Almaniyanın “erməni qərarı” - təhlil

Bundestaqın “erməni soyqırımı” qətnaməsi Türkiyə hakimiyyətinə qarşı cəza və təzyiq mexanizmidirmi?
Dünənki günün hadisəsi Almaniya parlamentinin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri “erməni soyqırımı” olaraq tanıyan qətnamə layihəsini qəbul etməsi oldu. Qətnamə emosional reaksiya doğursa da, əslində, gözlənilməz olduğu qədər də gözlənilən idi. 
Məsələ ondadır ki, Almaniya Bundestaqında “erməni soyqırımı” qətnamə layihəsinin müzakirə olunacağı ilə bağlı məlumat xeyli əvvəldən məlum idi. Yəni gözlənilməz, qəfil hadisə deyildi. Amma bu qərar həm də gözlənilməz oldu. Çoxları inanmırdı ki, Avropada Türkiyə ilə yaxın münasibətlərə malik Almaniya dövləti bu qədər kəskin addım atar. Çünki bu mövzuya Türkiyə dövlətinin həssaslığı hər kəsə bəllidir. O zaman nə baş verdi ki, “Avropada türklərə ən yaxın millət olan almanlar” belə bir “xəyanətə” qol qoydular?
Bir az pafoslu görünsə də, indi çoxları aşkar və ya ürəyində belə düşünür, almanların xəyanətindən danışır. Burda həqiqət yükü də var. Həqiqətən də ötən 100 ildə Türkiyə və Almaniya arasında yaxın tərəfdaşlıq və hətta savaş ittifaqı olub. Yeri gəlmişkən, ermənilərin “soyqırım” deyə iddia etdiyi köçürülmə hərəkatının əsas müəlliflərindən biri də almandır. I dünya müharibəsi zamanı, 1914-17-ci illərdə Osmanlı ordusunun baş qərargahı rəisi olmuş general Fridrix (Fritz) Bronsart von Şellendorf (Schellendorf - 1864 – 1950) son illərdə üzə çıxarılan arxiv sənədlərinə əsasən savaş zamanı Anadoludan ermənilərin imperiyanın kənar bölgələrinə köçürülməsi planının təşəbbüskarlarından biri olub.
İndi birdən-birə 50 mindən az erməninin və 3,5 milyon türkün yaşadığı Almaniyanın bu addımını bir mənada xəyanət adlandırmaq olar. Amma siyasətdə maraqlar olur. Bu maraqlar isə Almaniyanın bu şəkildə kəskin qərar almasına gətirib çıxardı.

Alman parlamentinin 2 iyun qərarını analiz etmək üçün Türkiyə-Almaniya münasibətlərinin ən azı son illərinə baxmaq lazımdır. Məsələ ondadır ki, Türkiyə-Almaniya əlaqələri hər zaman yaxşı olub. AKP hakimiyyəti dönəmində isə daha da inkişaf edib. Yalnız son dövrlərdə münasibətlərdə müəyyən soyuqluq hiss olunmağa başlayıb. Lakin ümumilikdə iki ölkə münasibətləri yüksək səviyyədə olub, Almaniya hökuməti Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesini dəstəkləyib.
Berlin və Ankara arasında soyuqluğa səbəb olan 3 hadisə isə son aylarda qeydə alınıb. Bunlardan birincisi, qaçqınlar anlaşması oldu. Anlaşmaya əsasən suriyalı qaçqınlar Türkiyəyə geri qaytarılacaq, bunun qarşılığında Türkiyəyə maddi yardım ediləcək və seçmə yolu ilə Avropa miqrant qəbul edəcəkdi. Buna qarşılıq Türkiyə hökuməti vətəndaşlarının Avropaya vizasız səyahətinə icazə verilməsini tələb edirdi. Bu anlaşmanın əldə olunmasında əslində Avropa tərəfdən əsas fiqur Almaniya kansleri Angela Merkel idi. Almaniya ötən ilin sonlarında hər ay 90 minə yaxın qaçqın qəbul etməklə çox çətin vəziyyətə düşmüşdü. Bu səbəbdən də Almaniya hökuməti Türkiyə ilə qaçqınlar mövzusunda anlaşmada çox maraqlı idi. Anlaşma formal olaraq əldə olunsa da, viza razılaşması həllini tapmadı və Türkiyəyə vəd edilən 3 milyard avroluq maddi yardım Ankaraya deyil, beynəlxalq yardım qurumlarına verildi. Bununla da əslində qaçqınlar mövzusunda anlaşma, Anadolu türkləri demişkən, “suya düşdü”.

İkinci problemli mövzu kürd məsələsi oldu. 2013-cü ildə Türkiyə hökumətinin PKK ilə əldə etdiyi sülh razılaşması ötən il pozuldu və Türkiyə hökuməti yenidən antiterror əməliyyatlarını başlatdı. Almaniya bütövlükdə kürd məsələsini etnik problem kimi görür, nəinki bir terror hadisəsi kimi. Üstəlik, Avropa ictimai rəyi bu hadisələrin məsuliyyətini Türkiyə hakimiyyətinin üzərinə atmağa çalışdı.
Nəhayət, son olaraq Almaniyada satirik teleproqram aparıcısının Türkiyə prezidenti haqqında təhqiramiz şeirinə Ankaranın sərt reaksiyası və Almaniya hakimiyyətini satirikə qarşı cinayət işi açmağa məcbur etməsi Almaniya və Avropa mediasında kəskin reaksiya doğurdu. Alman mediası bu hadisələr zamanı Almaniya baş nazirini qaçqın məsələsinə görə Türkiyə hakimiyyətinin qarşısında alçalmaqda günahlandıraraq əslində alman və bütövlükdə Avropa ictimai rəyini Türkiyəyə qarşı qaldırdı. Avropa və alman mediasının reaksiyasından belə anlaşılırdı ki, Türkiyə hakimiyyəti Avropaya qarşı təhdid dili ilə danışır və bunun üçün onu “cəzalandırmaq” lazımdır. Son ayların Avropa mediasının Türkiyə haqqında yazılarının ana xəttini məhz bu təşkil edirdi.
Görünən odur ki, Almaniya parlamentinin son qərarının da əsas məqsədi Türkiyəni və ya türk hökumətini cəzalandırmaq idi. Bunun üçün çox asan bir vasitəyə əl atdılar: “Erməni soyqırımı"nı tanıdılar. Yeri gəlmişkən, Rusiyada da Türkiyə ilə münasibətləri pisləşəndə (təyyarə olayı zamanı) ilk addım kimi “erməni soyqırımı” məsələsini Dumaya müzakirəyə təklif etmişdilər. Rəqiblərin Türkiyənin “yumşaq qarınaltısını” yaxşı bilir. Bu mənada son qətnamə layihəsi cəza və ya qisas adlandırıla bilər. Almaniya siyasiləri bu qətnamə ilə Türkiyəni və onun hakimiyyətini cəzalandırmaq və bununla bir növ Avropa ictimai rəyində yığılmış qəzəbi sakitləşdirməyə çalışıblar.
Təbii ki, bu qərar ermənilərin maraqlarına cavab verdi. Bu qərarı erməni diasporu fəaliyyətinin nəticəsi adlandırmaq da gülünc olardı. Çünki əgər söhbət maraqlardan gedirdisə, nə Ermənistan Türkiyə qədər maraq kəsb edə bilməz, nə də erməni diasporu Almaniyada türklər qədər güclü ola bilməz. Bu qərar Ankaraya cəza məqsədlidir. Bu qərar təbii ki, heç bir hüquqi və ya siyasi məsuliyyət yaratmayacaq. Ancaq Türkiyə hakimiyyətinin Avropa ilə münasibətlərinə yenidən baxması, anlaşmazlıq olan mövzuları yenidən müzakirəyə çıxarmasını tələb edir. Əksinə, veriləcək sərt reaksiyalar vəziyyəti daha da çətinləşdirə bilər.