​Almaniya kəşfiyyatı: Rusiya seçkilərə “müdaxilə edə bilər”

 
Almaniya xarici kəşfiyyat qurumunun rəhbəri deyib ki, Rusiya gələn il keçiriləcək seçkilərə kiberhücumlar vasitəsilə müdaxilə edə bilər.
 
Turaninfo.az BBC-yə istinadla xəbər verir ki, qurumun rəhbəri Bruno Hal "siyasi qeyri-müəyyənliyin" yaradılmasına xidmət edən internet həmlələrindən agah olduqlarını bildirib.
 
"Avropa, xüsusilə də, Almaniya belə müdaxilə cəhdlərinin mərkəzindədir", - Almaniya rəsmisi "Sueddeutsche Zeitung" qəzetinə bildirib.
 
Rusiya ilə bağlı haker qrupları vaxtaşırı kiberhücumların həyata keçirilməsində təqsirləndirilirlər.
 
2017-ci ilin payızında keçiriləcək federal seçkilərin dəqiq günü hələ ki, təyin edilməyib. Lakin hazırkı kansler Angela Merkel öz namizədliyini dördüncü müddətə irəli sürəcəyini bildirib.
 
İlin əvvəlində Almaniyanın daxili kəşfiyyat idarəsi parlamentin kompüter sisteminə müdaxilədə Rusiya dövlətilə əlaqəli olduğu güman edilən Fancy Bear qrupunu təqsirləndirmişdi.
 
Ehtimallara görə bu qrup, həmçinin xanım Merkelin mənsub olduğu hakim Xristian Demokratik İttifaqı partiyasını da hədəfləyib.
 
Oktyabr ayında ABŞ Moskvanı siyasi qurumların hücumu vasitəsilə seçki prosesinə müdaxilədə ittiham etmişdi. Rusiya belə ittihamları daima rədd edib.
 
"Bunun dövlət orqanına aid olduğunu demək texniki baxımdan çətindir. Lakin dövlətin ən azı dözümlü olması və bunu arzu etməsinə dair bəzi dəlillər var", - Almaniya kəşfiyyatının nümayəndəsi deyib.