Almaniya kansleri Türkiyəyə səfər edir

Almaniya kansleri Angela Merkel və aparıcı Aİ rəsmiləri miqrantlara dair razılaşmaya dəstək əlaməti olaraq Türkiyə-Suriya sərhədinə yollanmağa hazırlaşırlar.
Aİ-Türkiyə sövdələşməsi Yunanıstanda sığınacaq qazana bilməyən miqrantların Türkiyəyə qaytarılmasını nəzərdə tutur.
Bir ay əvvəl əldə olunmuş sazişin əleyhdarları mümkün deportasiyaları qanunsuz hesab edirlər. İnsan hüquqları üzrə kampaniya qruplarına əsasən Türkiyə miqrantlar üçün təhlükəsiz ölkə deyil.
Razılaşmaya görə Türkiyəyə göndərilən hər bir suriyalı miqrantınəvəzinə Türkiyədəki düşərgələrdə məskunlaşmış bir suriyalı qaçqın Aİ-də yerləşdiriləcək.
Ankara sövdələşmə əvəzində Avropaya vizasız səyahət istəyib. Razılaşmaya əsasən buna nail olmaq üçün Türkiyə mayın 4-dək 72 tələbə əməl etməlidir.
Lakin diplomatlara görə Ankara yalnız şərtlərin yarısını yerinə yetirib.
Qaziantep şəhərinə baş çəkən Angela Merkel Türkiyənin baş naziri Ahmet Davutoğlu ilə görüşəcək.
Xanım Merkelin səfəri onun miqrantlara dair siyasətinin tənqidi fonunda keçir.
Türkiyə 2.7 milyonadək qaçqın qəbul edib. Onların 10 faizi qaçqın düşərgələrində qalır.