Alsheymer xəstələrinin “itirilmiş” xatirələrinə yol tapıldı

Britaniyanın “RIKEN-MIT” Genetik Neyron Zəncirləri Mərkəzinin tədqiqatçıları baş beynin zədələnmiş toxumalarının işıqla stimullaşdırılması texnologiyasının köməyi ilə Alsheymer xəstəliyinə tutulan laboratoriya siçanlarının “itirilmiş xatirələrini” bərpa ediblər.
 AZƏRTAC “oane.ws” saytına istinadla xəbər verir ki, alimlərə görə, ahılların yaddaşı itmir, sadəcə, onlar müəyyən fraqmentlərə yol tapmaqda çətinlik çəkirlər.
 Nobel mükafatı laureatı Sudzumi Toneqavanın rəhbərliyi ilə bir qrup tədqiqatçı sübut edib ki, Alsheymer xəstəliyi zamanı xatirələr baş beyindən silinməyibsə, amma pasiyent müəyyən fraqmentləri yada salmaqda çətinlik çəkirsə, yaddaşın itirilməsi bərpa olunan prosesdir. Təcrübə siçanlarının baş beyninin müəyyən nahiyələrini mavi rəngli işıq diodları ilə stimullaşdıran alimlər onları daha əvvəl unutduqları informasiyanı xatırlamağa məcbur ediblər.
 S.Toneqava bildirib ki, insanın və laboratoriya siçanlarının baş beyninin iş prinsipləri oxşardır. Bu da ahılların yaddaşını bərpa etmək üçün analoji prinsipdən istifadə olunmasını mümkün edir. Gəmiricilər üzərində aparılan çoxsaylı eksperimentlər sübut edib ki, Alsheymer xəstəliyinə tutulan pasiyentlərin itirilmiş yaddaşını ən azı xəstəliyin erkən mərhələsində qaytarmaq mümkündür.