Almaniyanın 'Ağ kitab'ında Rusiya artıq partnyor deyil, düşməndir

Rusiya artıq Almaniyanın partnyoru yox, rəqibidir.
Musavat.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın milli təhlükəsizliyin əsaslarının müəyyən olunduğu “Ağ kitabı”ın (Türkiyənin “Qırmızı kitab” ına ekvivalentdir-red.) yeni redaksiyasında qeyd olunur.
Alman hökuməti ölkənin milli təhlükəsizlik siyasətinin rəhbər istiqamətlərini və prinsiplərini özündə birləşdirən “Ağ kitab”a yeni dəyişikliklər əlavə edib.
“Ağ kitab”ın yeni redaksiyasında Rusiya artıq milli təhlükəsizliyə yönəlik yeni təhdid olaraq göstərilir deyə alman “Die Welt” qəzeti xəbər verir.
Qəzet qeyd edir ki, “Ağ kitab” a 2006-cı ildən bu yana heç bir dəyişiklik edilməyib.
Yeni redaksiyada isə ətraf dünyanın təhlükəsizlik sahəsində çox dəyişdiyi, “daha mürəkkəb, dəyişkən və çətin proqnozlaşdırılan” olduğu yazılıb.
Qəzet yazır ki Almaniya hökuməti Rusiyanı daha partnyor hesab etmir. Sənəddə qeyd olunur ki, Rusiya öz maraqlarını güc yolu ilə təmin etməyə üstünlük verir. Sənəddə buna sübut olaraq Rusiyanın Krımı rəsmən ilhaq etməsi və Ukraynanın şərqini işğal altında saxlaması göstərilir.
Bundan başqa, “Rusiya Qərbi artıq strateji rəqib olaraq görərək, ondan üz çevirib, habelə Avropa Birliyi sərhədlərində öz hərbi fəlaiyyətini gücləndirib” deyə qəzet qeyd edir.
“Rəsmi Moskvanın götürdüyü bu kurs kökündən dəyişməzsə, Rusiya bütün qitə üçün böyük təhlükəyə çevriləcək” deyə "Ağ kitab"da qeyd olunur.
“Ağ kitab”da Rusiyadan başqa Almaniyanın milli təhlükəsizliyini təhdid edən digər ünsürlər olaraq terrorizm, kibercinayətlər, nəzarətsiz miqrasiya, millətçilik, silahlanma yarışı, qlobal istiləşmə və epidemik xəstəliklər göstərilib.
“Ağ kitab”ın yeni redaksiyası 80 səhifədən ibarətdir. Sənəd Almaniya Müdafiə Naziriliyi və ölkənin təhlükəsizliynə cavab verən digər dövlət qurumları ilə birlikdə hazırlanıb. Sənəd hökumət tərəfindən qəbul edildikdən sonra təqdim olunur.