 27-i isə son 6 il ərzində dərc olunub. Yəni bu adam son 6 ildə əvvəlki 39 ildəki qədər məqalə dərc etdirib(!!!) Ölkənin  qrant fondları yaranandan sonra bu adam az qala  İnstitutda kim qrant alırsa onlarla həmmüəllifdir! Düşünürəm ki, əlavə sərhə ehtiyac yoxdur!
 
Cənab Prezident!
 
İxtisasım fizika olduğundan, “fizika” üzrə təyin olunmuşlara bir az əlavə vaxt ayırmaq istəyirəm.

 
Akademik təyin olunmuş Ənvər Nəhmədovun meteorik yüksəlişi doğrudanda AMEA-da görünməmiş bir hadisədir. Bu adam 20 il Almaniyada, ondan qabaq isə 8 il Türkiyədə işləmişdır. Elmə isə, buna baxmayaraq çox az istinad gətirmışdır. Cəmi 105. Daha konservativ olan SCOPUS da isə 53. 2013-də doktorluq dissertasiyası müdafiə etmış bu adam artıq  bir il sonra 2014-də Fatma Abdullazadənın və Oktay Ələkbərovun dəstəyi ilə müxbir üzv, 2017-də isə həqiqi üzv təyin olunmuşdur! Yəni, cəmi 3 il ərzində bu adam elmlər namizədliyindən  akademikliyə yüksəldılmışdır! Qoy Fatma Abdullazadə elmi ictimaiyyətə açıqlama versin ki, Ə.Nəhmədov hansı xidmətlərinə görə belə yüksəlişə layıq görülüb! 2017-ci il seçkisindən bir neçə ay qabaq onu MGU-nun Bakı filialına dekan transfer etmişlər!  Fikrimcə, bu məsuliyyəti başqaları ilə bölüşmək cəhdidir! Həm də ictimaiyyətə bir mesajdır ki, baxın, ən yuxarı belə mənə qulaq asır! AMEA saytında olan məlumata görə, 58 yaşlı bu akademik indiyə qədər bir aspiranta rəhbərlik etmışdır! Bütün bunlar onu göstərir ki, Ənvər Nəhmədovun akademik (və müxbir üzv ) təyin olunması AMEA nizamnaməsinin kobud pozuntusudur!Özbaşınalığın bariz nümunəsi olmaqla bərabər son həddidir!
 
Cənab Prezident!
 
AMEA-nın, tərəfinizdən 11 Dekabr, 2014-də imzalanan nizamnaməsində göstərilir:

 
“Akademiyanın həqiqi üzvləri (akademikləri) Akademiyanın Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan müxbir üzvləri sırasından seçilirlər”.
 
“Akademiyanın müxbir üzvləri elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər”.
 
Sual olunur, haradadır o elmi zənginləşdırən  yeni biliklər ki, onlara bu qədər cüzi istinadlar var! Bundan əlavə, 2014-cü ildəki seçkilərdən sonra o, elmə yalnız bir neçə istinad gətirmışdır! Əlavə sual: Haradadır o tanınmış elmı məktəblər! AMEA heç onun özünü tanımır, o ki, qaldı elmi məktəblərini!
 
İndi isə 2016-da qəbul edilmiş “Elm haqqına qanun”dan müvafiq arayış:
 

“elmi məktəb – uzunmüddətli dövr ərzində formalaşan özünəməxsus elmi baxışlara, ənənələr və dəyərlər sisteminə malik olan, elmin müəyyən istiqaməti üzrə yeni biliklər yaratmaq, yaymaq, ötürmək və tətbiq etmək funksiyalarını yerinə yetirən, yaradıcıları və davamçıları ilə tanınan, özünü inkişaf qabiliyyətli elmi fəaliyyət subyekti”.
 
“Fizika” üzrə 2014-də müxbir üzv, indi də həqiqi üzv  təyin olunmuş ikinci bir adam Nazim Məmmədovdur. İlk baxışda bu adam elmə kifayət qədər istinad gətirmışdır. Amma, gəlin məsələnin mahiyyətinə varaq!Əlbəttə, onu təyin edənlər üçün mahiyyət heç nədir, əsas -mişuradır! Əslində heç səriştələri də çatmır ki, mahiyyətə varsınlar!
 

N.Məmmədov cəmi bir neçə məqaləsi istisna olmaqla, qalanlarında aparıcı müəllif deyil, 6-cı, 7-ci, sonuncu yerlərdədır. Yəni bu adamın həmin işlər əsasında AMEA üzvü olması elmi etikaya sığmayan bir məsələdir! Deyirlər bu adam 12 il Yaponiyada işləyib! Nə olsun ki! Qoy o desin ki, həmin illərdə o neçə məqalədə aparıcıdır! Xarıcdə işləyənlər bilir ki, belə məsələlərdə müəlliflər çox həssasdırlar! İşin əsas hissəsini kim görübsə, o da birinci müəllif olur,  ondan birazını görənlər-2-müəllif və s. Düzdür, lap çoxmüəllifli kollektiv olanda (məsələn CERN-dəki qruplarda görülən işlərdə minlərlə həmmüəllif olur) müəlliflərin düzülməsi əlifba sırası ilə olur!Qısaca desəm, burada müəyyən mənada mərhum, 2014-də müxbir üzv təyin edilmiş Övsət Abdinov sindromuna oxşar vəziyyət var! 3 min həmmüəlliflə (CERN-dəki işlər nəzərdə tutulur) müxbir üzv olan Övsət Abdinovun o işlərə nə qədər aidiyyəti vardısa,N.Məmmədovun da  elə həmmüəllifi olduğu işlərə  o qədər aidiyyəti var!!!
 
Digər bir məqam,  hal-hazırda AMEA saytına görə bu adam 3 aspiranta (doktoranta) rəhbərlik edib. AMEA-nin həmin saytında hələ 4 il əvvəl olan xəbərdə (bax:21 Noyabr, 2013) isə deyilir ki, N.Məmmədov 10-a yaxın aspiranta (doktoranta) rəhbərlik edib. Yenə də Ə.Nəhmədov məsələsindəki suallara qayıdırıq! Hanı bu adamın tanınmış elmi məktəbləri, hanı bu adamın elmə gətirdiyi yeni biliklər! Bu adamın adı daima İnstitutda olan neqativ hadisələrdə hallanıb, plagiatlıqda, direktor vəzifəsindən sui istifadə edərək insanlarda kobud rəftar etməsində, söyüş söyməkdə və s. Təsəvvür edin, bu  adam  sitata “si*at” deyir, hətta qadının yanında belə! Guya bununla sitatı çox olanları aşağılayır! Bu adam düşünür ki, arxasında duran havadarlarına görə bundan heç vaxt hesab sorulmayacaq!Təsadüfi deyil ki, N.Məmmədovu direktor təyin etdirən O.Ələkbərov tez-tez yaxın ətrafına deyırmiş ki, mən onu direktor qoydurmuşam ki, o, bu kollektivi şillə-təpiklə idarə etsin! Burada artıq sözün bitdiyi məqamdır!
 
“Fizika” üzrə müxbir üzv təyin olunmuş Səlimə Mehdiyevaya gəlincə, bu sırf klan mənsubiyyəti üzərində həyata keçirilmiş təyinatdır! Elmə gətirdiyi istinadların sayına görə, belə deyək, 3-cü, 4-cü liqada olan işçi niyə müxbir üzv təyin olunmalıydı, axı! 15 namizəd arasında həmin klanın cəmi 2 nümayəndəsi vardı ki, onlardan biri təyin olundu. Bəzən eşidirsən ki, Səlimə Mehdiyeva keçmişlərdə İnstitut direktoru olub! Birincisi, bu ağ yalandır! İkincısı, lap olubsa nə olsun ki! Harada yazılıb ki, İnstitut direktoru, müavinləri  hökmən AMEA üvzü olmalıdırlar?! S.Mehdiyeva da N.Məmmədov yalnız bir neçə məqalələrində 1-cü həmmüəllifdir. Əksər məqalələrində 2-ci, 3-cü  həmmüəllifdir! Təsəvvür edin ki, gələn seçklərdə bu işlərin digər həmmüəllifləri də AMEA üzvü təyin olunur! Artıq bu seçklərdə belə bir biabırçı,AMEA təyinedicilərinə utanc gətirən bir presedent baş verdi! Adlar qısa dəqiqləşdırmələrdən sonra mütləq açıqlanacaq!
 
Cənab Prezident!
 
Dərindən düşündükdə, bu təyinatların hər biri Azərbaycan elminə qəsddır! Özü də bilərəkdən! Fatma Abdullazadə tutduğu vəzifədə 25 ildir ki, oturub. Hər seçkidə də bu işlə məşğul olur! Onun belə qəsdinin nəticəsidir ki, Azərbaycan elmi beynəlxalq qiymətləndirmələrdə kiçik qonşu dövlətlərə belə dəfələrlə uduzur! Elmə cüzi istinad gətirənlərin mükafatlandırılması başqa nə anlama gələ bilər ki?! Elmə ən çox istinad gətirənlərin birinə qarşı səlib yürüşü bəs hansı nəticələrə gətirib çıxartmalıydı?! Əyanilik üçün SCOPUS data bazasına əsaslan ən son reytinq göstəricılərini açıqlayıram (söhbət ümumilikdə 2016-cü ilə qədərki dövr üçün 239 ölkədən və ərazi  qurumlarından gedir) :
 
1) sitat olunmuş məqalələrin sayına görə
 
Ermənistan (79-cu yerdə)- 12496, Azərbaycan (90-cı yerdə)- 9620;
 
2) Hirş indeksi (Hİ) üzrə göstəricilər belədir:  Ermənistan (65-ci yerdə)- Hİ=135, Azərbaycan (126-cı yerdə)- Hİ=64;
 
3)Məqalələrə sitatların sayina görə
 
Ermənistan (80-cı yerdə)- 130584, Azərbaycan (109-cu yerdə) -40070;
 
4) Bir məqaləyə olan sitatların sayına görə
 
Ermənistan (118-ci yerdə)-10.16 ,  Azərbaycan (229-cu yerdə)- 4.07;
 
Bütün bu faktlara əsaslanaq Fatma Adbullazadəyə səslənirəm: istefaya gedin!
 
Azərbaycan elminə azadlıq verin! Siz seçkiyə müdaxilə etmirsinizsə, seçki günü AMEA-də  bütün günü nə işlə məşğül olursunuz!

 
Cənab Prezident!
 
Yaranmış vəziyyətdə ən ədalətli qərar seçklərin nəticələrinin ləğv edilməsi olardı! Amma indi təyin edilmişlər inciyəcəklər ki, bizdən əvvəlkilər də elə bu qaydada təyin olub, niyə o vaxt ləğv olunmadı, indi olundu?! Ona görə də daha ədalətli müvəqqəti həll o ola bilərdi ki, Fatma Adbullazadənin dərhal istefasından sonra yeni əlavə seçkilər təyin olunsun və ədalət qismən də olsa bərqərar olsun. Siz, AMEA Nizamnaməsinə görə AMEA üzvlərinin sayını müəyyənləşdirirsiniz! Amma əsas təklifim odur ki, yaranmış situasiyada AMEA-nın  yenidən təşkil olunması məsələsini gündəmə gətirəsiniz. Nizamnamənin son bəndinə görə bu, tam sizin səlahiyyətinizə aid məsələdir! AMEA-nın yenidən təşkili zamanı yaşından və başından aşılı olmayaraq bütün AMEA üzvləri ciddi data bazalarında (“Thomson Reuters”-də və SCOPUS-da) elmə gətirdiyi istinadları əsasında seçilsinlər(Qeyd edim ki, Azərbaycanın elm qurumları SCOPUS-a abunə deyil, amma Elsevier Şirkətinin jurnallarınin birində qeydiyyatdan keçməklə SCOPUS-dan ödənişsiz faydalanmaq olar:ən azından hər adam öz istinadları, Hirş indeksi və məqalə sayı haqqında məlumat ala bilər; mən bu barədə AMEA-nın “Elm” qəzetində Martın axırında kiçik bir məqalə də yazmışdım).
 
İlk seçkiləri təyinatla da başlamaq olar. Bəlkə də AMEA-ya buna görə Azərbaycan Respublikasının prezidenti yanında bir Qurum statusu da vermək hüquqi cəhətdən daha düzgün olardı!
 
Hörmətlə,
 
Elman Şahverdiyev
 
AMEA Fizika İnstitutu,
 
“Dinamik sistemlərdə xaos” laboratoriyasının rəhbəri

Загрузка...
Загрузка...