Alman səfirin Azərbaycanla bağlı şifrəli məktubu

Bu dəfəki məktubun məğzini təqdim etməmişdən əvvəl məktubu yazan səfir Von Papen barəsində: Von Papen Adolf Hitlerin 1933-cü ildə iqtidara gəlməsində önəmli rolu olan alman dövlət adamı və diplomatıdır. Eyni zamanda, 1939-1944-cü illərdə Almaniyanın Türkiyədəki səfiri olub. Almaniya-Türkiyə münasibətlərinin qurulmasında əvəzsiz xidmətlər göstərib.
 Və Von Papenin məxfi qrifli məktubu haqqında: Papen İstanbulda Türk agentləri ilə görüşdükdən sonra, yəni 1941-ci il avqustun 5-də Alman səfirliyinin Trabyadakı bağ evindən Almaniya Xarici İşlər Nazirliyinə A 3018/41 saylı hesabat göndərir. Uğur Mumcunun əsərlərindən əldə etdiyimiz həmin məxfi qrifli hesabatı təqdim edirik. Xüsusi olaraq qeyd edim ki, səfirin hesabatında səsləndirdiyi fikirlərlə razılaşmaya bilərik. Ancaq bu tarixi bir sənəd olduğundan, fikirləri olduğu kimi saxlamağı uyğun bildik.
 “Məlumatlarının dürüstlüyünə şübhə etmədiyim agent tərəfindən bildirilir ki, Türk hökumət dairələrini almanların Rusiyadakı uğurları baxımından Türk-Rus sərhəd bölgəsində məskunlaşan soydaşlarının taleyi maraqlandırır. Azərbaycan Türklərinə qarşı isə xüsusi bir həssaslıq göstərirlər. Bu dairələrdə 1918-ci il hadisələrini yenidən yaşama, xüsusilə də neft bölgəsi olan Bakını ələ keçirmə istəyi özünü biruzə verir.
 Bunun üçün Əbdülhəmid dönəmində olduğu kimi müəyyən səlahiyyət sahiblərindən ibarət bir təşkilat yaradılıb. Bu təşkilatın vəzifəsi həm daxildəki köçkünlər arasında, həm də xaricdə, xüsusilə İran Azərbaycanından Xəzərə qədər Türk bölgələrini yeni Türkiyənin ərazisinə birləşdirmək məqsədilə tərəfdar toplamaqdan ibarətdir. Qrupun rəhbəri İstanbuldan seçilən millət vəkili Şükrü Yenibaxçadır (Bu adamın tatarkökənli olduğu iddia edilir).
 Qrupun digər üzvləri isə bunlardır: Nuru Paşa (İslam Ordusunun komandanı, Ənvər Paşanın qardaşı. Eyni zamanda qardaşı Ənvər Paşanın Turan ideyasına xüsusi rəğbətlə yanaşır);
 Professor Zəki Vəlidi (Başqırd): İstanbul Universitetinin professoru, Atatürk ilə aralarında olan mübahisədən sonra Türkiyəni tərk edərək bir müddət Vyanada, Halle və Bonnda qaldı;
 Əhməd Cəfər (Əhməd Səid Cəfər kimi də tanınır): Krım türklərindəndir. Çox qəribə adamdır. Hökumətə agent kimi də işləyir. Ona o qədər də etibar edilmir, general Sikoskinin “Promethaus” təşkilatı ilə əlaqələrinin olduğu deyilir. Eyni zamanda Əhməd Cəfəroğlu adı ilə türkoloq kimi də tanınır.
 Bir müddət əvvəl Ankaraya gələn Kabul səfiri Məmduh Şevkəti də eyni qrupdan saymaq olar. Amma o, dövlətin mövqeyindən bir addım da olsun kənara çıxa bilməz. Məmduh Şevkət yuxarıdakılarla müqayisədə Şərq türklərinə (Şərq türkləri deyiləndə burada söhbət Rusiyanın Şərqində yaşayan türklərdən gedir) yaxınlığı ilə tanınır.
 Ankaradakı hökumət dairələrinin Şərq türkləri ilə bağlı planı Azərbaycanı çıxmaq şərtilə, onları - Volqa türklərini, tatarları, türkmənləri - müstəqil görünən, ancaq özlərinin də burada siyasi və mədəni təsirlərinin olacağı bir Şərqi Türk dövlətində toplamaqdır.
 Lakin onların bu planları Şərq türklərinin istəklərinə uyğun olmadı. Onlar Türkiyədə yaşayan türklərin öz mədəniyyətlərini son illər yox, illər öncə itirdikləri qənaətindədirlər. Hətta Bakıda bunlara “Türkcə danışan Levantenlər” (Levanten Osmanlı imperatorluğu zamanında İstanbul və İzmirdə yaşayan xarici kökənli azlıqlara deyilirdi. R.S.) gözü ilə baxırlar. Buna görə də onlarla nə qədər az ünsiyyət saxlanılsa, bir o qədər yaxşıdır.
 Onların belə deməklərinə bir növ əsas var. Çünki bu proses əsrlər öncədən başlayıb. Osmanlı tarixində sarayı və imperatorluğu idarə edənlərin çoxu türk deyildi. Əksəriyyəti macar, arnavut, ən son Əbdülhəmid dönəmində isə çərkəz və ərəb kökənlilər idi.
 Bu tarixi anlayış və siyasi münasibət Təbrizdə də müəyyən dairələrdəki çıxışlarda tez-tez vurğulanırdı. Təbriz xalqı özlərinin Bakıdakı türklərlə qanbağlılığının olduğunu düşünürlər. Ona görə də, Təbrizdə bu mövzular gündəmdə olur. (Bu hərəkatın öndə gələn liderlərindən birinin hazırda İranda qubernator olması da diqqətləri cəlb edir.)
 Bu günə qədər hərəkat liderinin Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının qurucusu) olduğu deyilir. Rəsulzadə Polşa Baş Qərargahının bir qolu olan “Prometheus” hərəkatinə qoşulub (“Prometheus”- 1919-cu ildə Qalsiyada Qızıl Orduya qarşı döyüşən Polşa ordusunun generalı Sikorski tərəfindən qurulub).
 Rəsulzadə, 1939-cu ildə Polşanın işğalından sonra İsverçrəyə köçürülən baş qərargahın “Pilsudski Fon” adlı fondundan dolanışığını təmin edib. 1940-cı ildə Sikorskini ziyarət edib. Sonra da Buxarestdə polşalı qaçqınlarla birlikdə yaşayıb.  Maliyyə tərəfini nəzərə almasaq, deyə bilərik ki, sağmeylli siyasətçidir. “Promethaus” təşkilatının digər üzvləri bir müddət öncə Almaniyaya qarşı xoş olmayan münasibət göstərdikləri üçün Rəsulzadə məsələsində ehtiyatlı davranmaq məsləhət görülür.
Rəsulzadə Türkiyədə yavəri Mizə Bala tərəfindən təmsil olunur (Mirzə Bala İstanbulun yaxınlığında Türkiyə ordusunda xidmət edir. Onun haqqında fikir yürütsək, müəlliminə inanmış şagird deyə bilərik).
 Etibar etdiyimiz agentin sözlərinə görə, bunlarla işləməyə dəyər. Başqa bir agentimizə görə, bütün bu yaşlı gözətçilərlə heç bir iş görmək lazım deyil. Bunların həm keçmişləri, həm də qarışdıqları pul məsələləri baxımından yeni Azərbaycan dövlətində etibarlı olacaqlarına inanmaq olmaz.
 Bu yeni Azərbaycan dövləti Şərq türklərinin yükünü götürmək istəmir. Onların sözlərinə görə, Şərq türkləri, Volqa türkləri, tatarlar, türkmənlər və s. hər hansı formada bir birlik qurmadıqlarına görə, bundan başqa da iqtisadiyyatlarının zəif olması üzündən müstəqillik əldə edə bilməzlər. Bunun üçün onlar uzun bir təkamül yolu keçməlidirlər. Azərbaycanın inqilab hərəkatı bunları yetişdirmək üçün özlərini borclu hesab etmir.
 Agentimiz bütün şərtlərə qarşı bu missiyanın ruslara verilməməsinin və hadisələrdə həlledici faktorun alınması üçün almanların təşkilatlanaraq bu yöndə eksperiment aparmalarının lazım olduğunu deyir.
 Almaniya Cənub-Şərqdə əlindən gəldiyi qədər güclü bir dövlət quraraq rusları daim nəzarət altında saxlamağa çalışmalıdır. Ukraynalılar slavyan mənşəlidirlər, bolqarlar və serblər kimi hər an keçmişlərini xatırlaya bilərlər. Ancaq türklər üçün belə bir problem yoxdur.
 İran hökumətinin də Azərbaycan türkləriylə həddindən artıq maraqlandığını söyləyəndə, agentimiz bunun da aydın şəkildə cavabını verdi:
- “Bu gün İranda farslar qədər türklər də var. Şahın özü türk soyuna mənsubdur. Bu səbəblə, əgər şaha xüsusi təminatının olacağı açıqlanarsa və o da bu yolla siyasi müstəqilliyini əldə tuta biləcəyinə inanarsa, İran-Ərəb dövlətini yalnız bir qələm oynatmasıyla qarışıq xalqlardan ibarət olan bir dövlətə çevirə bilər. Bu hadisələr eyni zamanda Təbrizin qubernatorunun hərəkatda oynadığı rolu da açıq ortaya qoyur”.
 Von Papen bu uzun hesabatının sonuna belə bir qeyd etməyi də unutmayıb: “Ankarada, Rusiyanın şərqində yaşayan türklərin problemlərinin həll olunmasında yaxından maraqlanan general Hüseyn Hüsnü Əmir Erkiletdir. Özü isə tatar kökənlidir”.